“İnformasiya mühitində gedən proseslər artıq Azərbaycanda da media savadlılığı ilə bağlı tədbirlərin artırılmasını zəruri edib”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Medianın İnkişafı Agentliyinin nizamnaməsində media savadlılığı üzrə tədbirlərin ölkəmizdə keçirilməsi məhz bizim agentliyə həvalə edilib: “Prezidentin həmin fərmanına uyğun olaraq müvafiq dövlət proqramları təsdiq edilərək fəaliyyətə başlayıb. Bugünkü tədbir də media savadlılığı ilə bağlı silsilə tədbirlərdən biridir. Həmin tədbir çərçivəsində Respublikamızda ilk dəfə media savadlılığı istiqamətində rəqəmsal platformanın təqdimatı həyata keçirilib. Dezinformasiya, saxta xəbərlərlə mübarizə üsulu kimi bu platformanın imkanları genişləndiriləcək. Bununla bağlı cəmiyyətə ətraflı məlumat veriləcək”.