SİA-nın əldə etdiyi məlumata görə, italiya alimi Luici Qalvani (Luigi Galvani) təcrübə apararkən canlıların yaşaması üçün böyük əhəmiyyət kəsb edən bioelektrik enerjini təsadüfən kəşf etdi.
Luici Qalvani 1737-ci ildə İtaliyada doğulub. Atası kimi həkim peşəsini seçib. 50 yaşındaykən (1787) qurbağa üzərində apardığı təcrübə zamanı canlı toxumaların elektrik cərəyanı sayəsində hərəkət etdiyini görüncə bioelektrik kəşf etdiyini anladı. Bu təsadüfi kəşf elektrik enerjisinin canlılarda daşına bildiyini və onu bədəndə saxlamağın da mümkün olduğunu ortaya qoydu. Bununla bağlı ən mühüm addımı isə İtaliya fiziki Alessandro Volta atdı. Qalvaninin əsərinə əsasən, Volta 1799-cu ildə mis və sink metalları arasına duzlu suda isladılmış parça yerləşdirdi və ilk dəfə olaraq laboratoriya mühitində elektrik cərəyanı almağa müvəffəq oldu. Bu üsulla elektrikin kimyəvi yolla da istehsal oluna biləcəyini sübut edən Volta elm aləmində ilk akkumulyator sayılan batareyanı kəşf etdi. Voltanın kəşfi elektrik enerjisi sahəsinə bir cığır açdı. Bir çox fizik və kimyaçı bu sahədə işləməyə başladı.
1870-ci ildə İngiltərədə ilk elektrik stansiyası açıldı. İndi elektrik enerjisi istehsalı mümkün olmuşdu. Lakin saxlama və sonra istifadə problemi hələ tam həll edilməmişdi. Voltatik batareyaya isə həm ölçüsünə, həm də dəyərinə görə fikir verilmirdi. Həll təkrar doldurulan batareyalarla tapıldı.
Fransa fiziki Qaston Plante (Gaston Plante) ilk təkrar doldurulan batareyanı kəşf etdi. Qurğuşun-turşu akkumulyatorları kimi tanınan bu akkumulyatorlar ilk dəfə avtomobillərdə kommersiya məqsədli istifadə edilərək nəqliyyat sənayesində yeni bir dövrün qapısını açdı.
Beləliklə, qurbağanın ayağındakı əzələləri aktivləşdirmək üçün aparılan təcrübə zamanı təsadüfən kəşf edilən bioelektrik zamanla portativ və təkrar doldurulan batareyaların kəşfinə zəmin yaratdı. Bu gün avtomobillərdən cib telefonlarına, noutbuklardan pultlara qədər bir çox sahədə istifadə etdiyimiz fərqli kimyəvi maddələrdən ibarət batareyalar var.
Bununla belə, təkrar doldurulan və ya doldurulmamasından asılı olmayaraq hər bir batareyanın ömrü var. İstifadə müddəti bitmiş batareyalar necə gəldi atıldığı zaman tərkibindəki civə, qurğuşun, kadmium kimi zəhərli metallar torpağa, qrunt sularına və dolayısı ilə hər cür canlıya böyük ziyan vurur. Məhz buna görə də tullantı batareyaları atılmamalı və xüsusi müəssisələrdə təkrar emal edilməlidir. Bununçün istifadə edilən, bitən, sıradan çıxan batareyaları onlara ayrılmış xüsusi zibil qablarına atmalıyıq ki, həm ətraf mühitə qarışıb zərər vurmasın, həm də tullantılar bilinən yerdən götürülüb təkrar emala göndərilsin.