“Ailə cəmiyyətin əsas sosial institutlarından biridir. Sosial funksiyalar yerinə yetirən ailə cəmiyyət həyatında böyük əhəmiyyət daşıyır. Əslində dərindən təhlil etsək ailə institutunun mövcudluğu, onun gələcək inkişafı dövləti də çox ciddi düşündürməlidir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov bildirib.
Onun sözlərinə görə, bir ölkə üçün əhali artımı məsələsi ilk öncə ailə institu ilə bağlıdır: “Ona görə də yeni qurulan ailələr, münasibətlər, ailənin möhkəmliyi, inkişafı həm cəmiyyət həyatı üçün, həm də dövlət üçün böyük əhəmiyyət daşıyır. Bir fərd dünyaya gəldiyi ailədə öz doğma dilini mənimsəyir, məktəbə getməzdən əvvəl uşaqlar doğulduğu ailədə öz dillərini eşidir və ailənin mənsub olduğu milli, dini dəyərləri mənimsəyirlər. Tədricən yaş mərhələlərinə keçdikcə bu ailənin üzərinə düşən bu sosiallaşma funksiyası digər sosial institutlarda davam edir. Müasir dövrdə Azərbaycanda sosioloji müşahidələrimiz göstərir ki, cütlüklər arasında əlbəttə ki, normal münasibətlərin qurulduğu ailələrimizin sayı kifayəf qədərdir. Lakin açıq etiraf etməliyik ki, ən azından bugünki boşanmaların, ailədaxili münaqişələrin statistik göstəriciləri belə deməyə imkan verir ki, kifayət qədər problemlər də var. Əgər problemlər olmasaydı, təbii ki sual yaranardı. Nə üçün bu qədər boşanmaların sayı artan tendensiya üzrə inkişaf edir? Deməli münasibətlərdə hansısa gərginliklər var və bu səbəbdən boşanmaların sayı artır, xoşagəlməz məsələlər müşahidə olunur.
Mən bu gün ailələrdə baş verən xoşagəlməz hadisələr, cütlüklərarası anlaşılmazlıqlar, münasibətlərdəki gərginlik və bu gərginliyi yaradan səbəblər, amillər haqqında çox geniş danışa bilərəm. İlk çıxış yolu maariflənməkdir, çünki əgər biz gənc ailələrdən bəhs ediriksə maarifləndirici tədbirlərinə ehtiyac olduğunu düşünürəm. Cütlüklər ailə qurmağa nə qədər hazırdır? Yəni ailə qurmamış Azərbaycan gəncləri arasında və yaxud da ailə quracaq gənc ailə katoqoriyası ilə iş aparılmalıdır. Biz gözləməli deyilik ki, gənclər ailə qursunlar münasibətlərdə gərginliklər sonradan yaransın, heç düşünmədikləri problemlərlə üzləşdikləri zaman bu münasibətlərin kəskinləşdirməsinə gətirib çıxartsın. Ona görə də prosesə daha əvvəldən gənclər arasında ailə dəyərləri ilə bağlı geniş, maarifləndirici işlərin aparılmasına hər zaman ehtiyac var. Biz nəzərə almalıyıq ki, müasir gəncin bu gün virtual olaraq geniş ünsiyyət yaratmaq imkanları yaranıb. Münasibətlər yeni bir xarakter alıb və yaxud o informasiya texnologiyalarının yaratdığı yeniliklərdən müasir gənclər nə dərəcədə pozitiv istiqamətdə faydalanmış olurlar. Maarifləndirici işimizin mahiyyətində gəncləri zərərli vərdişlərdən uzaq durmağa yönəlik fəaliyyətlər olmalıdır. Bu istiqamətdə biz dövlət, cəmiyyət olaraq çox ciddi iş aparmalıyıq. Müəyyən zamandan sonra onun müsbət nəticələrini də görə bilərik. Gənc ailələrdəki münasibətlərdəki gərginlik çox zaman həyat bilgisinin, təcrübəsinin çatışmazlığı ucbatından olur və orada sosial-psixoloji amillər də rol oynayır, biz bunu inkar edə bilmərik".
A.Həsənov tövsiyyə edir ki, gənclər ailə qurmazdan əvvəl bir-birini kifayət qədər dərindən tanımağa cəhd göstərsinlər, meyil etsinlər, öyrənsinlər: "Çünki dünyagörüşlər, fərdlərin önəm verdiyi dəyərlər sistemi, həyata dair baxışlar fərqli ola bilər, yəni tanıdıqdan sonra qərar vermək lazımdır. Zahiri görünüşcə bir-biri üçün cazibədar olan fərdlər, sosial psixoloji baxımdan bir-birinə zidd xarakaterə sahibdirlər və bu əlbəttəki sonda münaqişələrə, boşanmalara gətirib çıxaracaq. Digər tərəfdən isə artıq bu fakt kimi bizim qarşımızdadırsa və kifayət qədər gənc ailələrdə probləmləri görürüksə, geri dönüş yolu arzuolunan deyil.
Gənc ailələrlə sosial iş aparılmalıdır. Qeyd edim ki, Azərbaycanda sosial iş ixtisası universitetlərdə artıq açılıb və bu ixtisas üçün tələbələr qəbul edilir. Artıq bu sahə, istiqamətlər üzrə müxtəlif işçi kadrlar universitetlərdə hazırlanmaqdadır. Ölkəmizdə demək olar ki, ailə psixoloqlarına nadir hallarda rast gəlinir. Əslinə qalanda biz inkişaf etmiş bir çox ölkələrdən nümunələr gətirə bilərik ki, hər ailənin daimi olaraq yaşadığı ərazidə müraciət etdiyi psixoloqlar var. Hətta onlar evə gələ bilir, yerindəcə yardım edə bilirlər. Gənc ailələr ümumiyyətlə həssas katoqoriyaya daxildir və istər sosioloq, istərsə də psixoloqlar gənc ailələrlə iş aparmalıdır.
Bunu ailə özü qarşılamalıdır və Azərbaycanda buna nə qədər ailələrin imkanı çata bilər? Risk qrupuna daxil olan ailələri müəyyənləşdirib, dövlət dəstəyi ilə sosial işçilərin ailələrə göndərilməsi, onlara sosial yardımın göstərilməsi işinin təşkili çox müsbət nəticələr verə bilər. Ailə cəmiyyətin ən mühüm institudur, ailə cəmiyyət həyatı üçün vacib funksiyalar yerinə yetirən bir sosial institdur və biz onun sadəcə bir neçə funskiyasından bəhs etdik. Ona görə də ailənin qorunması, inkişaf etdirilməsi dövlət tərəfindən də həyata keçiriləcək əhəmiyyətli, nəticə verə biləcək tədbirlərdən də asılıdır. Gənclər ailənin dəyərini bilsinlər, ailə dəyərlərinə sadiq qalsınlar və ailədaxili münaqişələrin çıxmamağı üçün münasibətlərin normal səviyyədə inkişaf etməsi üçün qarşılıqlı anlaşma mühiti yaratsınlar. O zaman ailədaxili münaqişələr riski mininuma enəcək və ailə bir sosial institut olaraq daha da möhkəmlənəcək. Azərbaycanın bütün ailələrini, özəlliklə də gənc ailələrini belə görmək istəyirik”.
Sevilin Abbasova