Bakıda evin var?

11 Yanvar 2024 13:31 (UTC+04:00)

Lalə Mehralı

Ünsiyyət vacibdir. Qohumlarla, dostlarla olan real, canlı ünsiyyətdən danışıram, virtual sosiallaşmadan yox. Yazdığım mövzuların bir çoxu da ailə məclislərində olduqca, sosiallaşdıqca gördüyüm problemlərdən doğulur. Belə bir məclislərin birində gədəbəyli bir tanış xanım şikayətləndi:

"Oğlum 30 yaşındadır, gözəl təsərrüfatımız var, həm xırda, həm iribuynuzlu mal-qara, toyuq-cücə fermamız var, hamısını oğlum idarə edir, yaxşı dolanırıq. Bu vaxta kimi bəlkə 6-7 qız bəyənib oğlum, elə öz kəndimizdən, getmişik qapısına, qızlar şərt qoyur ki Bakıda evi varsa razıyam. Bizim bütün ömrümüz burada keçib, o qızın ailəsinin də. Yaxşı gəlirimiz, dolanışığımız, şəraitimiz var, nə olsun dağdı? Oğlum evdə elə şərait qurub ki, gəlin gələndə korluq çəkməyəcək. Amma qızlar kəndi bəyənmir, Bakı axtarır. Oğlum təsərrüfatını satıb Bakıdan 2 ev də ala bilər, amma gedib orda nə edəcək?" Beləcə, instaqramdakı Bakının "alışdım-yandım" işıqları, molları, hotelləri, əyləncə məkanları o uca dağlarda evliliyə mane olur. Qızlar elə bilir ki Bakıda yaşayan kimi dönüb olursan elita.

Əslində, qızları ailə qurmağa evlilikdən sonra yaşamaq istədiyi parıltı həyata qovuşmaq istəyi sövq edir. Yəni, evləndiyi şəxsin kimliyi, şəxsiyyəti, mənəviyyatı o qədər də əhəmiyyətli deyil, qazancı, Bakıda evi, maşını oldun yetər. Qızlar öz aralarında maşını olmayan biri ilə sevgili olan, nişanlanan qıza axmaq kimi baxırlar. Avtobusda tanış olduğu oğlanla münasibət yaşadığını, onu bəyəndiyini və evlilik düşündüyünü deyən bir həmcinslərinə qarşı böyük aqressiyalarının şahidi də olmuşam.

Ömründə Bakıda olmayan, coğrafi cəhətdən paytaxtın ölkənin hansı istiqamətində yerləşdiyini bilməyən qızlar elçisinə Bakıda ev şərti qoyur. Vaxt vardı ki qızlar elçi gələnin savadına, ağlına, şəxsiyyətinə dəyər verirdi, mənəviyyatını, insanlığını ölçüb-biçirdi, indi cibinin qalınlığı, maşınının böyüklüyü, Bakıdakı evinin varlığı əhəmiyyət daşıyır. Kəndlərdən paytaxta axının bir səbəbi də odur ki, gənclər Bakını instaqramdakı kimi zənn edirlər, burda yaşayanların hər gecə əyləncədə, hər gün kefdə olduğunu düşünürlər. Bakı sakinlərinin tıxacda keçən ömrü, evi olmayanların kirayələrdəki həyatı, Bakı kəndlərindən min bir zillətlə şəhərə işə, dərsə gedənlər barədə zərrə qədər məlumatlı deyillər.

Bu vəziyyət yaxşı nəticələnməyəcək. Yaşı ötmüş subay oğlanlar artır, özündən iki dəfə yaşlı, Bakıda evi olan, evlənib-boşanmış, uşaqlı kişilərə maraq göstərən gənc qızların sayı da həmçinin. 18 yaşında bir qız, 25 yaşlı həmkəndlisinə yox, 40 yaşlı kişiyə ərə getməyə hazırdır, çünki şəhərdə yaşaya biləcək. Rayonda təsərrüfatı olan, yaxşı qazancı və güzəranı olan oğlan onları maraqlandırmır.

Bakıya gələndən sonra o qızlar xəyal dünyasından çıxmalı olur. Şəhərdəki evin küləyinə uçub gələndə görür ki, Bakı kəndlərinin birindəki həyatı öz kəndlərindəki güzəranından fərqlənmir. Bununla barışa bilmir, instaqramdakı Bakı belə deyildi axı. Parıltılı, işıqlı, əyləncəli Bakı haradadırsa, orada evi olanla evlənmək lazımdır. Düşündüyü həyatı yaşaya bilmədiyi üçün boşanma qərarı alır. Əksəriyyəti ya tik-tok hesabında bədənini nümayiş etdirib hədiyyələr hesabına yaşayır, ya da maddi ehtiyacını ödəyəcək bir “həci” axtarışında olur. Beləcə, bu qızların da, kəndlərdəki subay oğlanların da sayı gündən-günə çoxalır.