"Bir insan rəssam olmaq istəyirsə, incə ruha, həssas qəlbə sahib olmalıdır" - RƏSSAMLA MÜSAHİBƏ

2 Fevral 2024 16:30 (UTC+04:00)

Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvü Aynur Rüstəmovanın SİA-ya olan müsahibəsini təqdim edirik.

-Nəyə görə rəssam olmaq istədiniz?

-Qeyd edim ki, uşaqlıqdan sevgi ilə böyüyən bir qız uşağı olmuşam. Rəssamlığa marağım atamın bizə verdiyi əvəz olunmaz sevgi, insanlara hörmətlə yanaşma, təbiəti sevmək, mərhəmət sahibi olmasından irəli gəlib. Bir insan rəssam olmaq istəyirsə, ilk olaraq incə ruha, həssas qəlbə və mərhəmət hisslərinə sahib olmalıdır. Məndə bu hisslər yetərindən artıq olduğu üçün bir də gördüm ki, mən rəssamam və bu yolda addımlayıram.

-Rəsm çəkərkən özünüzə xüsusi bir mühit yaradırsınız?

-Bəli, mən rəsm çəkmək istədiyim zaman gecə, hər kəsin yatmasını gözləyirəm və yaxud emalatxanada ən yaxın dostum belə olsa, dərhal tək qalmaq istəyirəm. Olmazsa-olmaz dediyim musiqi ilə istədiyim abu-havanı yaradıram. Mən rəsm çəkərkən istəyirəm ki, mənə aid köşə, qoxu olsun və yanımda kətandan, boyadan, fırçamdan başqa heçnə istəmirəm. Hətta elə olur ki, rəsm çəkmək üçün gözəl geyinir, ətir vurub elə əyləşirəm. Mənim üçün çox önəmlidir işimə sevgi ilə yanaşmaq.

-Rəsmlərinizdəki əsas ideyanız nədir?

-Məsələ həmin an yaşadığım ruh halı ilə bağlıdır. Bəzən rəngarəng idealar gəlir ağlıma, bəzən də rəsmlərdə bütün dünyadan özünü gizlətmiş qadın. Mən rəsm çəkərkən insanların istəklərini də nəzə alıram, onların hansı mövzuları xoşladıqlarına üstünlük verirəm. Ümumiyyətlə rəssamların insana baxışı çox fərqlidir. Siz bir ağacı sadəcə ağac olaraq görə bilərsiz, lakin biz o ağacda insan cizgisi, fiqur, həyat görə bilərik. Bundan əlavə, məsələn söküntülü evə getdiyinizdə siz oranı sadəcə xaraba- xana olaraq görə biləsiz, amma bizlər orda rənglər, kölgə və s. tapırıq. Rəssamların yaradıcı insanlardan fərqi budur ki, həyata, insanlara yanaşmamız fərqlidir. Şair hisslərini qələmə necə köçürdüb, yazırsa, rəssam da hislərini, düşüncələrini rəsmə köçürdür. Həyatda o qədər gözəl, çəkiləsi rəsmlər var ki, bu günü-gündən insanı daha da bu işə bağlıyır. İnsan istəyir gedib tez çəksin, o anı ölümsüzləşdirsin. Mənim idealarım daha çox qadınla bağlıdır, çünki bütün gözəlliklərin hamısı bir qadında toplaşır. Bir qadında axtardığın hüzün, sevgi, kədər, çılğınlıq hərşeyi görə bilərsən.

-Yaratdığınız əsərlər istədiyiniz kimi dəyər görürmü?

- Mən elə bir insanam ki, mən gözləmirəm mənim əsərlərimə kimsə dəyər versin, mən onsuz da dəyərli rəsmlər çəkirəm. Mənim üçün heçbir maddi dəyər rəsmlərimdən dəyərli ola bilməz.
Ümumiyyətlə rəssamların insana baxışı çox fərqlidir. Rəssamların həyata,insanlara yanaşması fərqlidir.
Düşünmürəm ki, bizim ölkədə sənətə dəyər vermirlər. Ali cənab, səviyyəli, hörmətli, dünya görmüş insan onsuz da sənətə dəyər verir. Onlar əl işlərini fərqləndirə bilirlər. İnsanın çəkdiyi rəsm ona doğmalaşır, ona öyrəşirsən və bunu satanda əlbəttə ki, hüzünlü oluram. Mən gözəl rəsmlər çəkdiyimi bilirəm və öz qabilliyətimin fərqindəyəm. Cənab prezidentimiz İlham Əliyev daim sənət sevənlərin yanındadır, bir çox sərgilər keçirdir, onlara dəstəkdir.

-Son olaraq gənclərə, rəssam olmaq istəyənlərə, bu işə yenicə başlayanlara nə demək istərdiniz?

- Belə qeyd edim ki, bu sənəti istəyən hərkəs bundan vazkeçməməlidir. Dəfələrlə istədiyi rəsmi çəkə bilməsələr belə bundan qaçmasınlar. İstədiyivizi, beyninizdə, xəyalınızda olan mövzunu alındırana qədər çəkməyə cəhd göstərin. Hər gün çalışın, maraqlı rəsmlər çəkin, günü-gündən özüvünü inkişaf etdirin. Dünyada tanınmış bir çox rəssamlar və onların tabloları ilə tanış olun. İnanıram ki, bir gün istədiyiniz yerdə olacaqsız.

Sevilin Abbasova