Bu gün hər kəs sosial şəbəkələrdən aktiv istifadə edir. Kimi öz şəkillərini paylaşır, kimi bloggerlik fəaliyyəti ilə məşğul olur və s. Sosial şəbəkələrdə yazılarını paylaşıb özünü şair, yazıçı adlandıranlar da az deyil. SİA mövzu ilə bağlı rəylər alıb.
Şair, yazıçı Baba Vəziroğlunun sözlərinə görə, kim özünə şair deyirsə öz tərəfindən haqlıdır, amma millət bunu demirsə demək ki, qəbul olunmur: "Gərək millət də onu bu şəkildə qəbul etsin. Konstantin Simonov demişdi ki, Azərbaycan xalqı şair xalqdır. Bəlkə də bizim xəstəlik də onunla başladı ki, hamı başladı şeir yazmağa. Amma burada pis bir şey yoxdur. Əsas odur ki, millət sözə, sənətə, kitaba gəlsin, pis vərdişlərdən uzaq olsun".
Xalq Şairi Vahid Əziz bildirib ki, kimin özünü nə sayması öz işidir: "Mənə indi də şair deyəndə utanıram, bu sözdən xoşum da gəlmir. Ən çox sevdiyim söz yazıçıdır. Kim özünü şair sayırsa, dahi sayırsa saysın. Heç kim öz ayranına turş deməz. Qiyməti xalq verəcək. Nizaminin, Füzulinin vaxtında o qədər şair olub ki. Gələcək nəsillər onları qəbul edər-etməz bilmirəm. Ola bilər heç bizi qəbul etməyib onları qəbul edərlər. Kim özünü nə istəyirsə saysın".
Millət vəkili Aqil Abbas qeyd edib ki, özünü şair adlandıran, xalqın sevgisini qazanan varsa olsun: "Amma qazanmayacaqsa qalacaq sosial şəbəkədə. Şairlik, yazıçılıq istedaddır. Xalq bilir ki, şairdir, yazıçıdır. Əllərində imkan var, şeirlərini, hekayələrini paylaşırlar. Burada heç bir qəbahət yoxdur. Amma xalq bəyənərsə, sevərsə, mətbuatda reaksiya göstərilərsə bu başqa məsələdir. Sosial şəbəkədə gündə bir şey paylaşmaqla nə şair, nə də yazıçı olunur. Gərək xalq tərəfindən sevilsin, ondan sonra demək olar qabiliyyəti nəyə qadirdir".