Görəsən məsləhət, tövsiyə nə vaxtdan Azərbaycan cəmiyyətində zorakılıq hesab olunub? Bunu bilən varmı? Əgər yoxsa, nə üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində bu fikirdədirlər? Komitənin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna təklif edilən dəyişikliklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edərsə, bunun məişət zorakılığı hesab olunacağını qeyd edir.
Biz ailələrimizi bu cürmü qoruyacağıq? Yoxsa bu addımla boşanmalara görə od tutub yanan statistik göstəriciləri söndürəcəyik? Bu, boşanmaların qarşısını almaq üçün çıxış yoludurmu, yoxsa ailə dəyərlərinə çalınan son balta?
Azərbaycan cəmiyyətində kim şahidi olmayıb ki, minlərlə gənc ailənin təməlinin möhkəmlənməsində, dayanıqlığının artmasında qayınana-qayınataların böyük rolu olub. Vaxt olub ki, gənc-cılğın olmuşuq, ağıllı düşünə bilməmişik, ailəmizin taleyi, necə deyərlər, bir tükdən asılı qalıb. Belə vaxtlarda böyüklərimizin öyüd-nəsihəti ilə hərəkət etmişik. Sonda isə heç də peşman olmamışıq. Şükür etmişik ki, nə yaxşı onlar varmış, bizə o dəyərli məsləhətləri veriblər, biz də ailəmizi dağıtmamışıq.
Biz nədənsə məişət zorakılığı ilə müdaxilə etməyin lüğəti mənasını qarışıq salırıq. Ağsaqqal, ağbirçək öyüdü, məsləhəti, tərəfləri sülhə çağırmaq, görəsən nə üçün məişət zorakılığı sayılır? Belə çıxır ki, ailəmizdə bir problem baş verərsə, qayınatamız, qayınanamız "ay bala, gəlin bir oturun, görək dərdiniz nədir?" deyərsə, biz dərhal onları məhkəməyə verəcəyik? Həyat yoldaşımızın ata-anasını, övladımızın nənə-babasını, məhkəməyə verəndən sonra hansı ailə dəyərlərinin əlimizdə qalmasından söhbət gedə bilər? Yaxşı, verdik məhkəməyə, sonra da ailə münasibətlərimiz bərpa olundu. Bu zaman hansı üzlə o insanların üzünə baxa biləcəyik. Və yaxud da belə ailələrdə böyüyən uşaqların tərbiyəsində bu hansı rola malik olacaqdır.
Normal, ağlı başında olan ata-ana heç vaxt övladının ailəsinin dağılmasına qəti şəkildə razı ola bilməz. Əgər hər hansı bir ana-qayınana övladının ailəsinin dağılması üçün müdaxilə edirsə, deməli, ən birinci onun psixoloji vəziyyətində problem var. Bu da olar yüz ailədən 2-3-də. Və yaxud da gəlini oğluna qısqanan analar olur ki, bu da təbii ki, sağlamlıq problemlərindən, düşüncə yoxsulluğundan irəli gəlir. Bunu da yəqin ailə üzvləri hiss edir, bilir və buna görə də hərəkət edirlər.
Bu gün televiziya kanallarında da gəlin-qayınana münasibətləri tez-tez müzakirə edilir. Qızlarımıza qayınana ilə bilikdə yaşamamaq tövsiyə olunur. Bütün bunlar gənclərimizin beynində qorxunc qayınana obrazını yaradır. Və özümüz ya bilə-bilə, ya da bilməyərək cəmiyyətimizə ağır zərbə endirmiş oluruq. Heç bir təcrübəsi olmayan qızları ailə qurmağa qorxuduruq. Onların gələcək gücünü əlindən alırıq. Hansı ki, həmin verilişlərdə söhbətimizi elə istiqamətdə qura bilərik ki, bu söhbətlər qızlarımız üçün ailə dəyərlərinin nə qədər qiymətli olduğunu aşılayar və çox təbii ki, bütün bunlar da yeni qurulan ailələrə dəstək olar.
Biz nə edirik? Qayınananı əjdaha simasında təqdim edirik. Böyüklərin müdaxiləsini zorakılıq adlandırıb gənclərin əlinə əsas veririk ki, dağıt ailə dəyərlərini. Ağı qaradan götür, ən yaxın qohumlarını məhkəməyə ver, biabırçılıq yarat. Hələ təsdiq olunmamış bu qanun layihəsini toy-bayram edənlər də var. Sanki bəzi gəlinlər bununla qayınana üzərində bir qələbə çalmış kimi hiss edirlər özlərini. Sosial şəbəkələrdə bu, müzakirə obyekti olub.
Biz isə bundan çox utanırıq, utanırıq ona görə ki, bizim ailələrin böyükləri bu gün müzakirə mövzusuna çevrilib. Onların öyüd-nəsihət, məsləhət vermək hüquqları əlindən alınır.
Və çox ümidvarıq ki, bu layihə cəmiyyət tərəfindən əsla bəyənilməz və qəbul olunmaz. Çünki Qanuna təklif olunan layihə- "qayınana, qayınata kənardan ailəyə müdaxilə edərsə, bu, məişət zorakılığı hesab olunacaq" müddəası qəbahətdir, tamamilə yanlış qurulmuş cümlədir.
Ailələrin dağılmasının, boşanmaların sayının artmasının qarşısını almaq üçün adıçəkilən komitə daha sanballı bir yol axtarıb tapmalıdır. Oğulu ata-anası, qızı qayınana-qayınatası ilə üz-üzə qoymaq çıxış yolu deyil.
Mətanət Məmmədova