“Keçirilən layihələr rəqabət mühiti formalaşdırır” - AYDINLIQ GƏTİRİLDİ

22 Dekabr 2023 11:19 (UTC+04:00)

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi son illər ərzində təhsilin inkişafına dəstək olan, müəllimlərin peşəkarlıq səviyyəsini artıran və motivasiyasına müsbət təsir göstərəcək layihələr həyata keçirir. Bu layihələr tam obyektiv, şəffaf, əlçatan şəkildə təşkil olunur. Burada layihələrdə iştirak edən müəllimlər öz fənləri üzrə peşəkar bacarıqlarını nümayiş etdirirlər, həmçinin yeni bilik və bacarıqlara yiyələnirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekpsert bildirib ki, müsabiqəyə təqdim edilən işləri təhlil etdikdə görürük ki, Azərbaycan təhsili son illər rəqəmsal bacarıqları və vərdişlərini çox yaxşı yiyələnib: “Hesab edirəm ki, “Yaradıcı müəllim” müsabiqəsi də müəllimlərin peşəkar səviyyəsinin yüksəldilməsinə, bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə müsbət təsir göstərir. Həmçinin bu rəqabət mühitini formalaşdırır. Çünki bu müsabiqələr hər il keçirilir və müəllimlər öz bilik və bacarıqlarını nümayiş etdirərək, rəqabət mühiti yaradırlar.

Diqqəti çəkən odur ki, “Yaradıcı müəllim” müsabiqəsində müxtəlif yaş kateqoriyasından olan müəllimlər iştirak ediblər. İstənilən halda bu cür layihələr müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Azərbaycan təhsilində nəticələri təhlil etdikdə görürük ki, müsabiqələrdə mütəmadi olaraq iştirak edən, öz bilik və bacarıqlarını nümayiş etdirən müəllimlərin məktəblərinin qəbul və buraxılış imtahanlarındakı nəticələri daha yaxşı olub. Yəni, o müəllimlər yaradıcıdır, uşaqların psixi və fiziki inkişafında maraqlı olurlar”.