"Azərbaycan daxilində əsasən istirahət edənlər orta yaşda olanlardır. Onlar əsasən dost və qohum evində qalmağa üstünlük verirlər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.
Onun sözlərinə görə, turistlərin 6 faizi otellərdə qalır: “Turistlərin qalma müddəti 22 faiz 1 gün, 33 faiz 1-3 gün, 30 faiz 4-7 gecə, 9 faiz 1-2 həftə, 6 faiz 2 həftədən yuxarıdır. Yerləşmə növünə görə gecələmələr də fərqli istiqamətlər üzrə bölünür. 6 faiz otellər, 10 faiz kirayə evlər, 57 faiz dost və ya qohum evi, 27 faiz şəxsi evlərin payına düşür”.
Ekspert bildirib ki, 2022-ci ildə ölkə daxilində turizmə xərcləmə 3 milyard manat olub: "2021-ci ildə isə bu rəqəm 2.3 milyard idi. Göründüyü kimi 2022-ci ildə turistin daxili turizm üçün çəkdiyi xərc əvvəlki ildən daha çox olub".
R.Qarayev qeyd edib ki, əsas xərc hədiyyələrə olub: “Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, 810 milyon (27 faiz) manat hədiyyə, 780 milyon (26 faiz) manat qidalanma, 570 milyon (19 faiz) gecələmə, 420 milyon (14 faiz) nəqliyyat, 420 milyon (14 faiz) digər xərclər olub. Yəni ən çox xərci hədiyyə almağa edirlər”.
“Rəsmi statistik rəqəmlərə nəzər yetirsək, turistlərin sayı artır, amma bu artım qarşılığında bir çox yerlərdə turizm imkanları olsa da, sahibkarlar həmin yerlərə yatırım etmirlər. Məsələn, Sabirabadda Kür və Araz çaylarının qovuşduğu yer var. Turizm üçün əlverişli yerdir. Bura turlar da təşkil etmək olar. Bundan əlavə ətrafda uşaq və böyüklər üçün əyləncə mərkəzi salmaq olar, amma nədənsə addım atan yoxdur – deyə o qeyd edib.
Ləman Sərraf