Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və dostluq şəraitində yaşadığı ölkə kimi tanınıb. Tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
İnanc nə olur-olsun, evimiz birdir – Azərbaycan
Türklərin İslamı qəbul etməsindən sonra özünəməxsus şəkildə inkişaf etdirdikləri tolerantlıq anlayışı və dini-islami mətnlərə göstərdikləri dəyər tolerant həyatın bir həyat tərzinə çevrilməsinə səbəb olub. Doğrudur, dini kitablarda insanların bir-biri ilə sülh şəraitində yaşaması üçün bir çox normalar göstərilir, başqa dinlərin nümayəndələrinə qarşı münasibətə yön verilir, amma bununla belə daha dərin sosioloji təhlil edəndə görürürk ki, bu mətnlərdə tolerantlığın inkişafı üçün uyğun olduğunu düşündüyümüz sosial çevrəni, mühiti nəzərə almağı da tələb edir.
Ortaq dəyərlərin və əxlaqi inancların vəhdətindən yaranan ab-hava ictimai nizamın və sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bir dinin başqa dinə nifrət aşılaması, bir inanca malik insanın əks inanca mənsub insana qarşı aqressiyası mühitində bu sabitliyi təmin etmək mümkün olmazdı. Azərbaycan ona görə dini və milli azlıqlara təhlükəsiz yuva olub ki, burada heç bir din digərindən üstün hesab edilməyib, heç bir din xadimi digərini təhqir etməyib. Birlik, qardaşlıq yalnız kağızlarda deyil, əməldə göstərilib.
Din sosial həyatın sütunudur
Ümumiyyətlə, sosial nəzəriyyəçilər sosial həyatın təşkilində ilkin şərtlərdən biri olan inteqrasiyanın təmin edilməsində dinin mühüm rol oynadığını qəbul edirlər. Tolerantlığın dəyəri ailə münasibətlərindən tutmuş dini münasibətlərin və mədəni fəaliyyətə qədər sosial həyat üçün son dərəcə əhəmiyyətlidir. Tolerantlığın əksi olan fanatizm həyatın bütün təbəqələrində durğunluq, dar düşüncə və intellektual gerilik deməkdir. Fanatik dini baxışı olan ölkələrdə bu baxımdan həmişə problemlər yaranır.
Qədim Azərbaycan tarixinə tolerantlıq nöqteyi-nəzərindən nəzər saldıqda görürük ki, əcdadlarımız istər İslamdan əvvəlki dövrdə, istərsə də İslamı qəbul etdikdən sonra digər inanc mənsublarına qarşı son dərəcə tolerant olublar. Şübhəsiz ki, türk mədəniyyətində asanlıqla fərqləndirilə bilən tolerantlıq anlayışına töhfə verən bir çox amillərlə yanaşı, manixeylik, zərdüştilik, buddizm kimi müxtəlif dini ənənələrin mənsubları ilə bir yerdə yaşama təcrübəsi və onların digər mədəniyyətlərlə təmas və qarşılıqlı əlaqə qurma imkanları da vardır. Azərbaycan elə bir ölkədir ki, burada bir müsəlman din xadimi yəhudi din xadiminin övladının toyunda iştirak edir, xeyir-dua verir.
Qarşılıqlı hörmət: qardaşlaşan dinlər
Nəticə etibarı ilə qloballaşmanın təsirlərinin sosial həyatın bütün sahələrində hiss olunduğu müasir dünyada dini prinsiplərin müasir inkişaflar çərçivəsində özünəməxsusluğunu qoruyub saxlaya bilməsi bir az da dini təmsil edən şəxsiyyətlərdən asılıdır. Dini liderlərin humanist çıxışları, tolerant davranışları bütün bir dini icmaya örnəkdir. Qədimdən bəri el ağsaqqalarının inkişaf etdirdiyi və mənimsədiyi tolerantlığın dəyəri modern dünyamızda da zənginləşdirilməlidir.
Ortaq dəyərlər etnik, dini, siyasi, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bu tolerant ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir. Bir misal yerinə düşərdi, ötən il rəhmətə gedən dəyərli İslam din xadimi Hacı Şahinin vəfatına bütün dinlərin nümayəndələrinin eyni dərəcədə təsirlənməsi bu tolerantlığın ən bariz nümunəsi deyilmi? Sosial şəbəkələrdə onun üçün təəssüf, hüzn dolu paylaşımlar edənlər arasında hər dinin mənsubu vardı. Dini mənsubiyyətindən asılı olmayaraq bütün ictimaiyyət din xadiminin vaxtsız vəfatına kədərləndi. Ölkəmizdə yaşayan hər kəs üçün bu cür ortaq dəyər anlayışının olması tolerantlığın simvolu olmaq üçün yetərli səbəb deyilmi?
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb