““Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər olduqca mütərəqqi dəyişikliklərdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, indiyə kimi apteklərdə dərmanlar adı ilə axtarılırdı: “Dərman tapılmadıqda isə insanlar eyni tərkibdə olan digər dərmanlara müraciət etməkdən çəkinirdilər. Lazım olan dərmanın respublikaya gətirilməsində hər hansı problem yarandıqda isə bu insanlar arasında təşvişə səbəb olurdu. Əslində isə həkimlər dərmanları adına görə deyil, tərkibinə görə yazmalıdırlar. Çünki müxtəlif ölkələrdə eyni tərkibə malik olan dərmanlar fərqli adlarla istehsal olunur. Bu səbəbdən də əsas olan dərmanın adı yox, onun tərkibidir. Yəni, tərkib eynidirsə, müxtəlif adlarda olan dərmanlardan istifadə etmək olar. Bu isə birbaşa olaraq əlçatanlığı daha da asanlaşdırır. Bundan sonra da reseptlərdə dərmanların adına deyil, tərkibinə görə yazılması insanların lazımi dərmanları daha tez tapmasına şərait yaradacaq. Bu baxımdan qanuna edilən dəyişikliklər olduqca dəyərlidir”.