Fransız molla

8 Yanvar 2024 14:57 (UTC+04:00)

Çox qəribə dövrdə yaşayırıq, dinsiz dindən, imansız imandan, bir sözlə, kimdə nə yoxdursa ondan dəm vurur. Ən əsası da başqalarına ağıl dərsi keçir, ittiham edir, yeri gələndə isə yerdən-yerə vurur. Amerikanın, Avropanın bir neçə növ “atıcı” silahı var, məsələn “demokratiya”, “tolerantlıq”, “insan haqları”. Bəziləriniz fikirləşərsiniz ki, mən hər kəsin həyatında vacib element sayılan bu nəsnələrə qarşıyam, ya da mənə “sovet adamı” damğasını vurub lənətləyərsiniz. Yox, əlbəttə, hər söz və yaxud söz birləşməsinə yazıldığı statusu daşımağa imkan verilsə, reallıqda olduğu kimi düzgün tətbiq edilsə, çox yaxşı olar və mənin dediklərimə də haqq qazandırarsınız. Məsələn, Amerikada insan haqlarından ağızdolusu danışılır, amma cəmiyyətə ixracında böyük problemlər var. İnsan haqları polisin dəyənəyində, məmurun iddiasında, oğrunun, soyğunçunun, qatilin əşyayi-dəlilində ilişib qalır. Demokratiya da əvvəlki mənasını çoxdan itirib. Amma amerikalılar bizi "geridəqalmış" hesab etdiklərindən elə min il əvvəlki yunan filosoflarının “demos-kratos”u ilə başımızı aldadırlar. Görünür, onları “yaxşı” başa salan yoxdur ki, ay kişi, əvvəlcə özün buna əməl et, sonra bizi qarala…

Aldığım son xəbərdən isə lap çaşıb qalmışam, fransız hara, molla hara, “inşallah” hara. Məsələ burasındadır ki, Fransa prezidenti Makron yeni qanun qəbul edib, Fransada din məsələlərinə DİN-də baxılacaq, yəni Daxili İşlər Nazirliyində. Anlaşılan olmadısa, bir az da dərinə gedək. Makron hesab edir ki, artıq Fransa müsəlmanları ilə iş aparan əlcəzairli və türkiyəli mollaların missiyasını bitirmək, onları ölkələrinə yola salmaq lazımdır. Təbliğat məsələləri ilə bundan sonra respublikanın Daxili İşlər Nazirliyi məşğul olacaq.

Fransa bu ildən etibarən Əlcəzair və Türkiyə kimi müsəlman ölkələrindən ezamiyyətə göndərilən imamların ölkəyə gəlişini qadağan edib. "İnşallah!", deyib, fransızlar sevinir. Fransa prezidenti Emmanuel Makron bu addımın zəruriliyi barədə ilk dəfə təxminən dörd il əvvəl, 2020-ci ildə danışmışdı. O, ölkə məscidlərinin xarici dövlətlər tərəfindən Fransaya göndərilənimamların təbliğat aparmasından narahat idi. “İmamların” işi Fransanın 1990-cı illərdə Əlcəzair, Mərakeş və Türkiyə ilə bağladığı ikitərəfli müqavilələrə uyğun olaraq həyata keçirilirdi. Rəsmi olaraq, emissarların məqsədi din xadimlərinin çatışmazlığı ilə üzləşdiyi iddia edilən Fransanın “müsəlman icmalarına” kömək etmək idi.

Emmanuel Makron imamların “islamçı separatizm” fəaliyyətindən şübhələndiyindən onlara qarşı növbəti səlib yürüşünə çıxıb. Nəticədə əcnəbi imamlar üçün üç illik keçid dövrü artıq bitib. Onlar 2024-cü ilin əvvəlindən Fransaya buraxılmayacaq. İmamlara aprelin 1-dək vaxt verilib. Onlar ya evlərinə qayıtmalı, ya da Fransada işləmək üçün başqa yerlər tapmalı olacaqlar.

Fransa Müsəlman Şurasının vitse-prezidenti Abdullah Zekrinin də “maraqlı” fikirləri var. O, bildirib ki, “ölkə məscidlərində 270 imam çalışır ki, onlardan 150-si Əlcəzairdən, 120-si Türkiyədəndir. İslamın ikinci ən böyük din olduğu Fransada heç kim müsəlman xidmətlərini qadağan etmək fikrində deyil. Hökumət yalnız onlara respublikanın məktəb və universitetlərində ilahiyyat təhsili almış, ölkə daxilində maaş alan fransız imamlarının rəhbərlik etməsini tələb edir. Bundan əlavə, xidmətlər fransız dilində aparılmalıdır”. Yəqin Quran da fransız dilində oxunacaq, salavat da…

Bu arada, qeyd edək ki, fransızlar ümumilikdə həm prezidentin qərarını, həm də onun həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin atdığı konkret addımları dəstəkləyirlər. Bir çoxları isə “respublika dəyərlərini” inkar etməyən, “söz və fikir azadlığını” şübhə altına almayan tam hüquqlu ilahiyyat təhsili almış fransızları o vəzifələrdə görmək istəyirlər. Yenə ayrıseçkilik, islamofobiya…

Qərar, fransızların fikrincə, çox gec verilib. Sevinirlər ki, “Fransada əlcəzairli və türk imamlar bundan sonar olmayacaq, İnşallah!”.