Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2023-cü il
Təbii fəlakətlərə qarşı mübarizədə Azərbaycan təcrübəsi
Bu gün biz müxtəlif problemlərin tüğyan etdiyi bir dünyada yaşayırıq. Gözləmədiyimiz bir halda elə təbii fəlakətlərlə üzləşirik ki, bu geniş miqyasda dağıntıya və çoxlu insan tələfatına səbəb olur. Zəlzələlər, torpaq sürüşmələri, daşqınlar, qasırğa və digər təbii fəlakətlər bütün dünyanı öz cənginə alıb. Təbii ki, bütün bunların ilkin səbəbi hal-hazırda planetimizin qeyri-humanist münasibətlərin real hədəfinə çevrilməsidir. Əgər dünyamız həddindən artıq nüvə, döyüş sursatı ilə yüklənirsə, dağıdıcı, viranedici müharibələrin meydanına çevrilirsə, hansı normal həyat tərzindən söhbət gedə bilər?
Bir çox mənfi amillər də dünyanın ekosisteminə ziyan vurmaqdadır. Yaşadığımız elmi-texniki inqilab əsrində Yer üzündə əhalinin sürətlə artması, yeni-yeni təbii ehtiyatların istifadəyə verilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi, texniki tərəqqinin sürətləndirilməsi ətraf mühitə öz təsirini göstərməyə bilməz. Texniki tərəqqinin nailiyyətləri bir tərəfdən əhalinin təbiətdən asıllığını azaldırsa, təbii ehtiyatlardan səmərəli istifadəni asanlaşdırırsa, digər tərəfdən də bu nailiyyətlərdən düzgün istifadə olunmaması ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Belə ki, hava, dəniz, şirin su hövzələri çirklənir, meşələr məhv olur, torpaq örtüyü sıradan çıxır, nadir bitki və heyvan növlərinin sayı azalır...
Göründüyü kimi, təbiətlə harmonik münasibət qurulmadıqda bu cür ciddi problemlər yaranır. Məsələn, yerdə həyatın yaranması və inkişafını təmin edən amillərdən biri olan atmosferə diqqət çəkək. Atmosfer hər şeydən öncə tənəffüs almaqdan ötrü canlı orqanizmlər üçün həyati əhəmiyyət kəsb edir. Əgər insan qidasız 60 gün, susuz 6-7 gün qala bilərsə, havasız 4 dəqiqədən artıq yaşaya bilməz. Yerdə enerji və maddələr mübadiləsinin həyata keçirilməsində mühüm rol oynayan atmosferin çirklənməsi bu gün əsas ekoloji problem kimi qarşıda durur. Qeyd edək ki, bu çirklənmə sənaye, nəqliyyat və s. sahələrdə çox böyük həcmdə müxtəlif yanacaq növlərindən səmərəsiz istifadə ilə bilavasitə bağlıdır. Bu sahələrdən hər il havaya 20 milyard tondan artıq bərk və qaz halında hissəciklər daxil olur. Mineral yanacağın və müxtəlif növ tullantıların yandırılmasından əmələ gələn karbon turşusu və sulfidli qaz atmosferin temperatur rejiminə, optik xassələrinə, ayrı-ayrı regionların hava şəraitinə mənfi təsir göstərir. Tədqiqatçıların dediyinə görə, sulfidli qazlar turş yağışlar əmələ gətirir. Avropada və Şimali Amerikada geniş yayılan bu yağışlar meşələri, şirin su hövzələrindəki canlı aləmi məhv edir, kənd təsərrüfatı məhsullarının keyfiyyətini və məhsuldarlığını aşağı salır. Havaya zərərli maddələrin daxil olmasının qarşısını almaq bu gün istehsal texnologiyasının daha da təkmilləşdirilməsini və müasir avadanlıqlardan düzgün istifadə olunmasını ön plana çəkir. Qeyd edək ki, yaşıllıqlar da atmosferin tənzimlənməsində mühüm rol oynayır. Təkcə bunu demək kifayətdir ki, bir hektar meşə sahəsi bir ildə 18 min kubmetr havanı zəhərli maddələrdən təmizləyir və 10-20 tona yaxın karbon qazı udur.
Atmosfer canlı orqanizm, tənəffüs üçün nə qədər mühüm əhəmiyyət kəsb edirsə, su da həyat üçün bir o qədər böyük əhəmiyyət daşıyır. Xəzər dənizi neft, qaz və başqa xammal ehtiyatları ilə yanaşı, canlı aləmlə də çox zəngin bir hövzədir. Nadir balıqlar, quşlar, su bitkiləri, onurğasız heyvanlar... bu hövzənin əvəzolunmaz sərvətidir. Dünyada ağ balığın 70 faizi, qara kürünün demək olar ki, hamısı Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan, Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan və İra İslam Respublikasının hesabına istehsal olunur.
