"Son vaxtlar ayrı-ayrı respirator infeksiyaların, virus infeksiyalarının şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla deyib.

Həkim bildirib ki, bunların arasında koronavirus, "Omikron" ştammının mutasiya variantları, respirator sinsitial virus, qrip digər infeksiyalar var. Təxminən oxşar mənzərələr yaradırlar: "Öskürək, qızdırma, hərarət, halsızlıq, zəiflik, bel, əzələ ağrıları və sair əlamətləri göstərmək olar. Bu əlamətlər bir-birinə oxşar olduğuna görə bəzən xəstəliyi başlanğıcda fərqləndirmək çox çətin olur. Biz bu gün xeyli insanda kəsilməyən uzunmüddətli amillər - öskürəyin, burun axmasının, halsızlığın olmasını, tez-tez xəstələnməyi müşahidə edirik. Qeyd edim ki, bu gün Avropada koronavirusun xeyli yayılması müşahidə edilir. Bu, pandemiyanın yenidən alovlanması deyil, ola da bilməz. Çünki infeksiya zənciri qırılıb. Xırda epidemiyalar davam edir. Hələ bu proses bir müddət davam edəcək. Yəqin ki, koronavirus bununla da yoxa çıxacaq. Sadəcə hər il bu vaxtlar pandemiya xaric müxtəlif virus infeksiyalarının tüğyan etdiyi dövr olurdu. Nəzərə alsaq ki, epidemioloji vəziyyət bir az da pisləşib. Qızılca yeni formada ortaya çıxıb, əksər ölkələrdə yayılıb. Təkcə Böyük Britaniyada qeyd edilib ki, 30 mindən çox uşaq təhlükə altındadır. Epidemioloji hal dünyanın hər yerində narahat vəziyyətdədir, o cümlədən Azərbaycanda".
Önləyici tədbir kimi nə etməliyik?
Koronavirus pandemiyasından bilirik ki, şəxsi gigiyena qaydalarını gözləmək ən mühüm şərtdir. Xəstələnən şəxsin evdə yataq rejiminə keçirilməsi şərtdir. Həkim nəzarəti altında da müalicə davam etdirilməlidir. Bu şəxslərlə sağalana qədər kontakt mümkün qədər məhdudlaşdırılmalıdır. Hər xəstəliyin yoluxuculuq dövrü var. Həmin dövrdə diqqətli olmaq lazımdır. Xəstəliyin ağırlaşmaması üçün də həkim məsləhətləri dinlənilməlidir.
Qızılca ilə bağlı vaksinasiya davam etməlidir. Hal-hazırda dünya Səhiyyə Təşkilatı qızılca ilə bağlı məsələləri araşdırır. Yəqin ki, yeni dövrdə istər vaksinlə, istərsə də digər profilaktik tədbirlərlə bağlı müəyyən məsləhətlər ortaya çıxacaq. Amma vaksin olunmaq uşaqlar üçün vacibdir" - deyə həkim əlavə edib.