Burada nə var ki?.. Deyirlər, oxu, oxu da. Oxu ki, görə biləsən ki, övladın imtahan verən zaman Dövlət İmtahan Mərkəzi sualları proqram daxilində salır, yoxsa imtahandan kənar. Valideynlər imtahan günlərində haray-həşir salır ki, bəs imtahan sualları proqram çərçivəsində deyil, haradan salınıb, bilinmir. Şikayətlər üst-üstə yığılır, sosial şəbəkələr bu mövzu ilə partlayır: müzakirələr, diskussiyalar, qənaətlər... Lakin nəticə əldə olunmur, nədənsə. Yenə il dəyişir, imtahanlar başlayır, eyni problemlər, eyni söz-söhbət...
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu barədə nə deyir? Bəli, jurnalistlərə açıqlamasında Abbaszadə bildirir ki, valideynlər birinci sinifdən həmin dərslikləri övladları ilə birgə oxusaydılar, imtahana düşən sualların dərslikdən kənar olmadığını görəcəklər ( uzlaşmaya görə görəcəklər deyil, görərdilər olmalı idi)...
Həqiqətən də problemin yolu məhz budursa, birinci sinifdən uşaqlarla birlikdə oxumağa başlayaq da, burada nə var ki... Yaxşı təklif və məsləhətdir. Problemin həllini tapmaq üçün gözəl tövsiyədir.
Başlayaq uşaqlarla birlikdə oxumağa. Onsuz da oxuyuruq, buna söz yox... Uşaqlara dərs öyrədərkən oxuyuruq ki, onlara da anlada bilək. Lakin elə ki, uşaq qalxdı 4-5-ci siniflərə, artıq biz yerimizdə saymağa başlayırıq. Həm də ayı armuda baxan kimi aşağıdan yuxarı boynumuz üzülənədək baxırıq, lakin nə armudu ağacdan qopara bilirik, nə də uşağa ondan bir dilim verə bilirik.
Çünki 4-5-ci siniflərdən sonra təhsil sisteminə elə bir "yenilik" gətirilib ki, bundan hələm-hələm hər kəsin başı çıxa bilməz. Başımız çıxmadığına görə də uşaqla birlikdə oxumaq mümkün olmur.
Bəs nə etməli, uşaqla məktəbəmi getməli? Əlac yoxdur, ya məktəbə getməli, ya da məktəbdən sonra hazırlığa. Getməliyik ki, proqramı izləyə bilək. Məktəbə bizi qoyarlar qoymazlar, bunu bilmirik. Yəqin qoymazlar, ona görə qoymazlar ki, axı əksər məktəblərdən uşaqlar xəbər gətirir ki, dərs keçən müəllim yoxdur.
Müəllimlər də nə etsin axı, özlərini ikiqat yormalıdırlar? Dərsdən sonra onsuz da hazırlıq keçirlər də...
Bəs biz nə edək, proqramı uşaqla birlikdə necə izləyək ki, qəbil imtahanlarında səsimiz çıxmasın... Hazırlığa, repetitor yanınamı gedək? Əslində gedə bilərik, lakin bəs pul-ödəniş məsələsini necə edək? Aşağı siniflərdə 30-50-60 manat, yuxarılarda isə bir fəndən hazırlığın qiyməti 100 manatdır. Bir evdən iki nəfər, məsələn, ana ilə uşaq getsə, bu edir 200 manat, beş fənə vuranda isə 1000 manat...
Nə edək? Nə yeyək, nə içək, nə də əynimizə pal-paltar alaq, pulu ancaq hazırlığa sərf edək?
Yox, bu da olmadı. Hə, əsas məsələ yadıma düşdü. Əsas məsələ budur ki, uşaqlar dərs ili başa çatmamış imtahan verirlər. Bəlkə bu proqramdan kənar sual söz-söhbəti bununla bağlıdır? Bəli, bəli, bununla bağlıdır. Dərs ili başa çatır iyun ayında, qəbul imtahanları başlayır mart-aprel ayılarında. Tədris ili başa çatmayan yerdə imtahan verəndə uşaqlar təbii ki, tanış olmayan suallarla qarşılaşır. İmtahanın iki mərhələdən ibarət olduğunu, birinci mərhələdə imtahan verilən fənnlərin bəzilərinin ikincidə olmadığını nəzərə alsaq, bu uşaq apreldə verdiyi riyaziyyat, ana dili və sair fənlərdən bir daha imtahan vermir. Belə olan yerdə hələ may ayında keçəcəyi dərslərdən salınan suallar ona tanış gəlməyəcək də...
Biz tədris ilini bitirməmiş imtahan verəndə belə olacaqdı da. Bunu nə üçün belə demirik, valideynlərə uşaqlarla bir daha oxumağı məsləhət veririk, bax bunu anlamaq bir qədər...
Mətanət Məmmədova