Əli Kərimli ucuz və hiyləgər çağırışının bədəlini ödəyəcək KÖŞƏ

25 Dekabr 2023 13:27 (UTC+04:00)

İnsanda ağıl, sağlam düşüncə, təmiz vicdan yaxşı şeydir. Olmadısa, vay o insanın halına. Səbəbsiz yerə deyilmir ki, milyardlarla puldan, var-dövlətdənsə həyat yolunda yoldaşın ola biləcək ağılın olsa, daha yaxşıdır. Dahi şairimiz Nizami Gəncəvi deyirdi: "İnsana arxadır onun kamalı, ağıldır hər kəsin dövləti, varı". Təəssüf ki, bugünkü müasir dünyada ağılına güvənənlərin sayı bir o qədər çox deyil. Yəni, hər cür çirkin vasitə və üsullardan istifadə etməklə var-dövlət əldə etməyə daha çox cəhdlər göstərilir. Hətta siyasi həyatda vurnuxanlar belə özlərinin bilik və bacarıqlarına deyil, kimlərinsə dəstəyinə arxalanırlar. Misal olaraq, bu gün Azərbaycanın dağıdıcı müxalifətinin pul qazanmaq üçün hər fürsətdə xarici maraqlı dairələrlə əməkdaşlıq etmələrini göstərmək olar. Hansı ki, həmin məkrli xarici dairələr Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək imicini ləkələməyə, qazandığı uğurlara kölgə salmağa çalışırlar. Dağıdıcı müxalifət həmin xarici qüvvələrin Azərbaycan dövlətinə olan qərəzli münasibətini bildikləri halda onlarla əməkdaşlıq edirlər. Nədən ki, onlardan maddi və mənəvi dəstək alırlar. Təbii ki, bu yerdə ağıla böyük zərurət var. Ağıllı insan dövlətinə, xalqına qarşı düşmən münasibət sərgiləyən qüvvələrlə əməkdaşlıq etməz. Görünür, dağıdıcı müxalifət üçün ağıldan öncə puldur. Dəfələrlə sübuta yetirilib ki, Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli və digərləri müxtəlif xarici fondlardan maddi dəstək alıblar. Təbii ki, alınan pullara görədir ki, T.Yaqublu, C.Həsənli eynən Koçaryan, Sarkisyan kimi danışırlar. Fikir verin, ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan məkrli xarici qüvvələrin, erməni lobbisinin sabun köpüyündən başqa bir şeyə yaramayan hay-küyü ilə üzləşib. Bu məqamda Ə.Kərimli, T.Yaqublu, C.Həsənli, F.Qəhrəmanlı və digərləri də eyni ilə erməni revanşistlərisayağı uydurmalar səsləndirirlər. Əli Kərimli yediyi çörəyə, içdiyi suya, bəhrələndiyi imkanlara əhəmiyyət vermədən Azərbaycana qarşı sanksiyaların tətbiq olunması üçün beynəlxalq təşkilatlara çağırışlar edir. Hətta həyasızcasına Koçaryan-Sarkisyan cütlüyünün torpaqlarımızı işğal etmələrinə haqq qazandırır. Deyir ki, "Koçaryan-Sarkisyan cütlüyünün Azərbaycan torpaqlarını işğal etməsi bizim Vətən müharibəsində qazandığımızdan daha böyük Qələbə idi".

Ə.Kərimli belə bəd əmələri ilə kifayətlənməyib 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini boykot etmək çağırışları ilə çıxışlar edir. Təbii ki, boykot mənasız və əsassız iddiadır. Bu acizliyin və məğlubiyyətin etirafıdır. Çünki özünə inamı olan, sosial bazasına arxalanan siyasətçi seçkilər kimi önəmli tədbirdən kənarda qalmaz. Nəzərə alınmalıdır ki, boykot siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Söz yox ki, anormal qərarın qəbul edilməsində xarici qüvvələrin təsiri və dəstəyi mövcuddur. Ona görə ki, seçkilərin keçirilməsi barədə qərarın verilməsindən dərhal sonra Avropadakı makronçular hərəkətə keçərək Azərbaycana qarşı qarayaxma kampaniyasını genişləndirdilər. Düzdür, onların ölkəmizdə meydan sulamaları hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alında. Yəni, fransız cəsus şəbəkəsinin ifşa olunması ilə planlaşdırılan təxribatların qarşısı alındı. Təəssüf ki, yenə də Əli Kərimli və trol dəstəsi məsuliyyətdən kənarda qaldılar. Halbuki, Ə.Kərimli, C.Həsənli və digərləri ABŞ-ın və Fransanın qaranlıq dairələri ilə birgə fəaliyyət göstərirlər. Daha doğrusu, AXCP, Milli Şura funksionerləri atdıqları addımları, verdikləri qərarları ABŞ-ın və Avropanın müəyyən dairələrinin tapşırıqları əsasında atırlar. Qarşılığında isə Ə.Kərimli maliyyə yardımları əldə edir. Bəzən maliyyə vəsaiti almalarını da gizlətmirlər. Misal olaraq Milli Şuranın sədri Cəmil Həsənlinin utanıb, çəkinmədən "Mən hər ay SOROS Fondundan 200 ABŞ dolları maaş almışam", - deyə bildirməsini göstərmək olar. Eyni zamanda, dəfələrlə AXCP sədr müavinlərinin Gürcüstan vasitəsi ilə Ə.Kərimliyə böyük məbləğdə pul gətirdikləri zaman kömrükdə saxlanmaları halları olub.

Bəli, faktlar və sübutlar göz qabağındadır. Aylar, illəri əvəzləsə də, məkrli, ziyankar əməllər unudulmur və yaddan çıxmır. Ə.Kərimlinin də dövlətə və xalqa qarşı etdiyi riyakarlıqlar, pisliklər heç zaman səhifələrdən silinməyəcək. Nəhayət, bir gün etdiklərinə görə, cavab verməli olacaq.

İLHAM ƏLİYEV