İnfeksion xəstəliklər hansı üsullarla yayılır? - HƏKİM DETALLARI AÇIQLADI

17 Yanvar 2024 15:41 (UTC+04:00)

"İnfeksion xəstəliklər bir orqanizmdən digərinə yoluxan xəstəliklərdir". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla deyib.

Onun sözlərinə görə, infeksion xəstəliklər müxtəlif qruplara bölünür:
1. Antroponoz - İnsan mənşəli infeksion xəstəliklər.
2. Zoonoz - Heyvan mənşəli infeksion xəstəliklər, yəni heyvandan insana keçən xəstəliklər.
3. Capronoz - Təbiətdə onların yeri yoxdur, qeyri-canlı mənbələrdə ola bilərlər. Torpaqda tetanus olur, paslı dəmirdə başqa infeksiyalar ola bilər:
"Bu üç yolla keçən infeksiyalar var. Onlar hava-damcı, nəfəs yolu ilə - aerozol, qida ilə - alimentar, qan köçürmə, cinsi əlaqə yolu ilə - trasmissiv, anadan uşağa - şaquli yol və sair yollarla keçir. Bu infeksiyaların içində ən təhlükəliləri sürətlə yayılan infeksiyalardır. Bunlar da daha çox hava-damcı yolu ilə yayılan infeksiyalardır ki, qısa müddətdə qlobal pandemiya yarada bilirlər. Ona görə bu infeksiyalar daha diqqət mərkəzindədir. Bəzi infeksiyalar su ilə yayıla bilir. Məsələn, vəba su ilə daha çox yayılır. Bəziləri müxtəlif gəmiricilər, birələrlə və sair vasitəçilərlə yayılırlar. Məsələn, taun xəstəliyi buna nümunədir".

Həkim bildirib ki, qrip, koronavirus hava-damcı yolu ilə yayılan infeksiyalardır: "Hansı xəstəliklər ki, daha sürətlə yayılıb pandemiya yarada bilirlər, onlar Dünya Səhiyyə Təşkilatının daha çox diqqət mərkəzindədir. Xüsusi infeksiyalar - vəba, taun, sarı qızdırma, təbii çiçək 4 karantin infeksiyasıdır. Qrip, koronavirus həmişə diqqət mərkəzində olan infeksiyalar qrupundadır ki, yenə Dünya Səhiyyə Təşkilatı nəzarətdə saxlayır. Hər bir xəstəliyin öz müalicə üsulu var, ona uyğun da müalicə aparılır. Hər birinin önləyici üsulları var. Onlara qarşı da tədbirlər görülür".