Masallı və onun məşhur həkimlərindən biri

2 Yanvar 2024 18:36 (UTC+04:00)

Tarixi mənbələrdən bizə məlumdur ki, Masallı hələ eramızdan əvvəl də mövcud olub. Amma bəzi tədqiqatçılar səhvən buranın sakinlərinin İraq Respublikasının Mosul şəhərindən köçüb gəlmə olduğunu yazırlar. Guya Masallı-Mosullu sözünün təhrif olunmuş formasıdır. Bəzi tədqiqatçılar isə deyirlər ki, bu rayonun əhalisi guya İran İslam Respublikasının Masal əyalətindən köçüb gəliblər. Bu fikirlərin hər ikisi kökündən yanlışdır və heç bir tarixi mənbəyə söykənmir. Tarixin düzgün, dəqiq yazılmaması da əsrlər boyu xalqımıza böyük bəlalar, ziyanlar gətirir. Bu gün də onun ağrısını çəkirik... Belə tarixi səhvlərin, aramızda mili birliyin zəif olması, xanlıqlara bölünməyimizin, torpaqlarımızı layiqincə qoruya bilməməyimizin nəticəsində ulu Şah İsmayılın bizim üçün qoyub getdiyi iki milyon səkkiz yüz min kvadrat kilometr torpaqlarımızdan Şimali Azərbaycanda yalnız 68, 6 min kvadrat kilometr topaqlarımız qalıb. Onun da iyirmi faizi erməni işğalında idi. Şükür ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin və qüdrətli ordumuzun sayəsində həmin torpaqlarımızı geri qaytardıq və bu gün məmləkətimizin hər yerində üçrəngli bayrağımız dalğalanır. Mən bu yazımda əsl tarixi faktlara söykənərək yazıram ki, Masallının dağlıq hissəsində qədim insanların məskunlaşmağa başlaması Mustye mədəniyyətinin sonu, üst polieolitin əvvəllərinə təsadüf edir. Ona görə də tarixi faktlara söykənsək, eramızın birinci yüzilliklərinə dair Masallı abidələridən nümunələr də göstərə bilərəm.

Amma biz Masallının daha qədimlərdən yaşayış məskəni olduğunu buradan tapılan qədim məişət əşyaları, silah növlərini, əkinçilik üçün istifadə olunan alətləri və başqa tarixi dəlillərlə daha dəqiq sübut edə bilərik. Hətta bu yerlərdə yaşayanların qədim massaketlərin törəmələri olduğunu da söyləmək olar. Ola bilsin ki, massaket sözü sonralar dilimizin leksikonuna uyğunlaşaraq Masallı şəklinə düşüb. Çünki eramızdan əvvəl 168-90-cı illərdə yaşamış məşhur alim Ptalamey, VII əsrdə yaşamış coğrafiyaşünas Starabon və bu yerlərə səyahətə gəlmiş onlarla alimlər, coğrafiyaşünaslar Masallı ərazisində olan Qızılağac, Muğan, Şəhriyar, Mahmudabad, Cəm-cəm ( bəzi mənbələrdə Camu-cəm) kimi on iki şəhərin adlarını çəkiblər. Deməli, bu şəhərlərdə yaşayan insanlar öz dövürlərində yaxşı inkişaf etmiş ayrı-ayrı sənət nümunələri yaratmaqla, kənd təsərrüfatı məhsulları istehsal etməklə dünya ölkələri ilə ticarət əlaqələri qura biliblər.

Masallı lap qədimlərdən ticarət yolunun üstündə yerləşib. Rayonun Yelağac kəndinə gedən yolun üstündə, Uruz qoruğu deyilən yerdə antik dövrə aid yaşayış məskəni, qəbir abidələri aşkarlanıb. Hişkədərə, Qəriblər, Kolatan, Mahmudavar, Qızılavar, Türkoba, Şıxlar və başqa kəndlərində turc dövrünə aid çoxlu sayda kurqanlar tapılıb. Tatyan kəndindəki atəşpərəstlik dövrünə aid Babayi-Əmir ziyarətgahı hal-hazırda da yerli və ətraf kəndlərin camaatı üçün ziyarətgahdır. İndi də orada qurbanlar kəsilir və ora nəzir-niyazlar qoyulur. Burada Avesta təriqətinə, Zərdüşt peyğəmbərə inaclar çox böyük olub. Bu bölgənin adamları Hürrəmilərlə ərəb xilafətinə qarşı döyüşlərdə Babək hərəkatında çox böyük mütəşəkkilliklə iştirak edib, döyüşüblər. Bütün bunları da oda sitayişlə bağlı qorunub bu günlərə qədər gələn türbələr sübut edir. Ərkivan qəsəbəsində enolit və tunc dövrlərinə aid təpələr, kurqanlar, qəbirstanlıqlar da aşkarlanıb. Hətta aparılan tədqiqatlar nəticəsində V-VI əsrlərdə Ərkivanın qala olması ehtimalını söyləmək də mümkündür. Burada həmin dövrlərdən dulusçuluq çox inkişaf edib.

