"Azərbaycan dövlətinin mədəniyyət sahəsində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir" - ŞƏRH EDİLDİ

20 Dekabr 2023 16:45 (UTC+04:00)

"Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ən çox diqqət ayrılan sahələrdən biri mədəniyyət sahəsidir. Çünki bu sahədə mədəniyyət xadimlərinin mükafatlandırılması, önə çıxarılması, yeni əsərlərin yazılması üçün stimullaşdırılması, onlara təqaüdlərin verilməsi, evlə təmin olunmaları, beynəlxalq səviyyədə mədəniyyət tədbirlərinin Azərbaycanda keçirilməsi, xaricdə keçirilən tədbirlərə iştirak etmələrinin təmin edilməsi kimi böyük addımlar atılıb. Burada isə Heydər Əliyev Fondunun Prezidenti, vitse-prezident Mehriban Əliyevanın da rolu böyük olub. Mehriban xanım Əliyeva xüsusilə də muğam sənətinin inkişafı istiqamətində unikal addımlar atıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, "Eurovision" musiqi yarışmasının Azərbaycanda keçirilməsi ölkəmizin tanıdılması baxımından böyük əhəmiyyət daşıyırdı: "Ümumiyyətlə beynəlxalq festivalların ölkəmizdə keçirilməsi baxımından infrastrukturun yenilənməsi və bərpası istiqamətində də ciddi işlər görülüb. Bütün bu işlər məhz ölkə başçısı İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Buna görə də mədəniyyət sahəsində indiyə kimi görülən işlər mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də mədəniyyət abidələrinin bərpa edilməsi də Azərbaycan dövlətinin mədəniyyət sahəsində gördüyü işlərin xüsusi bir qolu kimi diqqəti cəlb edir".