“Dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və yaxud minimuma endirilməsi üçün biz mütəmadi olaraq abonentlərlə profilaktik söhbətlər aparırıq, maarifləndirmə işləri həyata keçiririk, maarifləndirici roliklər yayırıq”. Bu barədə SİA-ya açıqlamasında Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, bütün hallarda vətəndaşlara tövsiyə edilir ki, texniki şərtlərə cavab verməyən, kustar üsulla hansısa qızdırıcı vasitələrdən istifadə etməsinlər, vanna otaqlarını parametrlərə uyğun təşkil etsinlər: “Vanna otaqlarında əvvəla sahə normaya uyğun olmalıdır ki, orada oksigen normal oynasın, yanma doğru həyata keçirilsin. Tüstü bazası olmalıdır, vanna otağının qapılarının aşağı hissəsində mütləq dəliklər olmalıdır ki, həmin dəliklər vasitəsilə vanna otağına oksigen daxil olsun, yanma doğru aparılsın. Oksigen zəif olduğu yerdə yanma doğru baş vermir və nəticədə dəm qazı meydana gəlir ki, bu da insanların boğulmasına yaxud da daha ciddi hadisələrə gətirib çıxara bilir”.
E.Vəliyev bildirib ki, abonentlər texniki şərtlərlə nəzərdə tutulmuş parametrlərə mütləq nəzarət etməli mətbəxləri eyvanlara kustar üsulla çıxarmamalıdırlar: “Çünki mütləqdir ki, eyvanlara çıxarılmış mətbəxlər rezin borularla qazlaşdırılır, eyni zamanda orada tüstü bacası olmur. İstər köhnə, istərsə də təzə binalarda mətbəxlərdə tüstü bacaları nəzərdə tutulur. Həmin o bacalar da qazın yanmış hissəsinin xaric olunmasına şərait yaradır. Vətəndaşlar bu tip parametrlərə riayət etməlidirlər. Təmir zamanı qaz xətlərinin yerini texniki şərtdə göstərilmədiyi halda dəyişdirmək qətiyyən olmaz. Çünki bunu qeyri-peşəkar insanların həyata keçirməsi qorxuludur ki, sabah hansısa formada sızma baş verərsə nəticəsi çox ağır olar. Abonetlərə bir daha müraciət edirik ki, bu kimi halların qarşısı alınsın”.
Qurum rəsmisi bildirib ki, Azəriqaz İstehsalat Birliyi artıq yanvarın 7-dən texniki müayinələrə başlayıb: “İstər Bakı-Abşeron, istərsə də bütün regionlarda mütəxəssislərimiz bütün mənzillərə və fərdi yaşayış evlərində texniki müayinə həyata keçirəcəklər. Burada texniki şərtlərdən kənara çıxma halları olacaqsa, mütləq bizim əməkdaşlar texniki şərtdən kənara çıxma hallarının əksini tapdığı akt tərtib edəcək. Abonentə texniki şərtdən irəli gələn qaydaların normativlərə uyğunlaşdırılması ilə bağlı 30 gün möhlət veriləcək. 30 gün ərzində abonent aktda əksini tapmış halların qarşısını almasa Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq böyük bir təəssüf hissi ilə abonentlərin qazının verilişini dayandırmaq məcburiyyətində qalacağıq”.