Dünya binə olandan insanlar ev qurub içərisində yaşayıblar. Çox da gözəl ediblər. Çünki bir ailənin dörd divar arasında, bir evdə yaşaması, orada dərd-sərini bölüşməsi, gündəlik həyatını məxsus olduğu birliyin üzvləri ilə paylaşması tamamilə doğru düşünülmüş məsələdir.
Zamanla xalq arasında evlə-dörd divarla bağlı deyimlər də formalaşıb. Bir söz-söhbət olanda ata-babalarımız ailəyə onu dörd divar arasında həll etməsini tövsiyə edib. Sözün evdən bayıra çıxmamasını məsləhət biliblər. Ana-nənələrimiz qızlarını ər evinə yola salanda da ona səsinin dörd divar arasında qalmasını tapşırıblar.
Beləliklə ev nədir? Ev pərdədir. Bizim xüsusi həyatımızla ümumi həyat arasına çəkilən pərdədir. O pərdə rahatlığımız, sərbəstliyimiz, müstəqil yaşamağımızla yanaşı, həm də eyib-qüsurlarımızı arxasında saxlaya biləcəyimiz ən etibarlı yerdir.
Bütün bunları tez-tez yada salmaq mümkün olur. Çünki işə gəlib-getdikcə yolda, metroda, marşrut avtobuslarda qarşılaşdığımız çoxsaylı mənzərə buna rəvac olur. Tez-tez gənc qadın və kişinin metroda sərnişin qatarının gurultusunu batıran səsləri, yolda kənardakı insanları görməzdən gələrək mübahisə etmələri və yaxud marşrut avtobuslarda deyişmələri ilə bütün diqqətləri üzərlərinə çəkmələri fonunda düşündüm ki, İlahi, görəsən dörd divar nə üçün imiş?
Elə bu gün də yolda gənc bir ailənin münaqişəsi ilə rastlaşmalı oldum və yolboyu dörd divar haqqında deyilənləri yenidən öz-özümə xatırladım. Əgər elə küçədə savaş elan edəcəkdiksə, dörd divara nə ehtiyac vardı? Hər kəs bir çadır qurub yaşayardı da küçənin ortasında.
Ər-arvad yolboyu deyişdilər. Həm də o qədər ucadan deyişirdilər ki, ətrafdakı hər kəs dönüb onlara baxırdı. Maraqlıdır, onlardan heç biri aradabir səsinin tonunu aşağı salmağa çalışmırdı. Sanki evdədirlər və istədikləri tonda danışa bilərlər.
Yoldakı hər kəs onların arasındakı söhbəti aydınca duyur, mübahisə mövzuları ilə açıqca tanış olurdu. Bütün nəzərlərdən də eyni sual yağırdı: bunlar görəsən problemlərini evlərində-dörd divarları arasında nə üçün həll etməyib, bayıra çıxarıblar?..
Bizə belə bir tərbiyə də veriblər ki, küçədə elə danışmaq lazımdır ki, lap yaxınlıqdakı adam belə narahat olmasın. Lakin görünür, bu ər-arvad ya həmin məsləhətləri eşitməyib, tərbiyəni almayıb, ya da bir qulağından alıb, o biri qulağından ötürüb havaya. Nəticə isə göz önündədir.
Desəm ki, bu kimi hadisələrlə əvvəllər çox az rastlaşırdıq, düşünürəm ki, sözümü təsdiqləyənlər olar. Lakin son vaxtlar həm metroda, həm yolda, istənilən yerdə ər-arvad arasında belə münaqişələrlə daha çox rastlaşmaq olur. Yəqin bunu da təsdiqləyənlər olar. Görəsən bizim ailə dəyərlərini kim aldı əlimizdən? Utanmaq hissini kim qopardı bizdən?
Həqiqətən də kaşki insanın özünə kənardan baxmaq kimi bacarığı olardı. Bu halda görə bilərdi ki, dörd divar arasında qalmalı olan məsələləri özü ilə birlikdə bayıra çıxaranda, necə görünür. Düşünürəm ki, özümüzə aid söhbətlərin başqalarını narahat etməməsi və mədəniyyətimizin nə səviyyədə olduğunu sərgiləməməsi üçün dörd divardan kənara çıxmasaq, daha məsləhətli olar.
Axı biz ailəyik. Ailə olaraq dəyərlərimizi metroda, yolda ayaqlar altına atmağa haqqımız yoxdur. Həm də hər bir söz-söhbət ayrılmaq mövzusu ola bilməz. Belə isə evdə-dörd divar arasında qalsın sirrimiz-sözümüz...
Mətanət Məmmədova