"Son illərdə baş verən dəyişikliklərlə əlaqədar olaraq test topluları yenilənməlidir. Həm II və III qruplar arasında bəzi ixtisaslarda dəyişiklik oldu, həm fənlərdə, həm də keçən il I qrupda mühəndislik ixtisasında müəyyən dəyişiklik oldu və buna görə də, sözsüz ki, test toplularında da müəyyən dəyişikliklər olmalıdır". Bu sözləri SİA-ya təhsil eksperti Adil Vəliyev deyib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən müəyyən məsələlər, misallar test toplularında nəşr olunur: "Abituriyentlər mütləq şəkildə araşdırılmalıdır ki, hansı test toplusundan istifadə etsələr, imtahan zamanı daha çox faydası toxuna bilər”.
Ekspert qeyd edib ki, bir çox nəşriyyat evi daha çox pul qazanmaq məqsədilə tez-tez müxtəlif test topluları nəşr etdirir: “Bunlara aldanmamaq lazımdır. Əsasən, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi, eyni zamanda illərdir bu sahədə öz sözünü demiş kursların. nəşriyyatların çap etdiyi test toplularından istifadə etmək lazımdır. Ümumiyyətlə, abituriyentlər nə qədər çox test həll etsələr, bu, o qədər onlar üçün yaxşıdır. Çünki bir mövzunun içində on suala da cavab tapa bilərlər, iyirmi suala da və bu, mövzunu mənimsəmək cəhətdən olduqca faydalıdır”.
Ləman Sərraf