SİA aktyorlar arasında sorğu keçirib:
Aktrisa Firuzə Balayeva: "Qarşıdan gələn bayramlarınız mübarək olsun! Xalqımıza can sağlığı ruzili bərəkətli il arzulayıram. Bu il mənim üçün həm ürək açan oldu, həm də olmadı. Ailəmizdə itkilər oldu. Bu, üzücü olsa da, Allahın yazısını pozmaq qeyri mümkündür. Xoş olan hadisələrim - işlədiyim doğma AZDRAMA teatrımızda tamaşalarda məşğul olmağım, maraqlı qastrol səfərlərimizlə yadda qaldı. Yeni ildən gözləntilərim odur ki, teatrda keyfiyyətli işlərimiz olsun, illərini teatr səhnəsinə həsr edən mənim kimi aktyor və aktrisaları layiqincə dəyərləndirsinlər .Öz adıma deyirəm, böyük potensiala malik aktrisa kimi diqqətdən kənar qalıram və yaş ötdükcə başa düşürsən ki, əksər insanlar məni sevir. Lakin sevildiyimi bilərəkdən məni dəyərsizləşdirməyə çalışan insanlar var. Hər dövranın öz ağası var. Arzu edirəm ki dövranımızda vicdanlı ağalara rast gələk".

Aktyor Tərlan Nur Yaşar: "2023-cü il yaradıcılığım üçün çox dinamik il oldu. Bu il Space TV-yə Vado müəllimin təyinatı ilə başladı və mənə Space TV-nin anons qrupunda redaktor işi etibar edildi. Xüsusi günlər üçün çəkilən bir neçə uğurlu qısa videoların çəkilişini reallaşdırdıq. Daha sonra "Hozu Dayə" filminin ssenarisində Məcid Hüseynovun dəvəti ilə iştirak etdim. Daha sonra eyni filmdə rollardan birinə təklif aldım. Film artıq 70000 baxışa yaxınlaşır. Bu mənim ilk tragikomik obrazım idi. Filmin əvvəlində tamaşaçını obrazla güldürsəm də, sonunda hamını ağladıram.
Filmin Laçın kinoteatrında yayımlanması isə əvəzolunmaz qürur hissi verir. Sentyabr ayından 22 illik yaxınım Elməddin Cəfərofdan "Eltilər" serialına dəvət aldım. 3 ildən sonra TV seriallarına geri qayıtdım. İl boyu Nicat Rəhimov ilə bir çox uğurlu sosial reklamlar və "Mənim Atam" filmində çiyin-çiyinə çalışdım. İlin sonunda Valeh Əhmədovun "Xəyanətə Yox" filmində böyük sənətkarımız Həmidə Ömərova ilə bir yerdə rol almağımı uğurlarıma əlavə etmək istəyirəm. İlin ən xoş xəbəri qızım Aylinin Türkiyə Dəyanət Vəqfinin məktəbinə daxil olması idi. Amma bütün bunları uğur saya bilmərəm. Çünki bu ilin ən böyük uğuru Azərbaycan Prezidentinin və Müzəffər Ordumuzun bir günlük antiterror əməliyyatı ilə ölkənin suverenliyini bərpa etməyidir. Bu qələbə nəinki bu ilin, ümumiyyətlə, 3 əsrin ən böyük uğurudur. Hər birimizin uğurudur. Mən bu uğurumuzla fəxr edirəm. 2024-cü il üçün tək istəyim odur ki, fevralın 7-də növbədənkənar prezident seçkilərində İlham Əliyev qələbə qazansın. O olsa, hər şey əla olacaq".