Məktəblilər niyə əlavə hazırlığa ehtiyac duyurlar? - EKSPERT AÇIQLADI

18 Yanvar 2024 15:15 (UTC+04:00)

“Ali məktəbə hazırlığın repetitorsuz mümkünsüzlüyü insanların təfəkkürünün dərinliyinə hopub. Təəssüflər olsun ki, şagirdlərin repetitor yanına getməsi sanki məcburiyyət halını alıb”. SİA-ya açıqlamasında Elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.

Onun sözlərinə görə, iş o yerə çatıb ki, təkcə yuxarı sinif şagirdləri deyil, ibtidai siniflərdə oxuyan uşaqlar belə müəllim yanına hazırlığa göndərilir: ”Valideyn-məktəb arasında balans pozulub. İcbari tibbi sığorta ilə dövlət xəstəxanalarında edilən müalicələrə güvənmədiyi kimi, valideyn Azərbaycan məktəbinin verdiyi təhsilə güvənmir. Çox vaxt attestat xatirinə uşaqlar məktəbə gedirlər. Repetitor yanına daha çox getsin deyə, müxtəlif vasitələrlə şagirdlər məktəbə getməmək üçün can atırlar. Burada müəllimlərin də marağı az deyil. Çünki repetitorluqla məşğul olan müəllimlərin qazancı aldıqları maaşdan dəfələrlə çoxdur. Bakıda bir fənni 100, hətta 200-300 manata tədris edən müəllimlərin bəzəkli reklamlarına rast gəlmək adi hal alıb. Fənn müəllimlərin bir qismi məktəbə yük kimi baxır, 45 dəqiqəni “doldurmağın” yollarını fikirləşir... Çünki Azərbaycan müəllimi özünün maliyyələşməsini daha çox uşaq hazırlamaqda görür.

Repetitorluq sahəsində xaos, özbaşınalıq, nəzarətsizlik var. 200 balla universitetə qəbul olan tələbədən tutmuş, MİQ imtahanında keçid balından qat-qat aşağı nəticə göstərmiş müəlliminə və hətta ixtisası müəllim olmayan vətəndaşına kimi hamı repetitordur. Repetitorluq primitiv bazar statusuna kimi gəlib çatıb. Ölkəmizdə hazırlıq kurslarının sayı apteklərin sayından çoxdur.

Təkcə ali məktəblərə hazırlaşmaq üçün deyil, orta məktəb dərslərini mənimsəmək üçün valideyn övladını repetitor yanına göndərir.

Bu gün “övladım tay-tuşundan geri qalmasın” təfəkkürü ilə aşağı sinif şagirdlərini müəllim hazırlığına göndərən valideynlərdən tutmuş, “filankəs müəllim fənnini 300-400 manata tədris edir, hər uşağı götürmür, gəlirimdən aşağı pul qazanan qonşunun uşağı onun hazırlığına gedirsə, mənim uşağım niyə germəsin” təfəkkürü ilə övladlarını bədbəxt edən valideynlərə kimi rast gəlirik.

Mən repetitorluğun qəti əleyhinə deyiləm. Lakin bu işin qanuniləşməsini, rəsmiləşdirilməsini və təşkilini vacib hesab edirəm. Burada işbazlara yer verilməməlidir. Məsələn, repetitorluqla məşğul olmaq istəyənlər attestasiyadan keçməli, xüsusi lisenziya və buna bənzər sənəd almalıdır. Burada valideyndə də əminlik yaranacaq ki, Əlabbas müəllimə və ya filan kursa etimad etmək olar. Bununla, həm də dövlət vergi almaqla fayda götürəcək.

Əminliklə deyim ki, Azərbaycan müəlliminin bir qisminin maaşı artırılsa da belə, həmin bir qisim özünü tam olaraq orta məktəbdə təhsil öyrətməyə yönəltməyəcək. Az eşitməmişik orta məktəb müəlliminin yanına getməyib başqa müəllimin yanına gedən uşaqların “gözümçıxdıya” salınmasını.

Repetitor hansısa fənnin qaydalarını öyrədə bilər, amma Vətənə məhəbbəti, yurd sevgisini aşılaya bilməz. Təəssüf etdiyim odur ki, dövlət büdcəsindən xeyli pul təhsilə ayrılırsa və təhsildə meydan oxuyanlar repetitorlardır”.
Sevilin Abbasova