Hazırda erməni cəmiyyətində dırnaqarası “cəsurlar” meydana çıxıblar və onların hər biri də öz növbəsində sülh təşəbbüslərinə mane olmaq, bütövlükdə həmin cəmiyyəti çaşdırmaq üçün əldən-ayaqdan gedirlər. Hətta sülhün bərqərar edilməsi üçün heç zaman olmayan belə bir tarixi şansın yarandığı zamanda yenidən düşmənçilik toxumu səpmək, nifaq salmaq niyyəti ilə ortaya arılanlar da var. Belələrindən biri də Seyran Ohanyandır və sayıqlaması fonunda onun niyyətinin nədən ibarət olduğunu başa düşən, eləcə də kim olduğunu yaxşı bilən ermənilərin özlərinin də gözündə həmin şəxs indi yalnız boşboğaz biri kimi görünür.
“Biz elə bir vəziyyətdəyik ki, ölkəmizi hər zaman müdafiə etməyə hazır olmalıyıq”, deyə parlamentdə jurnalistlərlə söhbətində “bəyan edən” Ohanyan nifaq yaratmaq üçün bilərəkdən belə ifadələr səsləndirir. O, gərgin vəziyyətin yaranması, düşmənçilik meyillərinin daha da qızışdırılması üçün çalışır. “Aydındır ki, danışıqlar bitən yerdə düşmənçilik başlayır. Odur ki, bizim üçün ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından iki prioritet olmalıdır. Birincisi, bu, milli təminatların, ələlxüsus da ordunun formalaşması, möhkəmlənməsi, xüsusən də sərhədlərimizin vaxtında möhkəmləndirilməsidir. İkincisi isə beynəlxalq təminatların, ağlabatan danışıqların formalaşdırılması, düzgün xarici siyasət aparılmasıdır. Bizim hazırki vəziyyətimizdə, xüsusən də strateji tərəfdaşlar və qonşularla münasibətlərin pisləşməsi yolverilməzdir”, deyən Ohanyan erməni cəmiyyətində düşmənçilik ruhu aşılamağa, həmin o düşmənçilik ruhunu daha da artırmağa cəhd edir.
Kimdir Seyran Ohanyan və ümumiyyətlə, istər biz, istərsə də ermənilər özləri belə onu necə tanıyırlar? Diqqətə çatdıraq ki, Sarkisyana yaxınlığına görə nazir kürsüsündə ən uzun müddət oturmuş general-polkovnik Seyran Ohanyan Ermənistanın müdafiə naziri olub. Müdafiə Nazirliyində tutduğu postu zənginləşmə, varlanma fürsəti kimi “dəyərləndirən” Ohanyana görə həmin ölkənin hərbisi korrupsiya bataqlığına yuvarlanıb. Onun nazir olduğu dövrdə milyonlar qazanması fonunda erməni əsgərlər paltar, ayaqqabı belə tapmırdılar və yağışda islanmaqdan da qoruna bilmirdilər, amma indi o utanmadan ağız dolusu danışır da. Guya Ermənistan ordusunda problemlərə görə narahatlığını ifadə etdiyini göstərmək istəsə də, hər kəs, lap elə hər bir erməni də bilir ki, həmin problemləri yaradanın biri də sabiq nazir özü olub. Yəni, indi onun ağzına gələni danışması, ittihamları, sülh təşəbbüsünə mane olmaq, düşmənçiliyi körükləmək niyyətli sayıqlamaları, əslində elə, yalnız boşboğazlıq etməsi kimi görünə bilər və elə də görünür.
Hazırki Ermənistan hakimiyyətinin ünvanına ittiham xarakterli çıxışlar edərək, özünü guya vətənin maraqlarının “ehtiraslı keşikçisi” kimi göstərmək cəhdləri indi daha gülünc görüntü yaradır. Uydurmaları da, sülh əldə olunacağı təqdirdə, ölkəsinin gələcəyi ilə bağlı “dəhşətli proqnozları” da, cəfəng fikirləri də onun kimliyini ortaya qoyur. “Sülh gündəmi yalandır, bu, Ermənistan üçün aldatmadır”, deyən Seyran Ohanyan, əvvəla, şəxsən elə özü erməni cəmiyyətini aldatmağa çalışır, çünki heç bir aldatmadan söhbət gedə bilməz. Nəinki aldatma, sülh gündəmi Ermənistan üçün tarixi bir şansdır və buna nail olmaq üçün ermənilər özləri çalışmalıdırlar, sülh üçün can atmalıdırlar. Digər tərəfdən də, onun dedikləri ancaq çaşqınlıq üçündür və o elə zənn edir ki, bununla yaxını olduğu Sarkisyana yenə də bir “yol” açmış olacaq və bununla özü üçün də nəyi isə “geri qaytara” biləcək. Amma bu, dəryada balıq sevdasından da betər bir xülyadır. Çünki erməni cəmiyyəti Serj Sarkisyandan da, onun məhz Seyran Ohanyan kimi yaxınlarından da güclə canını qurtara bilib və bundan sonra onun danışıqları boşboğazlıqdan başqa bir şey deyil.
