Əsəb, qorxu, stress hansı xəstəlikləri yaradır? - AYDINLIQ GƏTİRİLDİ

12 Yanvar 2024 14:29 (UTC+04:00)

"Stressin bəzi xəstəliklərin əsasında dayandığı faktdır". Bu sözləri SİA-ya açıqlamasında tibb üzrəb elmlər doktoru, professor, həkim Adil Qeybulla deyib.

Onun sözlərinə görə, stress, xüsusilə də, mədə-bağırsaq xəstəliklərinə, nevroza, ürək və sair xəstəliklərə mənbədir: "Stress bir impuls faktorudur. Burada başqa mexanizmlər işə düşür. Maddələr mübadiləsinin düzgün gedişini, ürək ritmini, beynin fəaliyyətini pozur. Beləliklə, ona uyğun və bağlı xəstəliklər yaranır".

Həkim bildirib ki, şəkərli diabetin qorxu, əsəb və stressdən yaranmasına gəldikdə, ekstremal vəziyyətlərdə bu mümkündür: "Bir şeyi nəzərə almaq lazımdır ki, irsi meyillilik burada çox böyük rol oynayır. Sadəcə belə xəstələrdə hansısa stress faktoru onu şərtləndirə bilər. Ona görə bəzi insanlar şəkəri qorxu ilə əlaqələndirirlər. İrsi meyillilik, genetik faktor mühüm rol oynayır. Artıq çəki, az hərəkət, mübadilə pozuntusu, daimi stresslər də şəkərli diabetin yaranmasına gətirib çıxarır".