"Təhsil sistemində İKT infrastrukturu inkişaf edir" - MÜNASİBƏT BİLDİRİLDİ

24 Yanvar 2024 15:21 (UTC+04:00)

"Təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Azərbaycanda dövlət proqramı icra olunub". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Sədr deyib ki, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üçün Dövlət Strategiyası çərçivəsində də bu istiqamətdə xeyli işlər görülüb: "Təhsil sistemində informasiya kommunikasiya texnologiyaları infrastrukturu inkişaf edir. Təhsil texnologiyalarının tətbiqi genişləndirilir. İKT imkanlarından bütün təhsil sistemində istifadə etmək zamanın tələbidir. Orta təhsildə İKT-nin rolunu və elektron təhsil texnologiyalarının tətbiqinin zəruriliyi özünü göstərir. Təhsil sahəsinin idarə olunması və tənzimlənməsinə aid vahid informasiya strukturu formalaşıb. Pedaqoji kadrların İT bacarıqlarının artırılması ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Xeyli sayda pedaqoji heyət İKT təlimlərinə cəlb olunub.

Elm və Təhsil Nazirliyinin elektron resurslarından təhsil şəbəkəsi vasitəsilə xeyli elektron resurs istifadəyə verilib. Bunların istifadəyə verilməsi hər il artır, bu da vacibdir. Vacib məqamlardan biri də təhsil müəssisələrinin kompüterlərlə təchizatı, sürətli internetə çıxış imkanlarının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərdir. Biz pandemiya dövründə məktəblərin nə dərəcədə yeni bacarıqlara və imkanlara malik olduğunu gördük. Məktəblərin müasir kompüterlərlə təmin olunmasına ciddi diqqət artırılmalıdır. Texnoloji yeniliklər sürətlə inkişaf edib dəyişkən olduğu üçün bu istiqamətdə pedaqoji kadrların biliyinin daim artırılması, təlimlərin verilməsi məsələsi gündəmdə olmalıdır. Elektron dərsliklərin, Elm və Təhsil Nazirliyinin elektron resurslarının istifadəyə verilməsi ilə bağlı gördüyü işlər genişləndirilməlidir. Təhsil mübadilə proqramları çərçivəsində bu yeniliklərin tətbiq olunmasına başlanılıb. Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bu istiqamətdə bir çox layihələr reallaşdırır. Bu mövzuda müasir səviyyədə və qabaqcıl texnologiyalara malik olan layihə keçirilmişdir"

O, əlavə edib ki, kənd məktəblərinin sürətli internetə çıxış imkanlarının artırılması istiqamətində ciddi işlər görülməlidir. Pandemiyada zərurət yarandıqda gördük ki, təhsil müəssisələrimiz bu prosesə hazır deyillər. Yaxın perspektivdə gələcək kifayət qədər dəyişib inkişaf edəcək. Texnoloji yeniliklərlə birbaşa bağlı olacaq. İndidən o yeniliklərə hazırlaşmaq lazımdır. Sürətli, texnoloji dəyişikliklər zamanı təhsil sistemimizi dəyişikliklərə hazır saxlamalıyıq. Eyni zamanda dəyişikliklərin parçası etmək zamanıdır".