Lakin çox təəssüf ki, Xəzərin də ekoloji vəziyyəti heç də qənaətbəxş deyil. Ümumiyyətlə, dəniz və okeanların suyu ən çox neft və neft tullantıları ilə çirklənir. Suyun üzərində əmələ gələn neft pərdəsi oksigenin sərbəst hövzəyə daxil olmasına mane olur, bu da canlı aləmi, bioresursların həyatını təhlükə qarşısında qoyur. Xəzərin məişət tullantıları ilə çirklənməsi ordakı canlı aləmin tükənməsinə, qiymətli balıq növlərinin azalmasına və yox olmasına səbəb olur...
Yeni əsrin başlanğıcında bəşəriyyət artıq iqlim dəyişmələri və onun fəsadları, bioloji müxtəlifliyin getdikcə azalması, Ozon qatının dağılması, hidrosferin çirklənməsi, turş yağışlar və s. bu kimi qlobal ekoloji problemlərlə üz-üzədir. Təsadüfi deyil ki, müasir ekoloji vəziyyət həyəcan siqnalı çalaraq bütün dünyada haqlı olaraq narahatlıq doğurur. Elə buna görə də Beynəlxalq birlik iqlim dəyişmələri və onun fəsadlarına qarşı mübarizədə həmrəylik nümayiş etdirərək keçən il dekabrın 9-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 sammitində bir araya gəlib. Həmin sammitdə son illərdə Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini və qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirilib. Dekabrın 11-də keçirilən plenar iclasda isə növbəti COP29 sammitinə məhz Azərbaycanın ev sahibliyi etməsi haqqında yekdilliklə qərar qəbul olunub. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu qərara görə Şərqi Avropa Qrupu Dövlətlərinə minnətdarlığını bildirərək demişdir:
-Qarşılaşdığımız problemlər, kollektiv fəaliyyət razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etməsi üçün ölkəmizin namizədliyini dəstəkləməsi bu günkü uğurumuzda həlledici rol oynayıb... Biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyirik...
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev həmçinin COP29 sammitinin prezidenti seçilib.
Bəs COP 29-un mahiyyəti nədir? Qeyd edək ki, bu, Tərəflərin konfransı adlanır və adındakı rəqəm isə tədbirin sayca 29-cu olduğunu göstərir. Bu tədbirin keçirilməsində məqsəd dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq və bu istiqamətdə ekoloji irəliləyişə nail olmaqdır.
COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi Beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadın, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin mühüm göstəricisidir. Bu, o deməkdir ki, COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, yaşıl ideyalar, yaşıl proqramlarla bağlı məsələlərə Azərbaycan platformasından baxılacaq və onun təcrübəsi öyrəniləcək. Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin COP29-a ev sahibliyi etmək üçün ölkəmizi dəstəklədiyini böyük uğur kimi səciyyələndirən Prezident İlham Əliyevin sözlərinə görə, “Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək...”.
Qeyd edək ki, COP28 sammitində Azərbaycanın fəal iştirakı hər şeydən əvvəl ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfə verməsinə əsaslanır. Təsadüfi deyil ki, 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar cənab Prezident sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Belə ki, Azərbaycan 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Bu məqsədlə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Eyni zamanda ölkəmiz baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
Ümumiyyətlə, cənab Prezidentin sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.
Keçmişə nəzər saldıqda görürük ki, Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları həmişə dəstəkləyən və buna samballı töhfə verən dövlət olub. Respublikamız 1995-ci ildə BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib, Milli Məclisin 18 iyul 2000-ci il tarixli qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan həmçinin BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Ölkəmiz yuxarıda qeyd etdiyimiz kimi, COP tədbirlərində fəal iştirak edir. Xatırladaq ki, Prezident İlham Əliyev keçən il dekabrın 1-də Dubay şəhərində BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyət Sammitinin açılış mərasiminə qatılıb. Dövlət başçısı ötən il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş, Nailiyyətlər və çətinliklər” forumunda bildirib ki, “Azərbaycan indi isə COP29 kimi növbəti Beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırdır. Bizim göstərə biləcəyimiz nailiyyətlər çoxdur...”
Təbiətə humanist münasibətin kökü hələ Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə gedib çıxır. Ulu Öndərin demək olar ki, əksər çıxışlarında əsrarəngiz və zəngin Azərbaycan təbiətinin hamılıqla mühafizə edilməsinə, ekoloji tarazlığın qorunub saxlanmasına həmişə çağırışlar olub. Eyni zamanda Heydər Əliyevin imzaladığı bir çox sərəncamlarında təbiətə və ətraf mühitə qayğının davamlı təzahürlərini görürük. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə fərmanı, “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı, sosial-iqtisadi inkişafa dair Milli Proqram”, “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ı və digər dövlət sənədlərini buna misal göstərmək olar.
