"Tur paketlərini öncədən almaq riskli ola bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

9 Yanvar 2024 10:41 (UTC+04:00)

"Əslində, öncədən tur paketlərini aldıqda qiymət daha qənaətcil olur. Turizmin pik vaxtı həmin paketləri alanda doğrudan da qiymətlərdə bəzən 40 faizə qədər, bəzən daha çox fərq yarana bilər. Ona görə daim insanlar çalışır ki, öz tətillərini öncədən planlasınlar. Bu plana uyğun da tur paketlərini öncədən alsınlar ki, daha ucuz başa gəlsin”. Bu sözləri SİA-ya danışan turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, 2024-cü ilin yayında qiymətlərin bu ilki qiymətlərdən daha baha olacağı gözlənilir: “Dünyadakı vəziyyətlə əlaqədar olaraq bir çox şirkətlərdə tur paketlərinin qiymətləri qalxıb. Türkiyədə də bildirilir ki, gələn ilin yayında qiymətlər bu ilin yayından 10-15% faiz daha baha olacağı gözlənilir. Ona görə də, belə hallara qarşı öncədən almaq daha əlverişlidir".

Ekspert bildirib ki, tur paketlərini öncədən almaq riskli də ola bilər. Əgər gözlənilməz hansısa hadisə baş verərsə, ciddi böhran olarsa, tur ləğv edilə bilər. İstənilən halda düşünürəm ki, ödədiyiniz pul batmır, hansısa şəkildə kompensasiya olunur. Ola bilər ki, onu pul olaraq geri ala bilməsinlər, amma hansısa şəkildə sonra istifadə edə bilərlər. Riskləri azaltmaq üçün tur paketi aldığınız şirkətləri yaxşı araşdırmalısınız. Çünki tələbat çoxaldıqca, bu işdə də fırıldaqçılar çoxalır".

Ləman Sərraf