Xoş gəldin, AĞDƏRƏ! -TƏHLİL

29 Dekabr 2023 16:59 (UTC+04:00)

20 sentyabr kimi böyük tarixlə yaddaqalan və tarixin səhifələrinə Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə kimi əzəli Azərbaycan torpaqlarının erməni qəsbkarlarından azad edilməsi ili kimi yazılan 2023-cü il əsrlər sonra da bu böyük Zəfərlə yad olunacaq, qürur tariximiz, şərəfimizin, namusumuzun xilası günü kimi xatırlanacaq. 2023-cü il həm də Ağdərənin Ağdərəyə qaytarılması, ləğv edilmiş, lakin ürəklərdə, yaddaşlarda yaşayan bir rayonun dövlətimizin başçısı tərəfindən yenidən soydaşlarımıza hədiyyə edilməsi ili kimi də yaddaşlara həkk olunacaq.

“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2023-cü il tarixli Fərmanı tamamlanmaqda olan ildə hər bir azərbaycanlı üçün yeni bir Zəfər, qürur mənbəyi oldu. Fərmanla illər öncə üzərindən qara xətt çəkilmiş bu dilbər yurdumuza-Ağdərəyə yeni həyat bəxş olundu, o, yenidən həyata vəsiqə aldı.

Ağdərəyə bir nəzər

Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi isə Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağ ətrafındakı üç rayon - Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünmüşdü. Həmin qərara əsasən rayonun Xatınbəyli, Qazançı, Maniklu (indiki Məlikli), Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan (indiki Ballıqaya) kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; Çərəktar, Vaquas (indiki Qozlu), Kotavan (indiki Qozlukörpü), Verin Oratağ (indiki Yuxarı Oratağ), Arutunaqomer (indiki Qızılqaya), Qoçoqot (indiki Yayıcı), Poqosaqomer (indiki Dəvədaşı), Drombon (indiki Heyvalı), Çıldıran, Mehmana, Araçadzor (indiki Dovşanlı), Hayad, Tomaqahoğ (indiki Bazarkənd), Şahmasur (indiki Şahmansurlu), Vənkli (indiki Vəngli), Qarnakar (indiki Çormanlı), İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk (indiki Həsənriz), Nareştar (indiki Narınclar), Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri, Umudlu, Zəylik, Metsşen (Ulu Qarabəy), Möhrətağ (Kiçik Qarabəy), Ağabəyələnc (Ağabəyyalı), Mağavuz (Çardaqlı), Akop Kamari (Lüləsaz), Minqrelsk (Meqrelalay), Nerkin Oratağ (Aşağı Oratağ), Qasapet, Canyataq, Dəmirli, Gülyataq, kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdi.

Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu bir çox ərazilərimiz kimi Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşulur. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal edir.

2023-cü il düz 30 il olurdu ki, biz Ağdərəsiz qalmışdıq…

15 oktyabr-Ağdərənin bayraqlı günü

Ağdərə də Qarabağ və Şərqi Zəngəzurun müəyyən əraziləri kimi üçrəngli bayrağımızı doyunca sinəsinə sıxmamışdı. 1991-ci ildə bərpa etdiyimiz müstəqilliyimizdən az sonra bu tarixi Azərbaycan torpaqları nankor, qonşuluqdan kənar düşmən ermənilər tərəfindən işğal edilmişdi. Elə bu səbədən də qədim yurdlarımız 70 il sovet dövrünün bayrağını sinəsindən qoparar-qoparmaz işğal altına düşmüşdü.

Necə ki, Azərbaycan öz balası olan bu torpaqlara 30 il idi ki, həsrət qalmışdı, soydaşlarımız öz ata-baba yurdlarından silah burnunda qovulmuş, məcburi köçkünə çevrilib ölkəmizin müxtəlif bölgələrində torpaq həsrəti ilə yanıb-yaxılırdı, eləcə də bu torpaqlar üçrəngli bayrağımızın sinəsində dalğalanacağı günü səbirsizliklə gözləyirdi.

19-20 sentyabr 2023-cü ildə başlanan lokal xarakterli antiterror əməliyyatlarının nəticəsində Ağdərə rayonu 24 sentyabrda Azərbaycan ordusu tərəfindən azad olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bununla da Ağdərə illərlə həsrətində olduğu azadlığına, bayrağına qovuşdu. Lakin bu gözəl yurd axı əvvəllər rayon statuslu olmuşdu. Rayonlaşması üçün bütün imkanlar yaradılmışdı. Bəs rayon olması üçün illərlə qurulub-yaradılan Ağdərə öz inzibati ərzi quruluşunu nə üçün itirməli idi?..

Ağdərə həyata vəsiqə aldı

2023-cü ildə Azərbaycan Milli Məclisinə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi daxil olmuşdur. Layihəyə əsasən, rayon ərazisinin Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilməsi nəzərdə tutulur.

Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Orta Güneypəyə, Sırxavənd və Yeni Qaralar kənd inzibati ərazi dairələri Ağdam rayonunun, Çərəktar, Çıldıran, Dovşanlı, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Narınclar və Vəngli kənd inzibati ərazi dairələri Kəlbəcər rayonunun, Ağdərə şəhər, Şıxarx qəsəbə, Ağabəyyalı, Canyataq, Çardaqlı, Çaylı, Həsənqaya, Kiçik Qarabəy, Qızıloba, Aşağı Oratağ, Talış, Ulu Qarabəy və Umudlu kənd inzibati ərazi dairələri Tərtər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə verilir.

“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlər Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2023-cü il tarixli Fərmanı ilə tənzimlənir.

Fərmanda Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının 2-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”na uyğun olaraq təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması nəzərdə tutulur.

Daha sonra Fərmanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Ağdərə, Ağdam, Kəlbəcər, Tərtər, Xocalı və Goranboy rayonlarının icra hakimiyyətləri ilə birlikdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanunu ilə yeni müəyyən edilmiş sərhədlər yerdə (naturada) dəqiqləşdirilərək mərzçəkmə işlərinin yerinə yetirilməsini bir il müddətində təmin etməsi öz əksini tapır.

Həmçinin Fərmanda “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 720) 1.6-cı bəndinə “Ağdam,” sözündən sonra “Ağdərə,” sözünün əlavə ediləsi göstərilir.

Qeyd edək ki, nəzərdə tutulan müddəaların hər birinin icrası üçün bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

Beləliklə, 2023-cü il Ağdərə rayonunun həyata yenidən vəsiqə alması ili kimi Azərbaycan tarixinə şanlı sətrlərlə yazıldı.

Xoş gəldin, Ağdərə! Qarabağ, Şərqi Zəngəzurun əraziləri kimi, sən də haqqına qovuşdun. Çoxillik rayon statusunu almaqla haqqına çatdın. Hazırki vəziyyətinlə qısa bir zamanda ölkəmizin ən gözəl rayonlarından birinə çevriləcəyinə böyük ümid bəsləyirik. 2024-cü il sənin inkişaf ilin kimi yaddaşlarda qalacaq. Soydaşlarını yurduna qayıdan görmək hər birimizin qüruru olacaq. Necə ki, 2020-ci ildən üzübəri qürurlu günlərdir ki, yaşayırıq...

Mətanət Məmmədova