Modelyer Şəlalə Maksudovanın SİA-ya müsahibəsini təqdim edirik:
- 2024-cü il üçün rəng seçimi necə olacaq?
- Fəsillərin özünə aid geyim tərzi var. Hər fəsil dizaynerlər öz rəngini, parçanı və biçimləri ortaya atırlar. 2024- cü il qış fəsilində əsas olan rəngləri vurğulamaq istəyirəm. Əsas 3 rəng ortalığa atılıb: göy, qırmızı, tünd yaşıl. Hansı ki, burada əsgər formalarındakı yaşıllardan bəhs olunur. Əlbəttə ki, ağ və qara daim seçilən, bütün fəsil və illərdə klassikanı qoruyub saxlayan rəngdir.
- Gələn il qış geyim tərzinə görə kişi və qadın geyimlərində nələrə üstünlük veriləcək?
- Təbii ki, qış geyimi dedikdə ilk növbədə üst geyimlər nəzərdə tutulur. Üst geyimlər gödəkçələr, paltolar, mantolar və s. ola bilər. Əlbəttə ki, biz keçənilki paltoların biçiminə fikir versək, boş ölçüdə, beli kəsik olmayan, “reglan” qollu paltolar daha çox gündəmdə idi. Amma bu il üçün o dəb geridə qaldı. Bu ilin dəbində beldə kəsiyi olan, düzgün formada biçilmiş böyük yaxalıq, ətək trapes və midi ətəkli paltolar ön planda olacaq. Təbii ki, bununla yanaşı gödək mexlərdən ibarət olan gödəkçələr, mexli paltolar gündəmdə olacaq“.
- Dünya ölkələri ilə Azərbaycanı müqayisə etdikdə geyim tərzlərində nə kimi oxşar və fərqliliklər mövcuddur ?
- Dünyaya modanı diktə edən ölkə İtaliyadır. Mən sentyabr ayında Milanda “Fashionweek”də oldum və ümumilikdə oranın insanlarının həyat tərzinə fikir verdim. O qədər rahat, boş geyimlərə üstünlük verirdilər ki, mən belə anladım ki, komfortun onlar üçün nə qədər əhəmiyyətli olması hər hallarından bəllidir. Moda həftələrində bütün Milan xalqı fərqli, tərzli geyinməyi seçir. Azərbaycanda isə cavanlar geyimləri ilə seçilmək, fərqli görünmək istəyirlər. Bəzən gənclər o dərəcədə gözqamaşdırıcı geyinirlər ki, amma bu geyimlərin içində komfort, bədənə rahat geyimlər tapmaq mümkün olmur. Hazırki dövrdə bəylər və xanımlar nələrin dəbdə, gündəmdə olacağını rahatlıqla internetdən, moda səhifələrindən izləyərək tapa bilirlər.
- Sizcə, uşaqlar üçün düzgün geyim stili necə olmalıdır? Valideynlər öz övladlarına geyim alarkən nələrə diqqət etməlidir?
- Mən çox istəyərdim ki, uşaqlar körpə olduqlarına görə, ilk növbədə geyimlərin materiallarına daha çox üstünlük verilsin. Materiallar yumuşaq olmalıdır - bədəndə qıcıq, elektriklənmə yaratmamalı, parçalarda sintetika olmamalıdır. Bunu həm körpə, həm də böyüklər üçün məsləhət görürəm. Çalışmalıyıq ki, sintetikadan və dar, bədənə oturan paltarlardan uzaq olsunlar.
Əlbəttə ki, son dövrlədə istehsal olunan parçaların tərkibində sintetika daha çox olur. Buna isə səbəb parçaların davamlı olması, qırışlanmamasıdır. Lakin kətan, ipək kimi parçalar qırışdığına və bədən üçün keyfiyyətli olduğuna görə daha çox seçilir. Mən əksər insanların təmiz parçaların qiymətinin baha olmasına görə, sintetik parçalara üstünlük verdiyinin şahidi oluram.
- Bəzi xanımlar hazır geyim almaq əvəzinə daha çox parça satın alaraq, öz geyim tərzinə uyğun dizayn etdirirlər. Bu proses belə olmalıdır yoxsa necə?
- Mağazalarda satılan geyimlər xüsusi leqal üzərində biçilmiş geyimlərdir. Tutaq ki, 36 bədən olan var ki, bunlarda standart leqal üzərində biçilib qoyulub. 36 bədən geyinən xanımlar var ki, o leqal üzərində biçilmiş 36 razmerdə olan geyim onun bədən fiqurasına uyğun gəlmir. Lakin fərdi tikilən geyimlərdə onun bütün fərdi ölçüləri birə-bir nəzərə alınır. Ona görə xanımlarımız gündəlik və ziyafət günlərində çox vaxt özləri üçün geyim tikdirməyə üstünlük verirlər. Məsələn, hansısa geyimi alıb bədəninə geyindikdə onun hansısa hissəsi bədənə yaxşı oturmaya bilər. Hər bir bədən ölçüsündə 36-ya uyğun olmayan bir hissəsi olur.
Sevilin Abbasova