Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra yeni milli ideya və hədəflər yarandı. Tarixi şəraitin dəyişməsi ilə qarşıdakı əsas məqsədimiz bütöv Azərbaycanı inkişaf etdirmək olacaq. Bu mövzunu SİA olaraq tarixçilərlə müzakirə etdik.
Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova: "Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda dayanan əsas vəzifə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması olub. Ərazi bütövlüyünün təmin olunması həm respublikanın xarici siyasətində prioritet istiqamət idi, həm də ümummilli məsələ idi. Azərbaycan xalqı bu problemi, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyünün təmin olunmasını əsas problemi kimi görürdü. Bu, yalnız tarixi -mənəvi yükü olan məsələ deyildi, birbaşa insanların güzəranı, sosial vəziyyəti, ölkənin iqtisadiyyatı ilə bağlı olan məsələlər idi. Ona görə 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yeni şərait yaratdı. Milli baxımdan Azərbaycan xalqının qalib xalq imicini yaratmaqla yanaşı, mənəvi tərəfdən Azərbaycanda xalqın özgüvənini təsdiqləmiş oldu. Bu, qürur, özünə güvən, heysiyyat məsələləri idi ki, 30 ildən sonra məğlubiyyət sindromu aradan qalxdı. Özünü müdafiə edib təcavüzün qarşısını almağa qadir xalq olduğu inamını yenidən qazanmış olduq. Millətin özgüvən hissi onun yaşama və inkişaf funksiyasını şərtləndirən amildir. Qalib Azərbaycan cəmiyyətinin bundan sonra gözləntiləri daha artıq sosial rifah, təhlükəsizlik cəmiyyət, güvənli vətəndaş olmaq hədəfləridir. İşğaldan azad edilmiş torpaqlarda yaşayışın təmin edilməsi, "Böyük qayıdış" proqramı çərçivəsində insanların əzəli yurdlarında yenidən məskunlaşması, bunun üçün cəmiyyətin bütün ideoloji qurumlarının səfərbər olması yeni situasiya yaradır. Bunlarla yanaşı Azərbaycan konstitusiyasında təsbit olunmuş prinsiplərdən irəli gələn əsas hədəflər, demokratik cəmiyyət, firavan vətəndaş olmaq, hüquqi dövlətin prinsiplərinin müharibə vəziyyətindən dinc quruculuq vəziyyətinə keçid prosesində işləməsi mexanizminin təmin olunmasıdır.
Ərazi bütövlüyünün təmin olunmasından sonra Azərbaycan xalqının birliyini təmin edəcək aparıcı ideya dövlətçilik ideyasıdır. Artıq ümummilli məsələ vətəndaşların yeni ovqatlı, qalib dövlətdə təhlükəsiz yaşam tərzinin təmin olunması və gələcəyə ünvanlanan inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. 90-cı illərdə təkcə Azərbaycan torpaqları işğala məruz qalmamışdı, eyni zamanda xarici qüvvələr seperatçılıq hərəkatını həyata keçirirdilər. Xalq içərisində daxildən parçalanmanı yaradan müdaxilə var idi. Artıq Azərbaycan xalqının bu problemi yoxdur. Siyasi Azərbaycançılığın formalaşdığı tarixdən başlayaraq müasir Azərbaycanda yeridilən multikultural dəyərlərə dövlət səviyyəsində sahib çıxılması, cəmiyyətdə min illəri aşan dəyərlərin oturuşması xalqın parçalanması üçün təhdidlərin qarşısını aldı. Müasir situasiyada Azərbaycanın milli ideyası Azərbaycan dövlətçiliyinin daha da güclənməsi, Azərbaycan vətəndaşının dövlətin maraqlarını öz maraqları kimi qəbul etməsi, missiyanın yerinə yetirilməsi önəmli vəzifələrdən biridir".
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru, Ədalət Mustafayev: "Cənab prezidentin çıxışında müasir dövrün başlanğıcının 20sentyabrdan olması kimi göstərildi. 20 sentyabrdan sonra müasir dövr başladı. Yeni milli ideyanın, milli birliyin yeni əsaslar üzrə formalaşması baş verdi. Müasir dövrün yeni mərhələsinin başlanğıcının qoyulmasına qədər Azərbaycan ərazisində seperatizm, daxili birlik və digər məsələlərdə problemlər yaranırdı. Tolerantlıq və başqa məsələlərdə Qarabağda olan seperatizm pozuculuq siyasəti yaradırdı. Ermənilər bu missiyada xarici dövlətlərlə əlbir olub Azərbaycanın daxilində pozuculuq siyasəti yeridirdilər. 20 sentyabrdan sonra bu günə qədər görülən tədbirlər nəticəsində Azərbaycanın konstitusion ərazi quruluşu bərpa edildi. Yeni dövrün başlanğıcı haqqında göstəriş verildi. Cənab prezident bu fikirlərilə, yəni milli ideyanın milli birliyə çevrilməsində, Azərbaycanda elm və təhsil sahəsində yeniliklərin ortaya qoyulması və texnoloji sahələrdə müasir biliklərə yiyələnmək, milli birliyə gedən yolda müasir amillərdən yetərincə istifadə etmək kimi tövsiyələr verdi.
Milli birliyin milli şüura yeridilməsi və əlaqələndirilməsində əsas amil kimi onu hesab etmək olar ki, milli-ictimai şüurun Azərbaycan dövlətçiliyinə, tolerantlığa və lazım olan statuslara uyğunlaşdırılması lazımdır. Milli birlik amilinin bu dövrdən götürülməsi əsasdır. Bu gündən sonra Azərbaycan daxilində problemlər həll olunmuş və əhalinin şüurunda sosial elementlərdə ictimai şüura yönəlmiş siyasət yeridilməlidir. Milli birliyin ictimai şüurla əlaqələndirilməsinin təməlində xalqın sosial rifahının yaxşılaşdırılması prinsipləri, elmi-texnoloji sahələrdə nailiyyətlərin əldə olunması, süni intellekt anlayışının ortaya gəlməsi durur. İndi süni intellekt anlayışı var. İnkişaf etmiş dövlətlər süni intellektdən istifadə etdiklərinə görə bu, Azərbaycan üçün də vacib olan amillərdəndir. Bu gündən sonra da ictimai şüurda da süni intellektin böyük təsiri olacaq. Verilən mesajlar, milli birliyin, ictimai şüura təsir etməsi və bunu da Azərbaycan xalqının gələcək rifahı, dövlətçiliyin qorunması, Azərbaycanın məsələləri güc yolundan əlavə elmi səviyyədə dövriyyəyə gətirməsi kimi qeyd etmək olar. Verilən mesajlar bu gündən sonra Azərbaycan xalqının sosial-iqtisadi rifahının yaxşılaşdırılması və başqa amillərə yönəlmişdir".