Ərkivanla bağlı başqa bir faktı da deyə bilərik. Şah İsmayılın ulu babası olan və sadə şəkildə Şah Səfi -Şeyx Səfi adlandırılan Şeyx Səfiyəddin Ərdəbilli ( 1252-1335-cü illər) çox gənc yaşlarından islam dininin bir neçə təriqətə bölünməsinin qarşısını almaq, sufizm təriqətini yaymaq məqsədi ilə Azərbaycanı qarış-qarış gəzib, ictimai-mədəni tədbirlər həyata keçirib. Belə ki, o, məscidlər tikdirib, körpülər saldırıb, bulaqlar qazdırıb və kəndlərə su çəkdirib. XIII əsrdə Şeyx Səfi ( Şeyx Səfiyəddin) Masallıda da olub, Ərkivan kəndində bir sıra abadlıq işləri gördürüb və bir quyu da qazdırıb. Həmin quyu bu gün Şah Səfi ocağı (quyusu) adlandırılır. Quyunun yanında tikdirdiyi bina isə Şeyx Səfi məscidi adlanır.

Masallı şəddadilər dövründə də olub. Rəvvadilər dövründə də yaşayıb. Qaraqoyunlular dövründə də diqqəti çəkib, ağqoyunlular dövründə hörmət-izzətlə sayılıb-seçilən yaşayış məskəni olub... Deməli, bu yerin və burada yaşayan insanların tarixi çox qədimdir.

Beləliklə, Azərbaycanın ən qədim tarixə malik olan, dənizlə meşənin qovuşacağında, dağla aranın vəhdətində yerləşən, Ulu Tanrının zərgər dəqiqliyi ilə min bir naxış vurduğu rayonlarından, yurd yerlərimizdən biri də Masallıdır. Cənnətin bir parçası, Ulu Yaradanın kamil qələmi ilə min bir naxış vurduğu məkan adı kimi özü də bir masal, nağıl timsallı yurd yeridir Masallı. Bu rayon istər təbiətinə, istər coğrafi mövqeyinə, istər relyefinə, istər də sosial göstəricilərinə görə daim diqqət mərkəzində olan rayonlardandır. Yəqin ki, belə gözəl, səfalı təbiətinə, çox münbit torpağına görə burada insanlar sıx formada məskunlaşıblar. Bu rayonun Xəzər dinizinin sahillərində tutduğu mövqeyi, Viləş çayının hər iki sahilində bərqərar olması, Talış dağlarının ətəyində yerləşməsi, yeraltı şəfa suları ilə zənginliyi, zəngin fiosferi, rekord səviyyədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi texnalogiyası, islam dəyərlərinə dərin hörməti, elmə-təhsilə-mədəniyyətə olan sevgisi ilə daim fərqlənən bir məkana çevrilməsini xüsusi qeyd etmək lazımdır.

Masallı, 1930-cu ilin payızında inzibati rayon kimi təşkil olunub. Həmin vaxta qədər isə Masallının kəndləri Bakı quberniyası, Lənkəran qəzasının tabeçiliyində idi. Baxmayaraq ki, Masallı Lənkəranın tabeçiliyində idi, amma Qızılağac, Boradigah, Alvadı və Qala bazarı (indiki Masallı) kimi ticarət mərkəzləri bölgənin iqtisadiyyatının inkişafında mühüm rol oynayırdı. Bu gün də şosse və dəmir yolu bu rayondan keçməklə rayon, dünya ticarət yolunun üstündədir. Ona görə də Masallıda son dərəcə müasir üslübda tikilmiş böyük bazarlar və ticarət obyektləri var. Bu rayon həm də Xəzər dənizinin Kiçik Qızılağac körfəzində yerləşir. Deməli, rayonun dənizə çıxış üçün də su yolu var.

