Pop müğənnisi Lolita Milyavskaya aparıcı və bloger Anastasiya İvleyevanın "çılpaqlar gecəsi"ndə iştirak etdiyi üçün onun Tümendəki konsertinin ləğv olunması tələb olunub. SİA xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
“Xalqın çağırışı” ictimai hərəkatının fəalları Tümen vilayətinin qubernatoruna sənətçinin martın 25-nə planlaşdırılan çıxışının qadağan edilməsi tələbi ilə müraciət ediblər. Onların fikrincə, ifaçı etdiyi əməldən peşman olmayıb və ictimaiyyətdən üzr istəməsi inandırıcı görünmür. Bundan əlavə, Tümen Filarmoniyasının rəhbərliyinin hadisəyə heç bir reaksiya verməməsi ictimai xadimləri qəzəbləndirib. Belə ki, Milyavskaya konsertinin bilet satışı hələ də davam edir.
Qeyd edək ki, Lolita İvleyevanın "çılpaqlar gecəsi"ndə iştirak etdiyi üçün onun bir sıra çıxışlarının ləğv olunmasına qərar verilib. Çıxışları ləğv edildikdən sonra ağladığını etiraf edən sənətçi bildirib ki, konsertlərinin ləğv olunmasını təşkilatçılardan öyrənib.