Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, əgər bu gün Türkiyə sərhədlərində terrora son qoyulubsa, bunun ən mühüm səbəbi İraq və Suriyada həyata keçirilən əməliyyatlardır.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, paytaxt Ankarada Prezident İqamətgahının sərgi salonunda keçirilən Muxtarlar Toplantısında çıxış edən Ərdoğan terrorla mübarizəyə toxunaraq deyib: “Ərazi bütövlüyümüzü qorumaq, dövlətimizin unitar quruluşunu qorumaq, milli birliyimizi və həmrəyliyimizi saxlamaq, “Bir millət, bir bayraq, bir vətən, bir dövlət” prinsipinə hər bir şəraitdə riayət etmək bizim qırmızı xəttimizdir. Bunları pozmaq istəyənlərə qəti şəkildə imkan verməyəcəyik.
Sərhədi keçən terrorçular öz mağaralarında məhv edilir.
Əgər bu gün sərhədlərimiz daxilində terrora son qoyulubsa, bunun ən mühüm səbəbi İraq və Suriyada apardığımız əməliyyatlardır.
Ötən həftə 2 ayrı-ayrı qarşıdurmada 12 əsgərimiz şəhid oldu. Şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, qoymayacağıq da.
Dekabrın 22-dən bu yana həyata keçirilən əməliyyatlarda 59 terrorçu zərərsizləşdirilib.
Milli Kəşfiyyat Təşkilatımız Suriyanın şimalındakı terror infrastrukturuna və başçılarına qarşı son dərəcə uğurlu əməliyyatlar həyata keçirir. Bu çərçivədə terror təşkilatı üçün kritik əhəmiyyət daşıyan 70 obyekt vurulub.
Əməliyyatları son terrorçu da ölkə və millət üçün təhlükə olmayana qədər qətiyyətlə davam etdirəcəyik.
Yazda yeni baza bölgələrinin infrastrukturu tamamlanacaq və terrorçuları yenidən oraya ayaq basa bilməyəcək hala gətirəcəyik”.