Əhalinin sıxlığına görə Masallı Çin Xalq Respublikasından sonra dünyada ikinci yerdədir. Bu rayonun 721 kvadrat km sahəsi, iki yüz otuz mindən çox əhalisi var. Masallıda hər kvadratkilometrə təxminən iki yüz əlli nəfər düşür. Respublika əhalisinin sıx yerləşdiyi rayonlar arasında ikinci yerdə Xaçmaz rayonudur. Bu rayonda isə hər kvadratkilemetrə yüz otuz-yüz qırx nəfər düşür. Masallı, bir şəhər, üç şəhər tipli qəsəbə, yüz on kəndi özündə birləşdirən çox böyük yaşayış məskənidir. Rayon İcra Hakimiyyətinin kəndlər üzrə otuz altı ərazi nümayəndəliyi və otuz altı bələdiyyə təşkilatları fəaliyyət göstərir. Bu rayonun əsas çayı Viləşdir. Dağlıq və dağətəyi hissəsində enliyarpaqlı palıd, şabalıdyarpaqlı palıd, dəmirağacı, fıstıq, vələs, meyvə ağacları çoxluq təşkil edir. Burada vəhşi heyvanlardan oxlu kirpiyə, bataqlıq qunduzuna, çöl siçanına daha çox rast gəlmək olur. Ayrı-ayrı balıq növləri ilə çoz zəngindir Masallı. Çöl quşlardan isə turac, qırqovul, vağ, sultan toyuğu, bildirçin, qaşqaldaq, ördək, göyərçin daha çox olur Masallı ərazisində.

Masallı rayonu özünün analoqu olmayan şəfa suları ilə zəngin bir diyardır. Buradakı çoxlu istirahət ocaqları turistlərin ən çox gəldiyi və istirahət etdiyi yerlərdir. Masallının İsti Su “Fatimeyi-Zəhra” müalicəvi sanatoriyasında və Mir Kazım Aslanlı adına yeni İsti Su “Yanardağ” şəfa ocaqlarına hər il minlərlə insanlar gəlib, şəfa tapırlar. Bu sanatoriyalardakı 60 dərəcədən yuxarı istilikdə 90-250 kilometr dərinlikdən çıxan kükürdlü məhlul revmatizm, dəri xəstəlikləri, böyrək və sidik yolları xəstəlikləri, radikulitlər, prostatlar, hipertaniyalar, qara ciyər və öd yolları xəstəlikləri, qadın xəstəlikləri, qadın və kişi sonsuzluğu, mədə-bağırsaq, travmatik və başqa onlarla xəstəliklərin dərmanıdır.

Beş il bundan qabaq isə Masallı səhiyyəsinin həyatında ən böyük tarixi hadisələrdən biri oldu. Belə ki, beş il bundan qabaq “Bioloji Təbabət” Klinikasının Masallı filialı Cənub regionunda fəaliyyətə başladı. Bildiyimiz kimi Masallı şəhəri zəngin tarixi-mədəni irsi, mənəvi dəyərləri ilə tanınan və rəngarəng təbiəti olan bölgələrimizdən biri olduğuna görə bu rayonda səhiyyə xidmətlərini inkişaf etdirmək və əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək həyati əhəmiyyət kəsb edirdi. Bioloji Təbabət Klinikası da bu missiyanı öz üzərinə götürdü. Bu klinika eyni zamanda ətraf rayon və şəhərlərin əhalisini də peşəkar tibbi xidmətlə təmin etmək baxımından Respublika səhiyyəsinə böyük töhfələr verir.

Əvvəla onu vurğulamaq istəyirik ki, Bioloji Təbabət Klinikası Respublika səhiyyə sisteminə gətirdiyi innovativ və müasir yanaşmaları ilə çox yaxşı tanınır. Tibbi xidmətlərin dünya səhiyyəsində texnoloji nailiyyətləri izləyərək beynəlxalq standartlara cavab verən müayinə və müalicə aparatları vasitəsilə göstərilməsi regionda səhiyyə sektorunun inkişafına mühüm təkan verib. Klinikada peşəkar yerli və əcnəbi həkimlər, həmçinin orta tibb heyətinin iş birliyi xroniki, autoimmun və cərrahi müdaxiləyə ehtiyacı olan pasiyentlərin effektli və kompleks müalicə alaraq sağlamlıqlarına qovuşmaqlarına lazım olan kimi imkan yaradır.
Qeyd edək ki, Bioloji Təbabət Klinikasında İnteqrativ Tibb metodları ilə həyata keçirilən çoxistiqamətli müalicə üsulları sayəsində pasiyentlər yalnız illərlə onları narahat edən sağlamlıq problemlərindən deyil, həm də həyat tərzlərinə, iş qabiliyyətlərinə mənfi təsir göstərən emosional və psixoloji gərginlikdən də xilas olurlar. Belə ki, Almaniyanın səhiyyə sisteminin yenu uğurlarına söykənən və kimyəvi dərmansız kompleks şəkildə aparılan belə tibbi xidmət növü artıq Azərbaycanın səhiyyə sistemi üçün təqdirəlayiq böyük bir təcrübəyə çevrilib.

