46 saylı Sumqayıt beşinci seçki dairəsində hazırlıqlar tamamlanıb

4 Fevral 2024 16:11 (UTC+04:00)

“46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə qeydiyyatda olan 50 mindən artıq seçici fevralın 7-də müvafiq olaraq 40 seçki məntəqəsi üzrə səsvermə hüququndan yararlana biləcəklər. Sözügedən seçki dairəsi yeni yaradılıb və şəhərin 3-cü mikrorayon, 15, 17, 18, 34, 36, 41, 76-cı məhəllərini, Stansiya Sumqayıt, Ceyranbatan qəsəbələrinin bir hissəsini, Kimyaçşı qəsəbəsini, Xəzri yaşayış massivini, H.Z.Tağıyev qəsəbəsini özündə birləşdirir”. SİA xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 46 saylı Sumqayıt beşinci dairə seçki komissiyasinin (DSK) sədri Elgün Hümbətov deyib.

E.Hümbətov bildirib ki, seçki dairəsi üzrə 200-dən artıq ilk dəfə səs verən seçici qeydiyyatdadır. 10-a yaxın seçici isə 80-100 yaş aralığında olan şəxslərdir:

“Bütün məntəqə seçki komissiyası üzvləri üçün təqvim planı üzrə treninqlər təşkil olunub. Həmin treninqlərdə müvafiq seçki komissiyalarının vəzifə və hüququları, seçki günü ilə bağlı prosedur qaydaları haqda əyani təlimlər keçirilib. Seçki dairəsi üzrə 5 məntəqə veb-kameralarla təchiz olunub. Dairə üzrə məntəqə seçki komissiyaları ilə mütəmadi əlaqələr saxlanılır, bülletenler paylanıb. Seçki dairəsi üzrə 400-dən artıq müşahidəçi qeydə alınıb. Bundan başqa, qeydiyyatdan çıxma vəsiqəsi alan seçicilər də var".