"Üç laboratoriya partizan kimi susur, informasiya vermir" - AYDINLIQ GƏTİRİLDİ

9 Yanvar 2024 12:02 (UTC+04:00)

İndi bazarda, marketdə ilin istənilən fəslində mövsümünə uyğun olmayan meyvə-tərəvəzlər tapmaq mümkündür. Hiss olunur ki, məhsulların keyfiyyəti azalıb. Genetik modifikasiya olunmuş (GMO) məhsulların ölkəyə gətirilməsi, törədəcəyi fəsadlar narahatlıq doğurur. Geni dəyişmiş qidalar insan orqanizmində hansı dəyişikliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunları deyib: "Hazırda Azad İstehlakçılar Birliyi, eləcə də bir neçə qeyri-mökumət təşkilatı cənab Prezidentə, Baş nazirə, Milli Məclisə məktublar hazırlayır ki, 2008-ci ildə qəbul olunmuş "Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun"u ləğv etmək istəyən qüvvələr meydana çıxıb".

O, bildirib ki, olan məlumata görə sənədlər hazırlanır: "Çalışacağıq ki, bu qanun ləğv olunmasın. Çünki çox əhəmiyyətli qanundur. Həmin qanunda göstərilir ki, geni dəyişdirilmiş məhsullar ekoloji təmiz mallar hesab olunmur. Onların yayılmasının qarşısını almaq üçün təşəbbüslər var. Cənab Prezidentin GMO-nun ölkədə yayılmasının qarşısını alan əhəmiyyətli fərmanları var. Lakin ölkədə GMO-nu lobbi içində aparan qüvvələr də var. Sakit şəkildə Qida Təhlükəsizliyi Agentliyi bu lobbiçiliyi davam etdirir. Bir il əvvəl AQTA sənəd qəbul etdi, Azad İstehlakçılar Birliyi ona qarşı çıxdı. Ona görə ki, sənəddə göstərilirdi ki, heyvan genetik modifikasiya olunmuş orqanizmlərlə qidalanarsa, həmin heyvanların məhsullarından hazırlanan yem məhsulları Azərbaycanda quşçuluq fabriklərində, fermer təsərrüfatlarında işlədilə bilər.

Azad İstehlakçılar Birliyi bu baxışı ciddi tənqid etdi. Hazırda təşəbbüs qalxıb ki, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun" ləğv olunsun. Bu, yolverilməzdir. Təəssüf ki, Azərbaycanda GMO-nu dəstəkləyən qüvvələr getdikcə artır. Biz onlara qarşı çıxacağıq. GMO-nun insan üçün zərəri olmasa idi, cənab Prezidentin əhəmiyyətli fərmanları, BMT-nin "Ətraf mühitin biomüxtəlifliyinin qorunmasına aid" beynəlxalq sənəd, 153 ölkənin imzaladığı Kortagen protokolu olmazdı. GMO-nun yayılmasının arxasında ümumdünya ticarət təşkilatı dayanır. Yaxşı ki, Azərbaycan 14 ildən çoxdur ki, ümumdünya ticarət təşkilatına qəbul olunmur. Lakin görürük ki, ölkədə tumsuz pomidor, qarpız, böyümüş bibər var. Azad İstehlakçılar Birliyinə görə bunların əksəriyyəti genetik modifikasiya olunmuş orqanizmlərdir, bir çoxu da Türkiyədən idxal olunur. Dünyanın GMO istehsalçısı olan Mansarto şirkətinin Türkiyədə nümayəndəliyi var. Bu malların çoxu hibrid adı ilə gətirilir. AİB iş aparır ki, bu mallar ayırd edilsin".

Sədr əlavə edib ki, ölkədə GMO-nu yoxlayan üç laboratoriya partizan kimi susur, informasiya vermir: "Biz GMO-nun arxasında duran qüvvələri ifşa etməyə cəhd edəcəyik. Hazırda cənab Prezidentə müraciət hazırlanıb. Yaxında müraciəti göndərəcəyik. Qanun ləğv olunsa, bu qüvvələr GMO-ya yaşıl işıq yandıracaqlar".