Bioloji Təbabət Klinikasının əhalinin sağlamlığı keşiyində dayanmaq kimi şərəfli missiyası sosialyönümlü layihələrin icrası ilə paralel şəkildə davam etdirilir. İkinci Qarabağ müharibəsi dönəmində Klinika tərəfindən təşəbbüslə həyata keçirilən hospital fəaliyyəti, məktəblərdə, digər kollektivlərdə keçirilən tibbi maarifləndirmə kampaniyaları və ictimai sağlamlıqla bağlı maraqlı tədbirləri daha sağlam cəmiyyətin yaradılmasına böyük töhfədir.

Klinika həmçinin, son iki ildə İcbari Tibbi Sığorta xətti ilə ümumi cərrahiyyə, beyin və onurğa, travmatoloji və uroloji, eləcə də üz-çənə cərrahiyyəsi, nevroloji və diaqnostik müayinər həyata keçirməklə nəinki Masallı şəhərinə, rayonuna və ümumilikdə Cənub regionuna yüksək səviyyədə peşəkar tibbi xidmət göstərir.

Bioloji Təbabət Klinikasının son 5 ildə müayinə, müalicə, cərrahi müdaxilə və təcili tibbi yardım sahəsində əldə etdiyi bu uğurlardan Masallı rayonu ilə yanaşı ətraf şəhər və rayonların əhalisi də lazım olan kimi faydalanırlar. Onların hamısı buranı ümid qapısı bilirlər.

İnanırıq ki, Masallıda fəaliyyət göstərən Bioloji Təbabət Klinikası gələcəkdə də səhiyyə sahəsində növbəti daha uğurlu addımlar ataraq, Azərbaycanın səhiyyə xidmətlərinin inkişafına yüksək səviyyədə öz töhfəsini verməyə davam edəcəkdir.
Masallı Bioloji Təbabət Klinikası da məhz o məqsədlə Masallıda yaradılıb ki, bu rayon Cənub bölgəsinin tən ortasında, Lənkəran, Lerik, Yardımlı və Cəlilabad rayonları ilə həmsərhəddir. Bakı-İran, Bakı-Rastov magistral və Bakı-Astara dəmir yolu da bu rayondan keçir. Deməli, bu klinika Cənub bölgəsin mərkəzində yaradılmaqla, bu bölgədə səhiyyə sahəsində də mərkəzdə dayanır.

Masallı əsasən aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsasən taxılçılıq, tərəvəzçilik, tütünçüdük, kartofçuluq, üzümçülük, qismən çayçılıqdan ibarətdir. Bunlardan başqa rayonda maldarlıq, qoyunçuluq, quşçuluq və balıqçılıq təsərrüfatları da var. Bu rayonun sənayesi isə əsasən kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrdir. Bunlar- konserv zavodları, süd emalə sexləri, dəyirmanlar, su və şirəli içki sexləridir. Bundan başqa rayonda mebel fabrikləri, kərpic zavodları, metal kostruksiya hazırlayan sexlər, ağac emalı müəssisələri, tikinti materialları müəssisələri də fəaliyyət göstərir.

Masallıda doxsan doqquz ümumtəhsil məktəbləri, on altı məktəbəqədər və dörd məktəbdənkənar tərbiyə müəssisəsi, bir peşə liseyi rayon məktəblilərinin ixtiyarındadır. Üç mədəniyyət və istirahət parkı, mərkəzi mədəniyyət sarayı, qırx dörd klub, incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, “Halay” qızlar ansambılı, Xalq Teatrı rayon camaatına xidmət edir. Masallıda şahmat məktəbi, idman məktəbləri, Olimpiya idman kompleksi fəaliyyət göstərir.

1975-1985-ci illərdə Viləşçay dəryaçasının yaradılması kənd təsərrüfatının iri sıçrayışla inkişafına təkan verib. Yayda susuzluqdan əziyyət çəkən Masallının yaşayış məntəqələri kanallar, kəmərlər vasitəsi ilə suyla təmin olunur. Rayonda çox böyük məsafədə uzanan suvarma kanallarının köməkliyi ilə kəndlərə əkin üçün su verilir. Eləcə də rayon içməli su ilə tam təmin olunub.

Masallıda Mərkəzi Xəstəxana, Respublika Göz Xəstəxanasının Regional şöbəsi, Regional Vərəm Əlehinə Dispanser və başqa səhiyyə ocaqları da fəaliyyət göstərir.

