Şagirdlərə ev tapşırığı necə verilməlidir? - MÜNASİBƏT BİLDİRDİ

27 Dekabr 2023 13:44 (UTC+04:00)

"Müəyyən limit var. Elə ev tapşırığı verilməlidir ki, təkrara xidmət etsin, şagird onu sərbəst işləyə bilsin". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

O, sözlərinə belə davam edib: "Amma bu gün ev tapşırıqları həddindən artıq çoxdur. Onsuz da, şagird onları özü sərbəst edə bilmir. Valideynin, başqalarının köməyi ilə edir. Ev tapşırığı verilən dərsin mənimsənilməsinin göstəricisidir. Tapşırıq çox olmalı deyil. Bu, uşaqlarda tükənmişlik sendromu, dərslikdən bezmə, özlərinə və ailələrinə zaman ayırmamaq kimi problemlərə gətirib çıxarır. Beləliklə, şagirdlər telefonla oynamağa başlayır, dərsə maraq azalır, dözə bilmirlər. Valideynlər də bunu cəza kimi istifadə edir. Şagird müraciət etdikdə dərs oxumağa göndərir. Ev tapşırığı, dərs oxumaq cəza yöntəmi kimi istifadə edilir. İstər ailə, istərsə də məktəbdə şagirdə təzyiqlər olur. Onların da psixoloji cəhətdən təhsilə meyli azalır".

Psixoloq sözlərinə belə davam edib: "Ümumiyyətlə, təhsildə problemlər çoxdur, təkcə ev tapşırığı ilə məhdudlaşdırmaq olmaz. Sovet dövrünün, Avropa, Amerika təhsili, bizim təhsilimiz - hamısını uzlaşdırmaq yerinə bir-birinə qarşı qoyurlar. Bu da bir məxrəcə gətirə bilmir. Nəticədə, dövlət, cəmiyyət, xalq əziyyət çəkir. Ona görə də, təhsil çökür. Sovet dövründən qalan müəllimlər, müasir müəllimlər, təhsilin özü ziddiyyət aparsa da, ayaqda qalmağa çalışırlar. Nə qədər qalacaqlar bilmirəm. Təhsil istər cəmiyyətin, istər dövlətin əsas onurğa sütunudur. Onda olan problemlər bütün sektorlara - həm tibbə, həm iqtisadiyyata, mədəniyyətə və s. təsir edir. Hər şey təhsildən başlayır. Təhsil bərbad olduqca, hamısı da bərbad olacaq. Bir dövləti məhv eləmək istəyirsənsə, onun təhsilindən başla deyirlər. Dövləti və cəmiyyəti təhsillə məhv edirlər, məhv də olunur. Uşaqların siqaretə, oyunlara meyilliliyi tükənmişlik sendromundan yaranır. Bu məni narahat edir".