“MİDA-nın 16 dekabrda keçirdiyi satış zamanı mənzillər yenə də saniyələr içərisində satılıb. Tələb doğurdan da yüksəkdir”. Bunu SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə MİDA-nın həyata keçirdiyi satışlarda on minlərlə insan bir neçə yüz mənzil uğrunda mübarizə aparır: “Təbii ki, yüksək internet resurslarına malik olan şəxslər daha qabağa düşə bilirlər. Bu dəfəki satış zamanı hansısa neqativ haldan söhbət gedə bilməz. Ötən dəfələrdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi halların qarşısı alındı və bu halları törədənlər cəzalandırıldı. Amma bu dəfəki satış sırf vətəndaşların ev uğrunda mübarizəsi idi. Bir neçə saniyə ərzində başa çatması o deməkdir ki, ev almağa hazırlaşan vətəndaşlar çalışırdılar ki, qısa bir müddətdə əldə edə bilsinlər. Hətta deyərdim ki, bəziləri mənzilləri tez bir müddətdə əldə etmək üçün əvvəlcədən hazırlaşmışdı. Əvvəlki təcrübələri olanlar yüksək internet resursu olan kompüter vasitəsilə mənzilləri əldə etmək üçün hazırlıq görmüşdü”.
Ekspert mənzil satışlarında xüsusi proqramların istifadə edildiyinə inanmadığını bildirib: “Çünki qeyd etdiyim kimi əvvəllər mövcud olan bu kimi halların qarşısı DTX tərəfindən alınıb. Sadəcə saytın özünün də birdən-birə ləngiməsi onunla bağlıdır ki, dəfələrlə yüklənmə olur. Təsəvvür edin bəlkə də yüz minlərlə insan müraciət edir”.
R.Qasımzadə qeyd edib ki, bu satışın həyata keçirilməsi hələ o demək deyil ki, vətəndaşlar mənzili alıb: “Ola bilər ki, vətəndaşlar mənzili geri qaytarsın. Məsələn bəzən mərtəbəsi, bəzən ev özü vətəndaşın müəyyən qədər xoşuna gəlmir və onu qaytarmalı olurlar. Təbii ki, bu bazar dəyərindən xeyli ucuzdur deyə vətəndaşlar bunu əldə etməyə çalışırlar”.
Ekspert sonda deyib ki, müəyyən informasiyalar var ki, insanlar bu mənzilləri alıb sonra da satırlar: “MİDA buna məhdudiyət qoyub, üç il ərzində bu evlər satıla bilməz. Amma bəzi şəxslər müəyyən etibarnamə əsasında da satışa çıxarır, ucuz alıb baha satmağa çalışırlar. Hesab edirəm ki, bu kimi halların da qarşısı alınmalıdır. Çoxu etibarnamə ilə bunu edir, üç ildən sonra satışını icra edirlər”.