Ohanyan indi Ermənistan hakimiyyətini hərəkətsizlikdə ittiham edir. Hətta ordunun vəziyyəti və konsolidasiya olmaması ilə bağlı guya "narahatlıq" keçirdiyini bildirir. Hər dəfə danışanda da öz düşüncəsinə uyğun şəkildə məhz strateji tərəfdaşlarla münasibətlərin korlanmasına görə Paşinyanı qınayır. Təbii ki, Seyran Ohanyan strateji tərəfdaşlar dedikdə Rusiyanı nəzərdə tutur. Axı o hər zaman həmin ölkənin, yəni Rusiyanın marioneti kimi tanınıb. Məhz Ermənistanın müdafiə naziri olduğu dövrdə Ohanyanın rusların ayaqlarına düşməsi heç kimin, ələlxüsus da ermənilərin yadından çıxan deyil və indi erməni cəmiyyəti özü də çox yaxşı başa düşür ki, sabiq nazir nəyə işarə edir və nəyi məzərdə tutur. Erməni cəmiyyəti onu da yaxşı başa düşür ki, Köçəryanın, Sarkisyanın, Ohanyanın və daşnakların simasında Ermənistan müxalifəti “strateji tərəfdaşlarla münasibətləri korlamamaq, müdafiə qabiliyyətini gücləndirmək” deyərək, yalnız ortalığa nifaq salmağa çalışır. Öz cinayətkar əməlləri ilə tanınan həmin şəxsləri ermənilər, cəmiyyətin çətin vəziyyətə düşdüyü bir vaxtda onun konsolidasiyasının qarşısını alanlar hesab edirlər. Hesab edirlər ki, onlar hökumətin mövcud vəziyyətdən çıxmaq cəhdinə mane olmaqla, ölkəni daha dərin quyuya, uçuruma yuvarlamağa çalışırlar və bunun üçün hər şey edirlər.
Məhz Seyran Ohanyan da, Serj Sarkisyan da, Robert Koçaryan da Ermənistanın vəziyyətinin daha da pis, erməni cəmiyyətinin daha gərgin olmasını arzulayırlar və buna da çalışırlar ki, bunu bəhanə edərək baş nazir Nikol Paşinyanı devirsinlər və yenidən hakimiyyətə qayıtmaq şansları artsın. Onlar erməni cəmiyyətini, erməni xalqını, Ermənistan adlı dövləti hesaba da almırlar. Bunu haylar özləri hamıdan yaxşı bilirlər və artıq bunu çoxdan da başa düşüblər. Çoxdan başa düşüblər ki, onları dərin quyuya sürükləyən, rüsvayçı vəziyyətə salan və bütün fəlakətlərə, faciələrə düçür edən məhz Koçaryan, Sarkisyan, Ohanyan kimi boşboğazlar olub. Əks halda, erməni xalqı onların hakimiyyətini devirməzdi. İndi nə qədər boşboğazlıq etsələr də, nə qədər çalışsalar da hakimiyyət kürsüsünü yuxularında da görə bilməzlər və haylar onları qətiyyən hakimiyyətə yaxın buraxmaz. Bir sözlə, həmin o boşboğazların zamanı çoxdan keçib və bunu hər kəs yaxşı bilir.
Ordu məsələsindən isə ümumiyyətlə, Ohanyanın danışmağa zərrə qədər haqqı çatmır. Hətta Ermənistana məxsus mətbuat səhifələrində də qeyd olunur ki, ordu barədə sabiq nazirin danışmağa belə haqqı yoxdur. Qeyd olunur ki, ordunu məhv edən elə Seyran Ohanyan özü və onun generalları olub. Hətta erməni mediası açıq şəkildə qeyd edir ki, Müdafiə Nazirliyinin binalarını, torpaq sahələrini güzəştli qiymətlərlə ələ keçirən, sonra da on dəfə baha qiymətə satan Ohanyan və onun generalları idi. Hətta o da qeyd edilir ki, məhz Seyran Ohanyan və onun generalları qeyri-döyüş şəraitində belə çoxsaylı hərbi qulluqçuların ölümünə görə məsuliyyət daşıyırlar və hələ də buna görə onlardan heç biri cəzalandırılmayıb. Oğurluq hallarının, zabitlərin özbaşınalığının, əsgərlərin vəhşicəsinə döyülməsinin, öldürülməsinin, irimiqyaslı korrupsiyanın məhz Ohanyanın nazir olduğu dövrdə çiçəkləndiyini də erməni cəmiyyəti yaxşı bilir və Ermənistana məxsus mətbuat səhifələrinin bu barədə informasiyalar yayması deyilənləri, yəni, hayların bu barədə məlumatlı olduğunu təsdiqləyir.
