Bu, mənim fikrimdir, lakin ümidvaram ki, fikrimlə həmrəy olan minlərlə insan var. Bəli, 2023-cü il iki əsas hadisə ilə əsla unudulmayacaq. Onlardan birincisi bu ilin sentyabr ayının 20-də Xankəndidə aparılan antiterror tədbirləridir ki, bununla 2020-ci ildə başlayan İkinci Vətən müharibəsi tamamlanmış oldu. 30 il işğal altında qalan torpaqlarımız bütövlükdə azad edildi. Konstitusiya quruluşumuz, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Eləcə də 30 il ərzində canlarını Azərbaycanın bütövlüyü naminə qurban vermiş şəhidlərimizin, sağlamlığını ömürlük itirmış qazilərimizin, 30 il ərzində məcburi köçkün kimi yaşamağa vadar edilmiş soydaşlarımızın qisası alındı. Ümumilikdə isə bütün azərbaycanlıların qisası alındı. Çünki onların hər biri şəhid ana-atası, bacı-qardaşı, yaxın qohumu, bütövlükdə isə torpaqlarına və soydaşlarına düşmən tərəfindən zülm edilmiş insanlardır. Bu səbəbdən də 2023-cü il dövlətimizin başçısı cənab İlham Əliyevin 20 ilin əvvəlində başladığı işin müvəffəqiyyətlə sona çatması, erməni qəsbkarlığına son qoyulması, sərhədlərimizin möhkəmləndirilməsi ili kimi tarixin şanlı səhifələrinə yazıldı. Çünki bu tarix bizim şərəf tariximizdir. Torpağı-namusu düşmən tapdağı altında olan xalq heç vaxt başını dik tutub yaşaya bilməzdi. Müzəffər Ali Baş Komandanımız bu yükü böyük bir xalqın çiyinlərindən qaldırdı. Xalqına Zəfər bəxş etdi. Tarixin 270 illik axarını dəyişdi. Və elə adını da tarixin səhifələrinə qızıl hərflərə yazdı.
20 sentyabr Xankəndinin, Xocalının, Xocavəndin, Əsgəranın, Ağdərənin günü oldu. Gözləri Zəfər yolunda qalan bu ərazilərimizin Vətənə qovuşması günü oldu.
***
İkinci yaddan çıxmayan hadisə isə AXCP sədri Əli Kərimlinin ermənilərin torpaqlarımızı işğal etməsini əldə etdiyimiz Zəfərdən üstün tutmasıdır. Bunu tarix də, zaman da, biz azərbaycanlılar da əsla unutmamalıyıq. Ona görə ki, bu, birinci qədirbilməzlik, ikinci böyük səhv, üçüncü isə torpaqlarımızın işğalına yol açanların utanmadan danışmasıdır. Nə üçün ermənilərin işğalı bizim qələbədən üstün idi? Axı ermənilər əslində torpaq işğal etməmişdi, bu torpaqlar onlara qızıl teştdə hədiyyə olunmuşdu. Yəni bunu Azərbaycanda bilməyən var ki, Əli Kərimli bu cür əttökən, tarixin ləkəsi olan cümlələr qurur.
Xalqın övladlarının qanı, sağlamlığını itirməsi bahasına əldə olunan Zəfəri bu qədər təhqir etməklə Əli Kərimli nə düşünür? Yəni illərlə hakimiyyətdə olmağa can atıb, lakin buna müvəffəq ola bilməyən adam bütün bunun acığını xalqından çıxıb onun 30 ildən sonra qazandığı Zəfərə bu qiyməti verər?
Əli Kərimlinin bu sayıqlaması 2023-cü il tarixinin qara bir səhifəsini təşkil edir. Xalqın qələbə üzərindən qələbə sevinci yaşadığı, torpaqlarına qovuşduğu, soydaşlarımızın Böyük Qayıdışla yurdlarına qayıtdığı, bunu toy-bayram etdiyi bir dövrdə Əli Kərimli bu cümlələrlə yalnız özünü biabır etdi. Kimliyini, xislətini, dövlətə və dövlətçiliyə, xalqa-millətə acıqlı olmasını ortaya qoydu. Və bir də tək ona nail oldu ki, bu fikirləri 2023-cü ilin unudulmayacaq hadisəsinə çevrildi.
Biz 2020-ci ildən qələbələrlə yaşayırıq. Bu qələbələr 2024-cü ildə də davam edəcək. Bizi qarşıda uğurlu, sevincli günlər gözləyir. Əli Kərimli kimilər bizim Zəfərimizə, sevincimizə, ölkəmizin inkişafına kölgə sala bilməz. Çünki biz xalq olaraq 30 il əvvəli də görmüşdük, 30 il sonranı da görürük və çox düzgün nəticə çıxarırıq.
Yaşasın unudulmayan 20 sentyabr!
Ar olsun Əli Kərimli fikirlərinə!
Mətanət Məmmədova