PREZİDENT İLHAM ƏLİYEVƏ ünvanlanan təbrik məktubları ölkəmizin və ölkə Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasının əyani şəkildə təsdiqidir
Danılmaz faktordur ki, dövlət o zaman güclü və qüdrətli, ən əsası, sözün əsl mənasında, müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Məhz bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Məhz bu gün Qalib ölkənin, qalib vətəndaşları olaraq başımız dikdir və qürur duyuruq ki, Qalib Sərkərdə Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Və bu gün Azərbaycanın qalib Lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır dünyada getdikcə nüfuzu artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir. Xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyev cənablarına ad günü münasibətilə ünvanlanan təbrik məktubları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir.
GÖNDƏRİLƏN TƏBRİK MƏKTUBLARININ HƏR BİRİNDƏ ÖLKƏ BAŞÇISININ DÜNYADAKI NÜFUZUNA DİQQƏT ÇƏKİLİR, AZƏRBAYCAN ETİBARLI TƏRƏFDAŞ KİMİ QİYMƏTLƏNDİRİLİR
Dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyev cənablarına ad günü münasibətilə ünvanlanan təbrik məktublarında ifadə edilən fikirlərdə Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olması, regionun lider dövləti olaraq bir sıra mühüm beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınması, səmərəli tərəfdaşlıq münasibətləri ilə beynəlxalq güclər sistemində özünə layiqli yer tutması diqqətə çatdırılır. Bütün bunlarla yanaşı, respublikamızın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi önə çəkilir, dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində uğurlu səyləri yüksək qiymətləndirilir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 20 il müddətdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil, yenilikçi siyasətinin nəticəsində "Dəmir Yumruq" siyasəti ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Və üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsi, eləcə də 2023-cü ilin sentyabrın 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Və beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Bütün bunları nəzərə alaraq tam əminliklə bir daha deyə bilərik ki, 2024-cü il 7 fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, böyük quruculuq və abadılıqla bərpa olunuan, cənnət məkana çevrilən öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.
AZƏRBAYCAN ÖZ SUVERENLİYİNİ BƏRPA ETDİ
"Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir".Prezident İlham Əliyev xalqa müraciətində antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edərək deyib: "Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".
Bəli, haqq savaşımız Zəfər Qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlətin Qalib Sərkərdəsinin qalib xalq birliyi ilə...Və bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük və qəhrəman xalq olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və Müzəffər Sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
AZƏRBAYCANIN SƏDRLİYİ DÖVRÜNDƏ QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ ALƏMDƏ NÜFUZU DAHA DA YÜKSƏLİB
Dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatına Azərbaycan 2019-cu ildən etibarən üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu. Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada "COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"nə dair qətnamələr qəbul edildi. Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Təbii ki, bu ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Çünki vaxtilə maliyyə yardımı alan Azərbaycan artıq özü fəal donor ölkəyə çevrilib.
Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur. Və növbəti böyük tədbirin….
COP 29-UN AZƏRBAYCANDA KEÇİRİLMƏSİ ÖLKƏMİZİN BEYNƏLXALQ NÜFUZUNUN GÖSTƏRİCİSİDİR
Bu gün Azərbaycan müxtəlif istiqamətlər üzrə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndiriləsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq aləmin hər bir üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Əlbəttə ki, bu səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib.
Doğrudur, erməni diasporu və bəzi siyasi qüvvələr revanşist hərəkətlərini davam etməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, "Fransada və bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar" Belə ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Fransadakı erməni havadarlarını ciddi təşvişə salıb. Onlar COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə mətn imzalayıblar. Maraqlıdır ki, Ermənistanın özü Azərbaycanın xeyrinə COP29 sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb. Yəni, Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar aparmağın adekvatlığını və məlumatlılığını nümayiş etdirdiyi halda, Fransa erməniləri açıq şəkildə bu prosesi pozmağa çalışırlar. Bu və ya digər şəkildə Azərbaycanın düşmənləri növbəti uğursuzluqları ilə barışmalı olacaqlar. Çünki Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəsi var. COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədəki çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, "Hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilib. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq".
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Vətən müharibəsi günlərində döyüşən orduya tapşırıqlarını birbaşa özü verib. Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub. Bu Qələbə regionda yeni reallıqların yaranmasına səbəb olub. Beləliklə bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycan Liderinin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevririb.
Beləliklə də, bu gün Prezident İlham Əliyev cənablarına ünvalanan təbrik məktubları da dövlət başçımızın son 20 ildə uğurla, qətiyyətlə Azərbaycanın haqq, ədalət təfdarı olduğunun göstəricisi olmaqla, həmçinin məktublarda ölkəmizin dünya arenasında yüksək nüfuz qazanması, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynaması, regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı nəzərəçarpan uğurlar əldə etməsi öz ifadəsini tapıb. Bütün bu dəyərləndirilmələr isə təbii ki, Prezident İlham Əliyevin beynəlxalq uğurlu siyasətinə, səmərəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
RƏFİQƏ KAMALQIZI