“Simurq” AMA-nın yeni rəyasət heyəti və təftiş komissiyası seçilib

14 Yanvar 2024 22:07 (UTC+04:00)

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) 30 illik yubileylərinə həsr olunmuş AMA-nın VII qurultayı öz işini davam etdirib.

SİA-nın əldə etdiyi məlumata görə, assosiasiyadan bildirilib ki, qurultayın işində görkəmli ziyalılar, elm və mədəniyyət nümayəndələri - alimlər, müəllimlər, maarifçilər, incəsənət xadimləri, həkimlər, ictimai-siyasi xadimlər iştirak ediblər.

Əvvəlcə canlarını Azərbaycan torpaqlarının bütövlüyü, Qarabağın azadlığı uğrunda fəda etmiş şəhidlərimizin, habelə “Simurq” AMA-nın fəaliyyətində və nailiyyətlərində əməyi keçən dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, tanınmış kulturoloq, Xalq şairi Nəriman Həsənzadə, Xalq rəssamı Ömər Eldarov, akademik Nizami Cəfərov, general-mayor Vladimir Timoşenko və başqaları “Simurq” AMA-nın 33 illik fəaliyyətini yüksək dəyərləndiriblər.

Qurultayda 11 nəfərdən ibarət yeni rəyasət heyəti və təftiş komissiyası seçildi. Azərbaycanda kulturologiya elminin yaradıcısı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Fuad Məmmədov “Simurq” AMA-nın prezidenti seçilib. Xalq rəssamı, akademik Ömər Eldarov fəxri prezidenti seçilib.

İştirakçılar tanınmış alim, müəllim, təhsil işçiləri və mütəxəssislərin təmsil olunduğu “Simurq” Məşvərət Şurasının tərkibi ilə tanış olub, “Simurq” AMA-nın 2024-2029-cu illər üçün fəaliyyət proqramını təsdiqləyiblər.

Qurultayın qərarına əsasən, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət məktubu qəbul edilib.

Qurultayda “Simurq Quşu” Beynəlxalq mükafatı Xalq şairi, professor Nəriman Həsənzadəyə, “Simurq” beynəlxalq medalı isə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş monoqrafiyanın müəllifi, general Həsən Şirinova təqdim edilib.

Sonda qurultay ərəfəsində nəşr edilmiş “Ruhi mədəniyyətin inkişafına xidmət” kollektiv fundamental monoqrafiyasının təqdimatı olub.