“Ümummilli Liderin söz azadlığı və KiV-lərin inkişafı yolunda ilk və ən mühüm addımlarından biri məhz 1998-ci ildə mətbuatda senzuranın ləğv edilməsi oldu. Bu cəsarətli, hətta riskli addım idi. Çünki respublika siyasi sarsıntılardan sonra yenicə özünə gəlirdi, bir neçə dövlət çevrilişi cəhdini geridə qoymuşdu. Amma ölkədə demokratik islahatlara başlanılmışdı”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev deyib.
Onun sözlərinə görə, senzuranın ləğvi yerli jurnalistikanın formalaşmasının əsasını qoydu: “2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi medianın fəaliyyətinin liberallaşmasına kömək etdi, KİV-lərin təsis prosedurunu sadələşdirdi. Ulu Öndər KİV-in redaktorları ilə görüşlərin keçirilməsi praktikasını da tətbiq etdi”.