Prezident İlham Əliyev ötən 20 illik dövlət fəaliyyətində müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndərin ekoloji siyasətini uğurla davam etdirib. Belə ki, hələ 2006-2010-cu illər üçün “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinə dair Dövlət Proqramı” qəbul edilib. Həmin proqramın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublika ərazisində “Hər kəs bir ağac əksə...” layihəsi həyata keçirildi. Bu nəcib və xeyirxah təşəbbüsə demək olar ki, bütün ölkə əhalisi qoşuldu. Respublika ərazisində milyonlarla müxtəliv növ ağac əkildi, yeni yaşıllıqlar salındı, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq edildi, səliqə-səhman işləri görüldü. Eyni zamanda dahi Azərbaycan şairi İmadəddin Nəsimim 650 illik yubileyi münasibətilə keçirilən ümumxalq iməciliyində 650 min ağac əkildi. Həmçinin İDEA İctimai Birliyin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən ağacəkmə aksiyasında geniş miqyasda abadlıq və yaşıllaşdırma işləri görüldü.
Möhtərəm Prezidentin sərəncamı ilə 2023-cü ilin Ulu öndərin 100 ilik yubileyi münasibətilə “Heydər Əliyev ili” elan olunması da respublikada ekoloji durumun yaxşılaşmasına müsbət təsir göstərdi. Çünki il ərzində bir çox başqa tədbirlərlə yanaşı ekoloji maarifləndirmə tədbirlərin də həyata keçirilməsinə yer ayrılmışdı. Məhz Ümummilli liderin yubileyi ilə əlaqədar Çexiya və Azərbaycan xalqlarının dostluq rəmzi kimi Lənkəranda “Dostluq” parkı salındı. Eyni zamanda keçən ilin noyabrında Lənkəranda daha bir möhtəşəm respublika tədbirinə start verildi. Bu, “Qırmızı kitab”a düşən nadir quşların məskəni sayılan Qızılağac Milli Parkında keçirilən “Flaminqo festivalı” idi. Bu yerin daimi sakini olan Flaminqo quşunun şərəfinə keçirilən festivalda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, rayonların İcra başçıları, respublika ictimaiyyətinin nümayəndələri, adlı-sanlı təbiətşünas alimlər, tələbələr... iştirak edirdilər...
Ötən il həmçinin ölkəmizin ekoloji həyatında daha bir mühüm hadisə ilə yadda qaldı. Lənkəranda qədim Hirkan meşələrinin mühafizəsi YUNESKO-nun dünya İrs siyahısına daxil edildi. Təbii ki, bu da Azərbacanda uğurlu ekoloji siyasətin daha bir təzahürüdür.
İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti dövründə ölkəmiz bütün sahələrdə sıçrayışlı inkişaf yolu keçdi. Azərbaycan Qafqazda lider dövlətə çevrildi, onun Beynəlxalq nüfuzu daha da artdı, dövlət müstəqilliyimiz Ulu öndərin təbirincə desək, “dönməz və əbədi” oldu. Azərbaycanın şanlı tarixində silinməz iz qoyan bu dövr xalqımızı beynəlxalq ictimaiyyətə qalib xalq kimi tanıdan, ona qürur yaşadan böyük zəfərin təntənəsi ilə yekunlaşdı. Məlum olduğu kimi, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, böyük sərkərdəlik bacarığı və Azərbaycan əsgərinin qəhrəmanlğı sayəsində tarixi ədalət bərpa olundu. Azərbaycan 44 günlük Qarabağ müharibəsi və 23 saatlıq antitterror əməliyyatı zamanı 30 ildən çox işğal altında qalan torpaqları tamamilə azad etdi. Lakin mənfur düşmən 30 illik işğal dövründə Qarabağı elə bir vəziyyətə salmışdı ki, elə bil ki, bu bölgədə heç zaman həyat olmayıb. Ekosistem də tamam məhv edilmişdi. İşğaldan qurtulmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, böyük qayıdış proqramı həyata keçirilir. Vaxtilə dədə-baba yurdlarından qovulmuş insanlar mərhələli qaydada doğma yerlərinə qayıdırlar. Lakin bununla belə burada hər addımda düşmən vəhşiliyinin, vandalizmin izləri görünür. Xüsusilə Qarabağın füsunkar təbiətinin bərpası üçün illər lazımdır. Nəzərə alaq ki, düşmən Qarabağın bəlkə bütün torpaqlarını minalarla çirkləndirib. Hələ döyüş meydanında şəhid olanlardan əlavə mina qurbanlarının, xəsarət alanların da sayı az deyil. Təbii ki, insanların məhv olmasında düşmən maraqlıdır. Çünki bu, Qarabağda həyata keçirilən soyqırım siyasətinin tərkib hissəsidir. Yaşıl genosid nəticəsində əsrarəngiz Qarabağ təbiətindən bir əsər-əlamət qalmayıb. Məhz buna görə də “Yaşıl dünya naminə həmrəylik ili”ndə Qaradağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin mühafizəsinə də xüsusi diqqət yetirilir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq olunur, ekosistem bərpa edilir...
