Kimə səs verək? - ŞƏRH

30 Yanvar 2024 13:20 (UTC+04:00)

Hazırda Azərbaycan Respublikasına Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev rəhbərlik edir. Cənab İlham Əliyev Azərbaycanın Prezidenti, dünya azərbaycanlılarının lideridir. O, sürətlə dəyişən dünyada Azərbaycanın maraqlarını layiqincə müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu gündən-günə artır. İlham Əliyev beynəlxalq münasibətlər tarixinə dərindən bələd olan peşəkar siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanıb. O, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və digər ölkələrə rəsmi səfərlər edib. Bir çox beynəlxalq konfrans və konqreslərdə çıxış etmişdir.

İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Moskvada fəaliyyətə başlamış, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində müəllim işləmiş, tarix elmləri namizədidir. Moskvada şirkətin direktoru olmuş, Azərbaycanda isə Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrində çalışmışdır. Cənab İlham Əliyevin beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanmasında böyük əməyi olmuşdur. 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları həcmində bonus vermiş, ölkəmizdə 30 mindən çox iş yeri açılmışdır. Ölkəmizdə demokratik, dünyəvi dövlət qurulmasında fəal iştirak edən İlham Əliyevin xidmətlərinə görə o, Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmuşdur.

İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində qalib gələrək xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. İmzalanan ilk sənədlər “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında”, habelə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının təsdiq edilməsi haqqında” sərəncamlar idi.

İlham Əliyev uzaqgörən dövlət və siyasi xadim kimi sağlam gənclərin yetişməsi və bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanın ümummilli hərəkata çevrilməsi işinə sadiqdir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, regionlarda da olimpiya idman-istirahət komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif növlərinin inkişafı üçün möhkəm maddi-texniki bazanın yaradılması, məqsədyönlü müdrik siyasətin bariz təzahürüdür. Hazırda idmanın müxtəlif sahələri üzrə keçirilən beynəlxalq yarışlarda Azərbaycanın lider mövqe tutması, Bakının dünyanın mühüm beynəlxalq yarışlarının mərkəzinə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.

Cənab İlham Əliyev müzəffər Ali Baş Komandan kimi öz adını tarixə yazdırmağı bacarmışdır. O, sülhsevər insandır. Ermənistanı sülhə çağırdı, sülh istədi, lakin düşmən xarici havadarlarına arxalanaraq işğalçı siyasətini davam etdirdi. Ermənilərin hiyləgər və çirkin oyunları 2020-ci ilə qədər davam etdi. İlham Əliyev Ermənistanın işğalçı dövlət kimi tanınmasında böyük rol oynamış, erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsi olduğunu sübut etmiş, nəzarətdən çıxan Dağlıq Qarabağın narkotiklərin tranzit zonasına çevrildiyini Avropa və dünya ictimaiyyətinə çatdırmışdır. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan ordusu 30 illik işğala son qoydu.

Beləliklə, düşmənin illər ərzində yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında süqut etdi, Ermənistan ordusu məğlub oldu. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini cənab İlham Əliyev cəmi 44 gün ərzində həll etdi. O, təcavüzkar ölkəni qarşısında diz çökməyə və sülh müqaviləsi imzalamağa məcbur etdi. İlham Əliyev 30 illik müharibəyə, iki əsrlik toqquşmaya son qoyub, xalqının qəlbində əbədi abidəsini ucaldıb, Qarabağı düşməndən azad edib, yenidən qurub bərpa etməyə başlayıb.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq xalqa müraciət edib. Bu çağırışlar Azərbaycan xalqını ayağa qaldırdı. Dövlət başçısının hər bir müraciəti növbəti qələbələrə ön söz oldu. Beləliklə, erməni hərbi birləşmələrinin 4 il ərzində mərhələli şəkildə zəbt etdiyi və 30 ilə yaxın işğal altında saxlayaraq güclü hərbi istehkamlar, sədlər, müdafiə xətləri ucaltdığı Azərbaycan torpaqları 44 gündə azad edildi. Hal-hazırda Azərbaycan xalqı öz dövrünün ən şərəfli dövrünü yaşayır. Biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun çiçəklənməsi üçün yeddi milyard ABŞ dolları ayrılmışdır.

Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə dönüb. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan igid övladlarımızın xatirəsini ehtiramla yad edir, qazilərin xidmətlərini yüksək qiymətləndirir və onlarla fəxr edir. Qənimət kimi götürülmüş Ermənistan ordusunun texnikasının bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib, o, həmçinin 2021-ci ilin aprelində Bakıda açılan Döyüş Qənimətləri Parkında nümayiş etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkələrin və beynəlxalq təşkilatların fəxri adlarına və mükafatlarına layiq görülüb, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif edilib. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoydu, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlara uyğun bərpa və yenidənqurma işlərinə başlandı, Qarabağa yenidən həyat qayıtdı. Vətən müharibəsi nəticəsində Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin bərpasına başlanıldı.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü və qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi illərində dövlət başçısı dünyanın aparıcı media strukturlarına çoxsaylı müsahibələr verərək informasiya cəbhəsində bütün erməni təbliğatının üstündən xətt çəkdi. Prezident İlham Əliyevin istər xalqa müraciətləri, istərsə də bu müddət ərzində verdiyi 30-a yaxın müsahibəsi ilə bütün dünyada Azərbaycan həqiqətlərini yaydı.

Azərbaycan həmişə regionda sülhün tərəfdarı olub. Azərbaycan dövləti bu mövqeyi bütün dünyaya açıq şəkildə nümayiş etdirir. Onun Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin normallaşdırılması üçün təqdim etdiyi sülh təklifi buna əyani sübutdur.Vətən müharibəsi illərində Qarabağda separatçıların qanunsuz silahlı dəstələri, o cümlədən Ermənistan silahlı qüvvələrinin birləşmələri qalmaqda davam edirdi. Onlar vaxtaşırı təxribat törədib, ərazini minalamaqda davam ediblər. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, erməni separatçıları öz əməllərindən əl çəkməyiblər. Nəticədə Azərbaycan Qarabağda lokal antiterror tədbirlərinə başlamaq məcburiyyətində qaldı. Təəssüf ki, düşmən ağır məğlubiyyətdən nəticə əldə etməyib, imkan düşdükcə təxribat törədib, yolları minalayıb, günahsız insanları qətlə yetirib. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ bölgəsində yerləşən erməni silahlı birləşmələrinə, qanunsuz erməni silahlı birləşmələrinə qarşı yenidən lokal xarakterli antiterror tədbirlərinə başladı və 24 saat ərzində Azərbaycan Qarabağda öz suverenliyini tam bərpa etdi. Təəssüf ki, yeni itkilərdən qaça bilmədik.

Mən sadə bir müəlliməm, yeddi namizəddən Azərbaycan Prezidenti İlham Əliyevə səs verəcəyəm. Yuxarıda xatırlanan xidmətlərinə görə, torpaqlarımızı yağı düşmənlərdən azad etdiyinə görə, Qarabağda quruculuq işlərinə başladığına görə, xalqımızı cənab İlham Əliyevə səs verməyə çağırıram. Əminliklə deyə bilərəm ki, gələcəkdə də xalqımız möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlar qazanacaqdır.

Nəcəf Nəbiyev,
UNEC Xarici Dillər Departamentinin Tərcümə Mərkəzinin direktoru,
Dosent