“Son dövrlər sosial şəbəkələrdən, KİV-lərdən oxuduğumuz qədəri ilə qızılcanın yayılmasında artım müşahidə olunur. Qızılca səpkilərlə müşahidə olunan epidemik, yoluxucu bir xəstəlikdir və hava damcı yolu ilə yayılır. Qızılca virusu insandan insana yoluxulur. Heyvanlar bu xəstəliyin daşıyıcısı olmadığından onlardan bu xəstəliyin insanlara keçməsi istisna haldır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, qızılca xəstəliyini müalicə etmək üçün istifadə ediləcək müxtəlif üsullar var: “Bunlardan biri tibbi üsulla müalicədir. Müxtəlif dərmanlar istifadə edərək yayılmasının qarşısı alınır. Müasir tibbdən başqa qızılcanın sağalmasının təsir edən faydalı qidalar da var. Qızılca xəstəliyinin müalicəsində flavonoidlərlə zəngin meyvə və tərəvəzlər istehlak edərək sağalmanı sürətləndirə bilərik. Həmçinin A vitamini ilə zəngin qidaların qəbulu qızılca şikayətlərinin azalmasına kömək edə bilər. Yetəri qədər su qəbulu, meyvə suyu və bitki çayları da köməyə çata bilər.
Qızılca virusu ümumiyyətlə A vitamini çatışmazlığı, düzgün qidalanmama, qeyri-gigiyenik həyat şəraiti və bir çox səbəblərdən başverə bilir. Qızılca xəstəliyinin qarşısını tam ala biləcək dərman olmasa da, düzgün qidalanma və həkim tövsiyələri ilə istifadə edilən dərmanlar vasitəsilə xəstəlik tez xilas olmaq mümkündür.
Zeytun yarpağı qızılca xəstəliyinin müalicəsində istifadə oluna bilən təsirli bitki mənşəli məhsuldur, çünki antibakterial və antiviral xüsusiyyətlərə malikdir.
Lavanda yağı xəstəlik səbəbi ilə yuxu problemi olan insanlar üçün ideal bitki ekstraktıdır. Yorgan örtüyünün üzərinə bir neçə damcı damlatmaqla xəstə daha rahat yata bilər.
Bir və ya iki diş sarımsağı əzib, bal ilə qarışdıraraq da qəbul edə bilərik. 1-2 limon sıxıb gündə bir neçə dəfə içmək də qızılcanın sağalmasına kömək edə bilər. Qızılcaya faydalı qidalardan portağal suyu tövsiyə edilə bilər. Həm xəstəlik zamanı yaranan iştahsızlığın qarşısını alar, həm də C vitamini ehtiyacını qarşılayaraq sağalmanı sürətləndirə bilər. Bütün bunlarla yanaşı bütün bu tövsiyələrə müraciət etməzdən əvvəl həkiminizlə məsləhətləşməniz ən doğru seçimdir”.
Ayşən Vəli