Lakin azğın düşmən döyüş meydanındakı məğlubiyyətlə barışmaq istəmir, kor tutduğunu buraxmayan kimi inadından, bədxah niyyətindən əl çəkmir, Qərbdəki havadarlarının yanına qaçaraq kömək istəyir. Erməni yalanları yenə bütün Avropanı cənginə alıb. Təəssüf ki, erməni lobbisinin yalanları, hiyləgərliyi Fransanın, Almaniyanın və Avropa İttifaqının geosiyasi maraqları ilə üst-üstdə düşür. Minsk qrupunun həmsədrlərindən biri kimi Cənubi Qafqazda təsir gücünü itirən Fransa 30 ildən çox işğal altında qalan torpaqlarını azad edən, suveren hüquqlarını bərpa edən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. Fransa senatının, Avropa parlamentinin həyasızcasına qəbul etdiyi anti Azərbaycan qətnamələrini buna misal göstərmək olar. Ölkəmizə qarşı Qərbin qərəzli mövqeyi indi də davam edir. Fransa Cənubi Qafqazda gərginliyi artırmaq, öz maraqlarını ortaya qoymaq üçün Ermənistandan bir vasitə kimi istifadə edir. Bu məqsədlə qonşu ölkəyə hətta hərbi yardım da göstərilir. Bir sözlə, 30 il Azərbaycanın haqq işinə göz yuman, Qarabağın təbii sərvətlərini talan edən Fransanın ağzında necə deyərlər hələ də şirə qalıb.
Xatırladaq ki, 44 günlük müharibədə böyük zəfər çalınsa da, ölkəmizin suverenliyi hələ tam bərpa olunmamışdı. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd erməni separatizminin yuvasına çevrilmişdi. Fürsətdən istifadə edən separatçılar və onların Qərb havadarları bu ərazidəki təbii sərvətləri, xüsusilə qızıl yataqlarını istismar edərək daşıyır, mövcud ekosistemi məhv edirdilər. Təbii ki, bu talançılığın qarşısını almaq üçün ekofəallarımız etiraz aksiyasına qalxdılar. Aksiya aylarla davam etdi. Lakin dünyaya demokratiya dərsi verən Fransa və digər Qərb havadarları susaraq öz çirkin, bədxah niyyətini açıq-aydın nümayiş etdirdilər. Lakin ekoloji talançılıq bu cür davam edə bilməzdi. Qərbə qucaq açan separatizmin yuvası dağılmalı idi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi 23 saatlıq antiterror əməliyyatı ilə ölkəmiz öz suveren hüquqlarını tam bərpa etdi. İndi həmin ərazilərdə də tikinti-quruculuq işləri ilə bərabər ekosistem də bərpa olunur, böyük qayıdış proqramı çərçivəsində geniş yaşıllıqlar salınır...
Göründüyü kimi, dünya dövlətlərinin narahatçılğı heç də təsadüfi deyil. İqlim dəyişmələrinin fəsadlarına qarşı bütün səylər birləşdirilməlidir. Təbii fəlakətlər baş vermədən qabaqlayıcı maarifləndirici tədbirlərin həyata keçirilməsi bu gün həmişəkindən daha zəruridir. Elə buna görə də iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə bütün bəşəriyyət, eləcə də hər kəs qoşulmalı və öz əməyini əsirgəməməlidir. Əhalinin ekoloji maariflənməsi ölkəmizdə mütəmadi şəkildə aparılır. İdarə və müəssisələrdə, ali, orta ixtisas və ümumtəhsil məktəblərində bununla əlaqədar xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilir. Ekoloji biliklər həm mətbuat, həm də teleekranlarda təbliğ olunur.
Bizim üçün sevindiricidir ki, COP29 kimi növbəti beynəlxalq tədbir məhz Bakıda keçiriləcək. Bu da təbiidir. Çünki iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə Azərbaycan təcrübəsi dünyanın diqqət mərkəzindədir. Eyni zamanda bu tədbirdə dünyada ekoloji problemlərlə bağlı görülmüş və görüləcək işlər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaq. İnanıram ki, bu mötəbər tədbirdən irəli gələn vəzifələrin, tələblərin yerinə yetirilməsində təkcə ekoloqlarımız deyil, bütün xalqımız beynəlxalq ictimayətlə həmrəylik nümayiş etdirəcək, planetimizdə ekoloji tarazlığı qorumaq üçün təbii fəlakətlərə qarşı mübarizədə öz tövhəsini verəcəkdir.
Bəxtiyar Hüseynov,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı RETSİ-nin əməkdaşı