“Psixolji problemlərin yaranması səbəblərindən biri, hətta deyərdim ki, başlıca səbələrindən biri insanların özünü nədəsə günahkar hiss etməsi, davamlı günahkarlıq duygusuna qapılmaları olur. Bəs buna nə səbəb olur? Ümumiyyətlə sual yarana bilər ki, “Günahkarlıq hissindən necə azad olmaq olar?”. İlk olaraq bildirmək lazımdır ki, günahkarlıq duyğusu həm insanın özünə, həm də çevrəsi, ailəsi ilə münasibətinə mənfi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.
Onun sözlərinə görə, günahkarlıq hissi istər dostlar, istər valideynlər, istərsə də övlad ilə münasibətdə özünü göstərə bilir: “Günahkarlıq hissi zamanında fərqinə varılmadıqda və səbəbi tapılıb korreksiya edilmədikdə özünə qapanma, depressiya kimi problemlərə gətirib çıxara bilər. Yəni, davamlı özünü nədəsə günahkar hiss etmək psixoloji problemləri birbaşa yaradan məqamlardan biridir. Elə hallar olur ki, bir çox insanlar əllərindən gələni etsələr də, ətrafında baş verən hadisə və prosesə müdaxilə etslər də, lazımınca kömək əli uzatsalar da yenə də sonda özlərini günahkar hiss etməyə başlayırlar. Belə insanlar “daha çoxunu edə bilərdim” kimi düşündükləri üçün günahkarlıq hissinə qapılırlar. Ona görə də gün ərzində stresli, əsəbi və aqressiv olurlar. Ancaq unutmaq lazım deyil ki, heç birimiz mükəmməl deyilik. Bacardığımızı və əlimizdən gələni etmişiksə bunu qiymətləndirməyi bacarmalıyıq. İnsanda günahkarlıq hissi çox olarsa, davamlı özünü günahkar hiss edərsə bir müddət sonra o ətrafında baş verən real hadisələri düzgün şəkildə qiymətləndirə bilməyəcəkdir. Ona görə də bu kimi hallarda zamanında psixoloji dəstək vacibdir. Psixoloq həmin şəxslə terapiya zamanı günahkarlıq hissinin kökünə enib onu aşkarlayır və daha dərin problemlər yaratmamış müəyyən zaman sonra korreksiya edir.”