"JN.1 ştammı "Omikron"un alt ştammlarından biridir. Bu variant əvvəlkilərdən fərqli olaraq yoluxma sürətinə və yoluxduruculuq qabiliyyətinə görə daha yüksək hesab olunur". Bunu SİA-ya açıqlamasında infeksionist Sadiqə Əliyeva deyib.
Onun sözlərinə görə, JN.1 ştammında əvvəlki ştammlardan fərqli olaraq xəstəliyi ağır keçirmə halları, xəstəxanada yatış saylarının və ölüm hallarının az olmasına rast gəlinir: "Əlamətlərinə görə böyük bir fərq nəzərə çarpmır. Digər koronavirus ştammlarında olan əlamətlər özünü göstərir. Burun tıxanıqlığı, burun axıntısı, öskürək, nəfəs darlığı və s. Yəni digər ştammlarda olan əlamətlər burada da görünür. Xüsusi müalicə üsulları da burada yoxdur".
S.Əliyeva bildirib ki, əvvəlki ştammlarda hansı müalicə üsullarından istifadə olunurdusa yenə də onlar davam etdirilir: "Qeyd etmək istəyirəm ki, virusun daimi olaraq mutasiyaya uğraması təbii bir haldır. Yəni virusun təkamülünün bir halıdır. Ona görə də bu mutasiyaların olması həmişə təbii olaraq qiymətləndirilməlidir. Qorunmaq üçün isə əvvəlcədən görünən tədbirlər gigiyenik qaydalara əməl olunması, məsafənin qorunması, maskadan istifadə olunması burada da keçərlidir".