COVİD-19-a yoluxanların sayı artır? - HƏKİM AYDINLIQ GƏTİRDİ

7 Yanvar 2024 13:17 (UTC+04:00)

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bir çox ölkələrdə xəstələnmə hallarının artması səbəbindən qoruyucu maskalardan, COVİD-19-a və qripə qarşı peyvənddən imtina etməməyi tövsiyə edir ki, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmək lazımdır". Bu sözləri professor Adil Qeybulla deyib.

Həkimin sözlərinə görə, qlobal pandemiya bitib, yenidən alovlanması mümkün deyil, çünki infeksiya zənciri qırılıb: "Sadəcə epidemik ocaqlar ayrı-ayrı yerlərdə davam edir. "Omikron" mutasiya ştamları özünü daha çox yoluxuculuq indeksinin yüksəlməsi ilə göstərir. Amma bu virusun öldürücülük, ağırlaşma törətmə qabiliyyəti aşağıdır. Virus zəifləməkdə davam edir. Bunlara baxmayaraq xəstəlik sayını azaltmaq üçün artıq sınaqdan çıxmış karantin qaydalarına əməl etmək lazımdır".

O, əlavə edərək deyib: "Əllərin gigiyenası, maska taxmaq, izolyasiya, insanların kütləvi toplandığı yerlərdə daha diqqətli olmaq, xəstələnərkən təcrid olmaq, həm özünü, həm də başqalarını qorumaq fərdi karantin qaydalarını qorumaq üçün mühüm şərtlərdir. Biz bu yolla infeksiya zəncirinin davam etməməsi, onun vaxtında lokallaşdırılması, başqalarının yoluxmaması üçün lazımlı işləri görmüş olarıq".