Dünən axşam İstanbulda “GQ Men of the Year 2023” mükafatlandırma mərasimi keçirilib. SİA jurnala istinadən xəbər verir ki, məşhurların iştirak etdiyi gecəyə həyat yoldaşı Fahriye Evcen ilə qatılan Burak Özçivit "Yubileyin Xüsusi İkonu" mükafatına layiq görülüb. Kino ulduzu mükafatı aldıqdan sonra həm aktrisaya təşəkkür edib, həm də Qəzzada baş verən hadisələrdən söz açıb.
Burak Özçivit təşəkkür nitqində bunları söyləyib: "Hər kəsə, xüsusilə də həyat yoldaşıma təşəkkür edirəm. Bu mənim üçün çox özəl mükafatdır. Mükafatların fərdi olaraq təqdim olunmasını anlaya bilirik, amma mən heç bir zaman mükafatı fərdi olaraq almağı sevmirəm. Bu mükafatı çəkiliş heyətim adına almaq istəyirəm. Təxminən 6 ildir "Kuruluş" ailəsi ilə birlikdəyəm. Onlar adına sizə təşəkkür edirəm. Biz seriallarda oynayırıq, sadəcə Türkiyədə deyil, dünyanın bir çox yerində yayınlanır, müdhiş bir diqqətlə izlənilir. Odur ki, dünya miqyasında da diqqət çəkən bəzi fikirlər səsləndirmək istərdim. Məsələn, iki övlad sahibi olaraq uşaqların öldürüldüyü belə bir dünyanı heç bir şəkildə qəbul etmirəm. Uşaqların öldürülmədiyi bir dünyada görüşmək üzərə".
Mərasimə damğasını vuran Özçivitin nitqi alqışlarla qarşılanarkən, Fahriye Evcen ərini göz yaşları içində izləyib.