“Ümumdünya Səhiyyə Təşkilatının baş katibinin verdiyi məlumata görə, hazırda Covid-19 xəstəliyi ilə əlaqədar olaraq qlobal vəziyyət olmasa da, ancaq xəstəlik yenə də yayılır, mutasiya edir və ölüm hallarına səbəb olur. 20 noyabr 2023-cü ildən 17 dekabra qədər dünyada Covid-19 xəstəliyinin aşkarlanmasında 52 faiz artım olub. Təkcə keçən ilin dekabr ayında dünya üzrə 10 min nəfər bu xəstəlikdən həyatını itirib”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Tariel Eyvazov deyib.
O bildirib ki, ÜST-ün baş katibi verilən statistikanın cəmi 50 ölkədən alınan məlumatların nəticəsi olduğunu bildirib: “Bu ölkələr də əsasən inkişaf etmiş ölkələrdir. Yəni, gedişat daha çox yoluxma sayının ola biləcəyinə işarət edir. ÜST-ün baş katibi Covid-19-un bu cür sürətlə yoluxmasını nəzərə alaraq, testlərin və vaksinasiyasın aparılmasını vacib hal kimi qeyd edib. Hətta lazım gələn yerlərdə artıq qoruyucu maskalardan istifadə etməyin vacib olduğu da bildirilib. Əsas məsələlərdən biri də əhalinin çox olduğu yerlərdə, hündür binalarda havalandırmanın düzgün qurulmasına da diqqət edilməlidir.
Azərbaycanda da son dövrlərdə respirator xəstəliyə yoluxma sayı artmışdır. O cümlədən, Covid-19 xəstəliyinə yoluxma hallarında xəstəxanaya yerləşdirilmə hallarının artdığı da bildirilir. Artımlar isə daha çox bayramlardan sonra özünü göstərib. Verilən məlumata görə, ötən ilin dekabrın 11-dən 31-ə qədər ölkəmizdə 116 Covid-19 diaqnozlu xəstə aşkar edilmiş, təəssüf ki, 2 ölüm hadisəsi baş vermişdir. Mütləq şəkildə Covid-19-un hər hansı göstəriciləri hiss olunduqda test verilməli və müalicəyə başlanılmalıdır. Evdə, həkim nəzarəti olmadan müalicə almaq fəsadlara səbəb ola bilər”.