Bu rayonda axır vaxtlar çox böyük quruculuq işləri gedir. Çoxlu parklar salınır, yollar çəkilir, yollar əsaslı təmir olunur. Biri-birindən yaraşıqlı hündürmərtəbəli yaşayış binaları tikilir. Çoxlu istirahət evləri, turizm bazaları açılır. Yeni tikilən inzibati binalar, sosial obyektlər bu gün Masallını daha da yaraşıqlı edir və gözəlləşdirir.

Masallı şəhərində ümummilli lider, müasir Azərbaycanın qurucusu, meamrı və banisi Heydər Əliyevin büstü, abidəsi, dahi rəhbərin adını daşıyan musey, xalqımızın iftixarı, ilk Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətainin adını daşıyan park və heykəli bu rayona böyük yaraşıq verir. Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında da böyük abadlıq, quruculuq işləri görülüb. Hal-hazırda Masallı özünün iqtisadi potensialına, burada aparılan böyük quruculuq işlərinə görə müstəqil Azərbaycan Respublikasının inkişaf etmiş rayonlarından birinə çevrilib. Və rayon artıq günü-gündən gözəlləşir.

Bütün bu gözəlliklərilə birlikdə Masallı rayonu onun ziyalıları, elm adamları, tibb və başqa sahələrdə çalışan alimləri, respublika səviyyəli təhsil işçiləri, yazıçıları, şairləri, jurnalistləri, incəsənət işçiləri, idmançıları, iş adamları və başqa sahələrdə çalışan insanları ilə daha çox tanınır. Belə ki, bu rayon hər zaman ziyalıları, elm adamları və dünya şöhrətli şəxsləri ilə Azərbaycanda, eləcə də dünyanın bir çox yerində məşhurdur.

Bu yazıda haqqında yazdığımız şəxs də, Masallının qürur və iftixarla tanıdığı tibb alimlərindən və yüksək peşəkar həkimlərindən biridir. Bu, böyük şəxsiyyət və məşhur həkim Fikrət Xanhüseyn oğlu Əliyevdir.

O, Masallı rayonun Təzəkənd kəndindən anadan olub. Hal-hazırda isə Respublikanın ən məşhur tibb ocaqlarından biri olan və təkcə Azərbaycanda yox, dünyada tanınan akademik Mustafa Ağabəy oğlu Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində çalışır.

Yuxarıda yazdığımız kimi Fikrət Xanhüseyn oğlu Əliyev 1967-ci ilin iyun ayının 6-da Masallı rayonunun Təzəkənd kəndində anadan olub. Orta məktəbi 1984-cü ildə bitirib və elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. O, 1985-1987-ci illərdə Sovetlər ordusu tərkibində hərbi xidmət edib. 1992-ci ildə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib və həmin universitetdə müəllim kimi əmək fəaliyyəti göstərməyə başlayıb. O, artıq tibb üzrə fəlsəfə doktorudur. Dosent vəzifəsində Mustafa Ağabəy oğlu Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Morfoloji diaqnostika şöbəsinə rəhbərlik edir. Fikrət həkim öz ixtisasına görə təkcə Azərbaycanda yox, dünyada tanınan həkimlərdən biridir. Belə ki, Fikrət həkimin elmi əsərlərinin sayı 120-yə yaxındır. Əksəriyyəti də xarici jurnallarda çap olunub. Özünün ağlına, savadına və peşəsinə görə Fikrət həkim bir çox Elmi cəmiyyətlərin üzvüdür. Üç dərs vəsaitinin və bir monoqrafiyanın müəllifidir. Hər bir elmi əsəri və dərs vəsaiti də tələbələrə, mütəxəssislərə öz peşəkarlıqlarını artırmaqda çox kömək edir.

Beləliklə, Azərbaycanın tibb sahəsindəki alimləri arasında Fikrət Əliyevin öz dəsti-xətti var. Bu dəsti-xətti, ağlı, yüksək peşəkarlığı ilə dünya tibb elminə özünün töhfələrini verir.

Çox sevindirici haldır ki, Fikrət həkim hər yerdə özünün Masallıdan olduğunu deyir və vurğulayır ki, “bu rayonla və masallılarla fəxr edirəm”.

Biz masallılar da, fəxr edirik ki, dünya səviyyəsində tibb sahəsində tanınan belə məşhur eloğlumuz var. Ona da inanırıq ki, az bir vaxtda Fikrət həkim Azərbaycanı tibb sahəsində dünyada daha da məşhurlaşdıracaq.

Təbiblər haqqında belə bir maraqlı deyim var: “Həkimlər bəzən ovuclarında həyat xətti çəkən insanlardır”. Məhz Fikrət həkim də belə müqəddəs insanlardan biridir.

Sevindik BECANLI