"Məktəbdə müxtəlif xarakterli uşaqlar təhsil alırlar" - PSİXOLOQ FİKRİ

24 Yanvar 2024 16:50 (UTC+04:00)

"Məktəbdə müxtəlif xarakterli uşaqlar təhsil alırlar". Bu sözləri psixoloq Araz Ağayev deyib.

A.Ağayev bildirib ki, psixoloji, ailəvi problemləri olan, natamam ailədə böyüyən uşaqlar var: "Natamam ailə dedikdə valideynlərdən biri olmayan ailələr nəzərdə tutulur. İlk növbədə məktəbdə xidmət göstərməsi üçün psixoloqun otağı olmalıdır. Uşaqlarla məşğul olmaq üçün birinci diaqnostik işlər aparılmalıdır. Təhsildə geri qalan, istedadlı uşaqlar müxtəlif testlər vasitəsilə ortaya çıxarılır. Psixi inkişafı ölçmək üçün araşdırmalar aparılır, uşaqlarla müzakirə olunur. Assosial uşaqlar tapılaraq onların sosiallaşması üçün işlər görülür. Psixoloq ən çox sinif rəhbəri və valideynlərlə əlaqə saxlamalıdır. Rayonlarda şəhər məktəblərinə nəzərən işlər aparmaq daha rahatdır. Çünki şagirdlər və valideynləri tanıyırsan. Uşaqlarla hansısa problem olanda artıq bilirsən ki, onun valideyni kimdir və hansı problemləri var. Şəhər məktəblərində isə psixoloq gecə-gündüz işləsə də, işlərin hamısını əhatə edə bilməz.

Şagirdlər birinci sinifə gəldikdə onların psixoloji xəritəsi hazırlanır. Psixoloq testdən keçirməklə bu xəritəni hazırlayır. Uşağın hansı xarakter tipində - introvert, ekstravert, ambivert olduğunu müəyyənləşdirir. Ekstravert tipdə olan uşaqlar coşqun, sosial, tez reaksiya verən, hamı ilə dil tapan, introvertlər isə sakit, özünə qapanan olur. Lakin hər ikisi də savadlı ola bilər. Sadəcə xaricə və daxilə yönəlmiş olmalarına görə fərqlənirlər. Ambivertlər isə hadisə və vəziyyətlərdən asılı olaraq dəyişə bilirlər".

Psixoloq əlavə edərək deyib ki, məktəbdə risk qrupuna daxil olan uşaqlar qeydə alınır. Psixoloq onların keçmişini, məktəbdə yaratdığı problemləri öyrənib bu uşaqlarla ayrıca işlər aparır. Mütəmadi olaraq həm müəllimləri, həm də valideynləri və özləri ilə görüşüb məşğələlər keçirilir. Risk qrupuna aid olan uşaqlar problem yaşadıqda özlərinə zərər vura bilirlər.

Bəzi uşaqların ailəsində problemlər olur. Ailə problemi məktəbə qədər gəlir. Diaqnoz qoyub uşağın probleminin haradan gəldiyini tapmaq lazımdır. Müxtəlif ailələrdən risk qrupuna aid olanları da az deyil. Bütün aparılan araşdırma və işlərin uşaqlara müəyyən qədər xeyri olur. Valideynlərlə qarşılıqlı edilmədikdə heç bir işin effekti olmur. Valideynlər özləri də müraciət etməli, psixoloq da işlərlə maraqlanmalıdır. Uşaqlar hiss etməlidir ki, onların qayğısına qalan, gələcəyini fikirləşən kimsə var. Psixoloq uşaqlara dost kimi yanaşmalıdır. Elə münasibət yaratmalıdır ki, uşaqlar ondan heç nəyi gizlətməsinlər. Bu zaman psixoloq üçün işləmək daha rahat olur və daha faydalı məsləhətlər verə bilir.

Uşaqlarda sağlam həyat tərzi, pis vərdişlərdən-siqarət, narkotik istifadəsindən uzaq durmaq üçün psixoloq tez-tez görüşlər keçirib söhbət aparmalıdır. Uşaqlar mühitə tez düşür. Məktəblilərin narkotik maddələrdən qorunması üçün onlara narkomaniyanın zərərlərindən, insanı qoyduğu pis vəziyyətdən danışmaq, göstərmək lazımdır. Bu zaman öz sağlamlıqlarının qayğısına qalarlar. Uşaqların qidalanmasına qədər fikir vermək lazımdır. Pis vərdişlərdən uzaqlaşmaq üçün valideynlər onları müxtəlif idman, musiqi, rəsm kimi məşğuliyyət sahələrinə istiqamətləndirə bilərlər. Oğlan uşaqları idmana daha həvəsli olurlar".

"Psixoloqun gördüyü işlərdən biri də uşaqlara milli ideologiya məsələləri haqqında məlumat verməkdir. Milli ruhda tərbiyə olunmaq üçün müxtəlif tədbirlər keçirilir. Dövlətimizin bu qədər düşmənləri olan bir vaxtda, uğurlarımızın çatdırılmasında milli ideologiya aktual məsələlərdən biridir.

Daha sonra uşaqlar arasında bullinq(zorakılıq) hallarına rast gəlinir. Bullinq uşaqlarin bir-birinə zor işlətməsidir. Şərt deyil ki, fiziki zorakılıq olsun. Psixoloji uzaqlaşdırma, nalayiq sözlər işlətmək də bullinqə aiddir. Bu hadisə uşaqların intihar etməsinə səbəb ola bilər. Zorakılıq hadisələrinə qarşı da mübarizə aparılmalıdır. Psixoloq uşaqların münasibətini müşahidə etməlidir. Aqressiya yavaş-yavaş yaranır. Şəhər məktəblərində bu problemi həll etmək olduqca çətindir. Uşaqların özünə uyğun dostluqlar qurmasına çalışmaq lazımdır. Sinifdə vurub yıxan, pis xarakterli uşaq olan zaman hamı onu lider seçir, arxasınca gedirlər. Sinifdə liderləri tapmaq lazımdır ki, bunu da tapmaq asan olur. Uşaqlara peşə seçməkdə kömək etmək üçün müxtəlif intellektual testlər keçirilir. Maraq dairəsinə uyğun olaraq onu istiqamətləndirərək vaxt itkisinin qarşısını almaq olur. Peşələrin içində insan-təbiət, insan-texnika, insan-insan tipli peşələr var. Sinifdən-sində keçərkən uşaqların adaptasiya olması üçün də psixoloq bu öyrəşmə prosesinə kömək edir. Gizli sorğu keçirərək uşaqların müəllimlərə olan münasibətini öyrənmək olur. İmtahan qabağı stressin qarşını almaq üçün də psixoloq məşğələlər keçirir, stressi aradan qaldırmaq üçün məsləhətlər verir" - deyə psixoloq əlavə edib.