Bəli, o zaman, ələlxüsus da nazir olduğu dövrdə heç kim Seyran Ohanyanın məsuliyyətə cəlb olunmasını tələb etməyə cürət belə etmirdi, çünki Serj Sarkisyan şəxsən özü onun arxasında dayanırdı. Ohanyan yalnız ölkəsinin 2016-cı ilin aprel döyüşlərindəki uğursuzluğundan, itkilərindən sonra öz postu ilə vidalaşmaq məcburiyyətində qaldı. Onunla birlikdə müdafiə nazirinin müavini, Maddi-Texniki Təchizat İdarəsinin rəisi Alik Mirzəbekyan, Ermənistanın Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan, Rabitə və Avtomatik İdarəetmə Sistemləri İdarəsinin rəisi, general-mayor Komitas Muradyan da öz postlarından uzaqlaşmalı, kənarlaşmalı oldular. Heç şübhəsiz ki, bu kənarlaşmalar təsadüfi deyildi, əksinə, şəxsən Serj Sarkisyanın arxa-dayaq olması fonunda bəlli olur ki, çox “ciddi səbəblər” olub və onların uzaqlaşdırılmasından başqa çıxış yolu qalmayıb.
Əslində, Ohanyan və onun generalları məsuliyyətə cəlb olunmalı idilər, amma belə olmadı və buna görə də indi özlərində cəsarət tapıb ağızlarına gələni danışır, boşboğazlıq edirlər. Qanunsuzluqları məhz Sarkisyanın hakimiyyəti dövründə etmişdilər deyə onlar məsuliyyətə cəlb olunmadılar və elə məhz buna görə də yenə onun hakimiyyətini arzulayırlar. Həm də nəzərə almaq lazımdır ki, Ohanyan və onun generalları Məhz Serjin hakimiyyəti dövründə varlanmış, milyonlarla sərvət toplamışdılar. İndi sabiq nazir utanmadan da deyir ki, generalların şəxsi mülklərinin, bahalı malikanələrinin və mənzillərinin müdafiə büdcəsi ilə heç bir əlaqəsi yoxdur. Sual oluna bilər ki, ay Seyran Muşeqoviç, bu nə boşboğazlıqdır edirsən, sən də, generalların da həmin o milyonları hardan ələ keçirdiniz bəs? Göydən yağış əvəzinə bəyəm onların başlarına pul yağırdı ki, bu qədər sərvətə sahib oldular? Ələ keçirdikləri, əlbəttə ki, müdafiə büdcəsi, talançılıq, oğurluq və qanunsuzluq hesabına idi və bunu erməni cəmiyyətində də bilməyən yoxdur. İndi o ağız dolusu nə ittihamlarla çıxış edir və boşboğazlıqla kimin gözünə kül üfürməyə çalışır?
Əslində, sabiq müdafiə naziri Seyran Ohanyan və onun kimiləri Serj Sarkisyanın dəyirmanına su tökməyə çalışırlar və mənasız yerə də böşboğazlıq etməklə, özlərini tamamilə gülünc vəziyyətə salırlar. Düzdür, belə boşboğazlıqla nəyə isə nail olmaq arzularının puç olduğunu indidən də yaxşı bilirlər. Amma buna baxmayaraq, ən azından Ermənistanın mövcud hakimiyyətinə mane olmağa, sülh təşəbbüsünə xələl gətirməyə cəhd edirlər. Hətta, erməni cəmiyyətinin, bütövlükdə Ermənistan dövlətinin bundan, yumşaq şəkildə desək, zərər görəcəyini veclərinə də almırlar. Özlərini “narahat” olmuş kimi göstərənlər həqiqətən də narahatlıq keçirmiş olsaydılar, ən azından boş-boş danışıb, boşboğazlıq edib, yenidən nifaq toxumu səpmək, düşmənçiliyi körükləməklə məşğul olmazdılar və heç olmasa susardılar...