ABŞ-ın xarici siyasət sahəsində iki aparıcı jurnalı Türkiyə ilə bağlı maraqlı təhlillər dərc edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, “Foreign Affairs” jurnalının ilk məqaləsi “Özünə şübhə içində olan super güc” başlığı ilə dərc olunub.
Məqalədə hələ də güclü ABŞ-ın beynəlxalq arenada ciddi rəqiblərinin olduğu vurğulanaraq Türkiyəyə diqqət çəkilib.
Fareed Zakaria tərəfindən yazılan məqalədə Türkiyənin 30 il əvvəlki ilə müqayisədə bu gün daha zəngin və siyasi cəhətdən daha yetkin ölkə olduğu vurğulanıb.
Məqalədə deyilir: "Yeni dinamikanı qiymətləndirmək üçün Çin və Rusiyaya yox Türkiyəyə nəzər salın: Bu, güclü və populyar lider tərəfindən idarə olunur. O, ən yüksək səviyyədə tələblər irəli sürülsə belə, müntəzəm olaraq ABŞ-a meydan oxuyur".
Digər xarici siyasət jurnalı “National Interest” də “Orta güclərin dövrü gəldi” başlıqlı məqalə dərc edərək, Türkiyənin son zamanlar ABŞ və digər ölkələrin təzyiqlərinə boyun əymədən qlobal və regional hədəfləri istiqamətində hərəkət etdiyini yazıb.
Məqalədə “Türkiyə Orta Şərqdə daha müstəqil və iddialı bir aktyora çevrilir” deyilib və Türkiyənin Orta Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya və Afrikadakı son fəaliyyəti, eləcə də Ukrayna-Rusiya və Fələstin-İsraildəki fəal rolu vurğulanıb.